Əsas Səhifə > Şou-biznes > "Əslində biz kütləvi vaksinasiyaya getmişik"

"Əslində biz kütləvi vaksinasiyaya getmişik"


6-02-2021, 11:43
"Əslində biz kütləvi vaksinasiyaya getmişik"
Srağagün müğənni Röya Ayxan növbədənkənar qaydada özünə koronavirusa qarşı vaksin vurdurub. Bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat paylaşıb:

“Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.

Sənətçinin bu addımı cəmiyyətdə suallar yaradıb. Məgər növbədənkənar vaksin vurdurmaq mümkündürmü? Kimlər bu hüquqa malikdir? Bu halda ödəniş edilirmi? Ümumiyyətlə, rəsmi olaraq növbədənkənar vaksin vurdurmağa icazə varmı?

Onu da əlavə edək ki, artıq bir neçə məşhur növbədənkənar vaksin olunduğu haqda açıqlamalar verir.

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq TƏBİB-ə sorğu göndərsək də, cavab olaraq bildirildi ki, “Vaksinasiya strategiyası Səhiyyə Nazirliyi tərəfindən hazırlandığı üçün bu məsələyə nazirlik açıqlama verməlidir”.

Səhiyyə Nazirliyi isə Oxu.az saytına açıqlama verərək bildirib ki, bu məsələdə məsuliyyət klinikaların öz üzərinə düşür: “Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür. Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa, bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.

Mütəxəssislər qeyd edirlər ki, vəziyyət bu cür davam edərsə, Türkiyədə olduğu kimi Azərbaycanda da vaksinlərin “qara bazar”da satışı müşahidə olunacaq.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əslində biz kütləvi vaksinasiyaya getmişik. Bu halda bir sistem olmalıdır, yəni kimin harada vaksinasiya olunmasından asılı olmayaraq, mərkəzi sistemə düşür və bir nəfərin iki dəfə vaksinasiyası mümkün olmur. İkinci bir tərəfdən, Azərbaycan Həkimləri İctimai Birliyi olaraq belə bir tövsiyə etmişik ki, vaksinasiya təkcə yaşayış yeri üzrə deyil, həm də faktiki ünvan üzrə aparılsın. Məsələn, kimsə rayonda qeydiyyatdadır, amma Bakıda yaşayır. Bunun heç bir fərqi yoxdur, əsas odur ki, şəxsin adı reyestrə düşsün. Bu baxımdan mən şəxsən müğənni Röya Ayxanın növbədənkənar vaksinasiya olunmasında bir problem görmürəm. Sadəcə, qaydalara əsasən ilk olaraq tibb işçiləri, risk qrupuna aid olunanlar, daha sonra isə əhali vaksinasiya olunmalıdır. Mümkün qədər bu yolu qısaltmalıyıq, təki vaksinasiya davam etsin, insanlar illuziyalara qapılmasın, söz-söhbətlərə, şayiələrə inanmasın, antivaksin təbliğatı baş alıb, getməsin”.

Adil Qeybulla vaksinlərin “qara bazar”a çıxarıla biləcəyi ehtimallardan da söz açıb: “Vaksinlərin satılması, ”qara bazar"a çıxarılması qətiyyən yolverilməz haldır. Əgər bütün əhali vaksinasiya olunacaqsa, niyə vaksinlər “qara bazar”da satılmalıdır? Eyni zamanda vaksinlər xüsusi şəraitdə saxlanılmalıdır, onlar necə əldən-ələ gəzə bilər? Hesab edirəm ki, əgər bu cür hallar mövcuddursa, bununla bağlı qətiyyəli addımlar atılmalıdır".
“Yeni Müsavat”

Geri qayıt