Əsas Səhifə > Şou-biznes > "Bizim üçün əsas məsələ vəsait yox, islahatdır"

"Bizim üçün əsas məsələ vəsait yox, islahatdır"


8-02-2021, 08:11
"Bizim üçün əsas məsələ vəsait yox, islahatdır"
“Dövlət film çəkmək üçün pul ayırır. Amma bu pul kinostudiyaya çatmamış vergilər 18 faizini kəsib götürür. Hələ nə film çəkilib, nə ortada bir şey var, film ortada olmaya-olmaya pul tuturlar. Xahiş edirəm, imkan verin, camaat filmini çəksin, aktyorlar yazıqdır. Vergi məsələsinə Nazirlər Kabineti baxır, baxsın. Amma burada deyilən məsələləri nəzərə alsınlar”.

Bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.

A.Abbas problemi daha geniş şəkildə “Press Klub” a şərh edərkən bildirdi ki, prezident hər il 4 film çəkilişi üçün pul ayırır:

“Təxminən 6 milyon manat vəsait ayrılır və filmin hərəsinə 1 milyon 500 manat düşür. Bu vəsaitə normal bir film çəkmək olar. Məsələ ondan ibarətdir ki, həmin vəsait kinostudiyanın hesabına oturan kimi, 18 faiz vergi tutulur. Film hələ çəkilməyib, satılmayıb. Vergini gəlirdən tutarlar. Mən bir məhsulu sataram və nəticədə qazancımdan 18 faiz vergimi verərəm. Film çəkilməmiş, istehsal olunmamış 3 milyonun tutulması filmin belini qırır. Prodüserin, rejissorun, hamının belini qırır”.

A.Abbasın sözlərinə görə, həmin məsələni qaldıranda kitablara qoyulan vergi barədə də danışıb:

“Həmin tutulmaları Əflatun Amaşovla bir zamanlar hesablamışdıq. O qədər də böyük məbləğ etmirdi. O vaxtlar da bu məsələni qaldırmışdıq. Əvvəllər də bu məsələ Milli Məclisdə çox qaldırılıb. Məsələn, artıq qəzetlərdən vergi tutulmur. Onunla bağlı məsələ də Milli Məclisdə qaldırıldı, dəfələrlə müzakirə edildi və nəhayət, vergi götürüldü. Əvvəlki kimi qəzetlərdən 18 faiz tutulsaydı, indi qəzetlər məhv olardı. Bu məsələni həll etdik”.

Deputat hesab edir ki, Nazirlər Kabineti filmlərdən tutulan vergilər barədə də qərar qəbul edə bilər:

“Film satıldıqdan sonra vergi tutulmaları edilə bilər. Məsələn, hansısa rejissor, ssenarist, aktyor çəkildikləri filmdə qonorar aldıqları kimi, vergisini də verməlidir. Amma filmin bütövlükdə büdcəsindən tutulur. Film çəkilər, satılar, sonra ondan vergi tutular. Bununla Nazirlər Kabineti məşğul olmalıdır”.

Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser, “Azərbaycanfilm” kinostudiyasının sabiq direktoru, hazırda Prodüserlər Gildiyasının sədri olan Müşviq Hətəmov isə qeyd etdi ki, bu məsələdə problem yalnız vergidə deyil:

“Ümumilikdə kino istehsalat sisteminin dəyişdirilməsi lazımdır. Özəl və dövlət studiyaları ilə Mədəniyyət Nazirliyi arasında münasibətlər düzgün tənzimlənməlidir. Bundan sonra hər bir şey öz yerinə düşəcək. Məsələn, biri zəng edib deyirdi ki, rejissorlarımızda problem var, digəri deyirdi ki, istedadsızdırlar, ssenari zəifdir, biri də deyir ki, vergi problem yaradır və s… Aqil müəllimin dediklərində haqq var. Bu məsələ də çətinlik yaradır. Amma ümumilikdə kino istehsalı prosesi düzgün qurulmalıdır”.

M.Hətəmov xatırlatdı ki, “Azərbaycanfilm”ə gəldiyi dövrdə kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim edib:

“Bu kimi məsələlərin həlli də ortaya qoyulmuşdu. Bəzi problemlər üzündən həyata keçmədi. Daha sonra 2019-cu ildə müxtəlif qurumlar tərəfindən konsepsiyalar Nazirlər Kabinetinə təqdim edildi. Əgər vergini ləğv etsək, kino çəkilişi inkişaf edəcək deyə düşünsək, bu, heç də doğru olmaz. Ümumilikdə biz yarımçıq sosialist idarəetmə sistemindən imtina etməliyik. Bilirsiniz ki, bunun uğrunda da çox çalışırdım. Bununla bağlı TV-də çıxış etmişdim ki, bizim üçün əsas məsələ vəsait yox, islahatdır. Bilirəm ki, indi bu sahədə işlər gedir, inanıram ki, yaxşı və uğurlu nəticələr olacaq”.

Geri qayıt