Əsas Səhifə > Şou-biznes > Ermənilər tərəfindən oğurlanan mahnılarımız

Ermənilər tərəfindən oğurlanan mahnılarımız


5-03-2021, 17:27
Ermənilər tərəfindən oğurlanan mahnılarımız
Ötən gün Xalq artisti, bəstəkar Aygün Səmədzadənin müəllifi olduğu “Bakinskiy roman” mahnısını mənimsəyən erməni müğənni Monika Nazaryanın klipinin hər yerdə “ban” olunub, “Youtube”dan tamamilə silindiyi məlum oldu.

Məsələ ilə bağlı Aygün Səmədzadə Musavat.com-a danışaraq, bildirdi ki, məhz çoxlu sayda şikayətlər nəticəsinə buna nail olunub.

Qeyd edək ki, bu günə qədər ermənilər Azərbaycanın bir çox mahnılarını mənimsəyib və yaxud öz adlarına çıxmağa çalışıblar.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

İki il öncə Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur “Vokaliz” mahnısı yenidən ermənilər tərəfindən oğurlanmışdı. Həmin vaxt mahnını erməni müğəni Siruşo (Siranuş Harutyunyan) “Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim etmişdi.

Qeyd edək ki, Xalq artisti bu mahnını ilk dəfə 2001-ci ildə ifa edib. Mahnının səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğəni Vartuni Vartanyan da bu mahnını ifa edərək, onu özününküləşdirmişdi.

Xalq artisti Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur “Tut ağacı” mahnısı da ermənilər tərəfindən mənimsənilmişdi.

Xatırladaq ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. Belə ki, ilk dəfə rus müğənni onu “Ana” mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənni tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə “Tut ağacı” adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.

Azərbaycanın məşhur xalq mahnısı “Tut ağacı boyunca” mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanıb. Lakin maraqlı faktdır ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənni Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş “Boka” ləqəbli məşhur erməni müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - “Bu qala, daşlı qala”nı Azərbaycan dilində ifa etmişdi.

Əməkdar artist Lalə Məmmədovanın məşhur “Məktəb illəri” mahnısı da erməni müğənnilər tərəfindən oğurlanıb.

Tarixən türk mahnısı kimi tanınan “Ninnə yarım” mahnısını da bir neçə il öncə ermənilər ifa edib, özlərinə məxsus mahnı kimi təqdim etmişdilər. Xatırladaq ki, bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur “Sənə qurban” mahnısını oğurlayaraq, internet resurslarında öz adlarına çıxartmışdılar.

Təxminən 2003-cü ildə Rəqsanə İsmayılovanın ifa etdiyi “İnanımmı” mahnısı bir neçə il sonra erməni müğənni tərəfindən ifa edilib və müəllifi barədə məlumat verilməyib.

Geri qayıt