Əsas Səhifə > Şou-biznes > "Pul istəyəndə bizi yox, yoldan keçəni çağırırlar"
"Pul istəyəndə bizi yox, yoldan keçəni çağırırlar"3-02-2021, 08:55 |
"14 ildir ki, peşəkar dublyajla məşğulam. 14 il bundan əvvəl maddi baxımdan bizə necə qiymət verirdilərsə, indi də elədir. Bu illər ərzində hər şey dəyişdi, hər şeyin qiyməti qalxdı, təkcə bizim qonorarımızdan başqa. İndiyə qədər nə Mədəniyyət Nazirliyindən, nə digər aidiyyatı qurumlardan, səlahiyyətli insanlardan heç bir diqqət, qayğı görməmişik. Mən nəinki özümdən, ümumi dublyaj sahəsində çalışan fədakar və peşəkar insanlardan danışıram. Bu sahə sanki yaddan çıxıb” Bunu Moderator.Az-a aktyor, uzun illərdir dublyaj sahəsində çalışan Vüsal Xalıqoğlu bildirib. Aktyor bu sahəyə olan etinasız münasibətdən şikayətlənib və dublyaj sahəsində çalışan sənətçilərin fəxri ad və mükafatlardan geri qaldığını deyib. “Dublyajçılar üçün cəmi bir dəfə 2019-cu ildə tədbir keçirib, balaca bir mükafat verdilər. Nə bizim problemlərimizlə maraqlanıblar, nə də ki, bir başqa şey soruşublar. Adımızı nə fəxri adlar siyahısına salıblar, nə də ki, bir pul mükafatı veriblər. Biz bunlara layiq görülməmişik. Tələb edəndə də deyiblər ki, siz teatrda işləmirsiz, təqdimat olmalıdır, bizə hansı qurum təqdimat versin? Biz axı heç bir quruma tabe deyilik! Bizim heç bir yerdə daimi işimiz və adımız yoxdur! Belə çıxır ki, biz sənətçi sayılmırıq? Bizim xidmətlərimiz yoxdur?! Hansı televiziyada dublyajda iş olursa gedirik, olmayanda isə evdə otururuq. Mənim kimi bu sahədə çox adam var ki, diqqətdən kənarda qalıblar, çox istərdim ki, onlarla maraqlansınlar. Bir qurum qabağa çıxıb, bizi fəxri adlara, mükafatlara təqdim etsin. Ümidimiz yeni təyin olunan Mədəniyyət Naziri Anar Kərimovadır. İnanırıq ki, o bizim bu problemimizi həll edəcək” deyə aktyor bildirib. Vüsal Xalıqoğlu televiziyalarda dublyajın səviyyəsindən də danışıb. “Televiziyalarda film və serialların dublyajına çox səthi yanaşırlar. 4-5 nəfərlə dublyaj edirik filmi, daha sonra bu azmış kimi keyfiyyət tələb edirlər. Pul istəyəndə bizi yox, yoldan keçəni çağırırlar. O da gəlib o filmi çox pis günə qoyub gedir. Bu sahə ilə peşəkarlar məşğul olmalıdır. Mən Leyla Əliyevanın baş prodüsseri olduğu “Əli və Nino” filmində Əli obrazını səsləndirmişəm. Bir neçə səs içərisindən mənim səsim bəyənilib və dəvət olunmuşam. Bundan başqa “Muxtarnamə” və “Həzrəti Yusif” kimi işlərdə, kinostudiyada bir çox səsləndirmələr etmişəm. 4 il dublyaj rejissoru və prodüsser kimi də çalışmışam. 8 il bundan əvvəl Rusiyada çalışmaq və təcrübə toplamaq üçün dəvət olunsam da getmədim, doğma vətənimi seçdim” deyə aktyor bildirib. Geri qayıt |