Əsas Səhifə > Şou-biznes > "Mən mahnı yazdırıb, oxuya bilmərəm"

"Mən mahnı yazdırıb, oxuya bilmərəm"


6-03-2021, 09:18
"Mən mahnı yazdırıb, oxuya bilmərəm"
“Atam hər zaman xatirələrində işğaldan azad edilmiş şəhərlərimiz haqqında danışırdı. O xatirələrlə yaşayırdı və inanırdı ki, bir gün gələcək və torpaqlarımız işğaldan azad olunacaq. Atamın musiqi ansamblının rəhbəri Baxşəli müəllim köhnə xatırələrdən danışanda qeyd edir ki, Mingəçevirdə konsertdən çıxırdıq, gedirdik, Şuşada qalırdıq, Məmmədbağır deyirdi ki, mən səhər-səhər gözümü gərək açanda görüm ki, Şuşada necədir?! O, həm Şuşanı, həm də Şuşalıları çox istəyirdi. Şuşalılar da onu çox həddən ziyadə çox istəyirdi. Torpaqlarımız işğal olunandan sonra, 1991-ci ildən 1993- cü ilə qədər atam demək olar ki, mahnı yazdırmadı. Həmişə deyirdi ki, mənim cavan-cavan övladlarım torpaq uğrunda şəhid olub, mən mahnı yazdırıb, oxuya bilmərəm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə deyib.

Xalq artistinin oğlu atasının mahnılarının sənətçilər tərəfindən oxunduğunu da bildirib.

Onlardan bir xahişim var ki, mahnının çərçivəsini dəyişdirməsinlər, bəstəkar necə bəstələyibsə, şair necə yazıbsa, elə oxusunlar...

“Atamın mahnılarının sənətçilərimiz tərəfindən oxunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirirəm. Bizim sənətçilərimiz onun mahnılarını yaşadırlar. Sadəcə olaraq onlardan bir xahişim var ki, mahnının çərçivəsini dəyişdirməsinlər. Bəstəkar necə bəstələyibsə, şair necə yazıbsa, elə oxusunlar. Həqiqətən də baxıram, sevinirəm, fərəhlənirəm. Vasif Məhərrəmli, Sahib İbrahimov, Abbas Bağırov və s. sənətçilərimiz oxuyurlar. Mahnılar yaşanmalıdır. Əlibaba Məmmədovun gözəl bir sözü var ki, mən mahnılarımı xalq üçün yazmışam, nə qədər ki, bu xalq var, mahnılar da yaşadılmalıdır” deyə sənətkarın oğlu bildirib.

Rahim Bağırzadə bildirib ki, atasının adına Nardaran kəndində küçə verilməsi ailə üzvlərini çox sevindirib.

“Atamın dünyaya gəldiyi, böyüyüb boya-başa çatdığı Nardaran kəndində adına bir küçə verildi. Bu bizim üçün tarixi bir hadisə oldu. Böyük bir küçədir, çox sayda sakinləri var. Onların sənədlərində, şəxsiyyət vəsiqələrində atamın adını görürük, fərəhlənirik. Ələlxsus da bacıları. Bir xatirə otağı da yaratmışıq ona. Bu bizim atamıza olan istəkdən irəli gəlir. Bu xatirə otağında atamın arxivi, şəkilləri, səs yazıları, video verilişləri qorunub saxlanılır. İstədik ki, bu dəyərlər itməsin və qorunub saxlanılsın” deyə sənətkarın oğlu bildirib.

Geri qayıt