Əsas Səhifə > Şou-biznes > "Efirlərə çıxıb mahnı oxumağa bir müddət fasilə vermişdim"

"Efirlərə çıxıb mahnı oxumağa bir müddət fasilə vermişdim"


24-02-2021, 11:29
"Efirlərə çıxıb mahnı oxumağa bir müddət fasilə vermişdim"
"Mənim yaddaqalan doğum günlərim daha çox səfərlərdə olub. Mənim üçün ən yaddaqalanı Həcc səfərində olanda olub. Bir səfərimdə ad günüm düşüb Mədinəyə, o biri ildə isə ad günüm Məkkə səfərinə düşüb. Hər il doğum günümü ailəmlə, yaxınlarımla evdə qeyd edirəm. Məni ilk təbrik edənlər də təbii ki, ailəm olur. Bir də görürsən ki, sənətkar dostlarım da məni qabaqlayır. Bu ilki doğum günüm isə heç bir zaman yadımdan çıxmayacaq. Çünki doğum günümü qələbə, zəfər çalmış xalqın qalib nümayəndəsi, xanəndəsi kimi qeyd edirəm”
Bunu Moderator.az-a açıqlamasında ad gününü qeyd edən Xalq artisti, “Şöhrət” ordenli Səkinə İsmayılova deyib.

Xalq artisti uzun müddətdir efirlərə ara verdiyini də bildirib.

“Efirlərə bir müddət ara verdim. Bu həm pandemiya ilə bağlı idi, özümü qoruyurdum. Çünki insan özünü nə qədər izolyasiya etsə, bir o qədər də xəstəlik ondan uzaq qaçar. Həm də ürəyim heç cür açılmırdı, efirlərə çıxıb mahnı oxumağa bir müddət fasilə vermişdim. Cənab prezidentimizin, igid oğullarımızın, şanlı ordumuzun əzmi, cəsarəti, qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Təbii ki, şəhidlərimiz də oldu. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm” deyə xalq artisti bildirib.

Ustad xanəndə daha sonra əlavə edib.

“Əslində bizim yolumuz çox əziyyətlidir, amma bu sənət üçün nələrsə etmisənsə düşünüb deyirsən ki, illərim hədər getməyib. İstər xanımlardan ibarət muğam üçlüyü olsun, istər qaval ifaçılığı olsun. Siz bilirsiz ki, qavalı xanımlar arasında muğamla birlikdə ifa edən ilk qadın xanəndəyəm. Bu necə oldu? Amerikanın Hyuston şəhərinə bir səfərimiz vardı. Üçlük-tar, kamança və xanəndə getməli idi. Yer məhdud idi. Mənə dedilər ki, sən xanəndə kimi qavalla özün-özünü müşayət etməlisən. Ona qədər bizim xanım xanəndələrimiz qavaldan dekor kimi istifadə edirdilər. 20 gün müddətinə qavalla məşq etdim və sonunda bunu bacardım. Çətinliklərlə üzləşsəm də bu gün gənclər üçün bir yol aça bildiyimə görə sevinirəm. İndi heç bir xanəndə qavalsız səhnəyə çıxmır. Mən bu günki gənclikdən də onu gözləyirəm ki, nəsə düşünsünlər, yenilik etsinlər. Bu da əlbəttə ki, bizim muğamımızın zənginliyidir. Bu etdiklərimiz gələcək nəsillər üçündür” deyə xanəndə bildirib.

Geri qayıt