Əsas Səhifə > Şou-biznes > "Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq"

"Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq"


6-03-2021, 11:21
"Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq"
“Şuşa müharibədən sonra daha da abadlaşdırılacaq. Bütün bunları təsəvvür edəndə fikirləşirsən ki, torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq”

Bunu Moderator.az-a “Xarı bülbül” muğam qrupunun rəhbəri, Əməkdar artist Əliağa Sədiyev deyib. Məşhur tarzən tarixi torpaqlarımıza qayıtdığımıza görə çox böyük qürur hissi yaşadığını deyib:

“Biz Müdafiə Nazirliyinin xəttiylə dekabrın 26-da Şuşaya səfər etdik. Orda əsgərlərimizlə görüşümüz oldu. Onlarla söhbət etdik. Şuşamızı da ziyarət etdik, çünki özüm heç zaman orda olmamışdım. İlk dəfə idi ki, Şuşada fantastik bir hiss yaşadım və hər kəsə də arzu edirəm ki, bunu yaşasın, görsün. Doğrudan da, Şuşa Azərbaycanın zümrüd bir şəhəridir. Şuşa müharibədən sonra daha da abadlaşdırılacaq. Bütün bunları təsəvvür edəndə fikirləşirsən ki, torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq”.

Əməkdar artist gələcəkdə Şuşada keçiriləcək festivallarda iştirak edəcəklərini bildirib:

“Bütün bunlar insanda çox gözəl hisslər yaradır. Ordakı insanların sevincinin həddi-hüdudu yox idi, insanlar bir-birini qucaqlayıb təbrik edirdi. Şuşa cənab prezident tərəfindən mədəniyyətimizin paytaxtı elan olundu. Təbii ki, “Xarı bülbül” fesativalı da olanda biz də orda iştirak edəcəyik. Orda təkcə Xarı bülbül yox, bir çox festivallar olacaq. Biz də milli musiqimizin daşıyıcıları kimi orda olacağıq. Təbii ki, ilk öncə “Qarabağ şikəstəsi”ni ifa edəcəyik. “Qarabağ şikəstəsi”ni hər zaman ifa edirdik, amma bu günlərdə onu tamam başqa həvəslə ifa edəcəyik. Bununla yanaşı, bizim xüsusi nömrələrimiz, layihələrimiz var, hazırlıqlar gedir və düşünürəm ki, bunlar çox böyük səs salacaq. İki musiqi parçamız var ki, insanlarımız tərəfindən çox bəyəniləcək, fərqli bir şey hazırlamışıq. Düşünürəm ki, buna qulaq asan deyəcək ki, bu musiqinin yeri, adı Şuşadır. Bilirsiniz ki, “Xarı bülbül” adını biz otuz ildir ki, yaşadırıq. Dünyanın hər yerində, istənilən konsert salonlarında biz bu adı ucaltmışıq. Bu gün isə bu adı daşımaq bizim üçün daha önəmlidir, çünki xarı bülbül adı artıq şəhidlərimizin bir simvoluna çevrildi. Bunu bizim yaşatmağımız, daim bu adla fəaliyyət göstərməyimiz və xarı bülbülün vətəni olan Şuşada bizim və bir çox sənətçilərin iştirakı çox böyük sevinc hissi yaşadacaq.

Mən Qafan rayonundanam. Amma bunun fərqi yoxdur, bu gün hamımız qarabağlıyıq. Bizim də torpaqlarımız işğal altındadır. Zəngəzur mahalı bizim torpaqlarımızdır. Bu gün hər şey gözləyirik. Ali Baş Komandanımızın apardığı uğurlu siyasət nəticəsində inanırıq ki, biz o yerlərimizə də qayıdacağıq”.

Geri qayıt