Əsas Səhifə > Şou-biznes > "Nə olsun, pandemiya oldu, onunla bərabər 44 gün ərzində biz tarixi qələbə qazandıq"
"Nə olsun, pandemiya oldu, onunla bərabər 44 gün ərzində biz tarixi qələbə qazandıq"10-03-2021, 10:40 |
“Teatr sözün əsl mənasında hər zaman inkişafda olan sənət olub, heç vaxt ölməyib. İstər pandemiya olsun, istərsə də olmasın. Hər kəsin qəlbində bir teatr var. Hər bir aktyorun, rejissorun, hər bir insanın. Azərbaycan tamaşaçısının qəlbində teatr sevgisi heç bir zaman yox olmayacaq. Çünki əsl sənətkarlar var, sənətkara xalq tərəfindən olan hörmət var, əsl sevgi var. Bilirsiz, sevgi heç vaxt ölmür! Ona görə də teatr yaşayıb, yaşayır və yaşayacaq da. Bu pandemiya da bir bəladır, o qədər bəlalardan üzüağ çıxmışıq ki. Nə olsun indi pandemiya oldu, onunla bərabər 44 gün ərzində biz tarixi qələbə qazandıq. Bu qələbə teatrın gələcək inkişafı deyil? Bütün bu əsərlər, döyüş yolu teatrın əsas mövzusuna çevriləcək. Var olsun Azərbaycan teatrı, var olsun teatr” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Musiqili Teatrının aparıcı aktyoru İlham Namiq Kamal deyib. Sənətkar tamaşaçı sevgisini teatrın sayəsində qazandığını deyir. “Teatr mənim üçün həyatdır. Bu sənət məbədi məni tamaşaçılara sevdirib. Xalq məni tanıyır, sevir. İstər dövlət, istərsə də çalışdığım teatrın rəhbərliyi tərəfindən əməyimə yüksək qiymət verilib və verilir. Özümə qarşı diqqət və qayğını görmək məni hədsiz sevindirir. Allahımdan çox razıyam ki, mənə belə bir kollektiv nəsib edib. Heç vaxt bir teatrın aktyoru olmamışam. Uzun illər Akademik Milli Dram teatrında, Akademik Opera və Balet teatrında, Dövlət Kukla Teatrında çalışmışam. Teatr çox böyük bir qüvvədir. Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə Azərbaycan mədəniyyətinin, teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır” deyə İlham Namiq Kamal deyib. Xalq artisti uzun illər əvvəl yaratdığı “İlham” miniatür teatrından da danışıb. “Bu teatrı 1993-cü ildə yaratmışdım. Təxminən 13 ilə yaxın bir müddət yaşadı. Bu sənət ocağı digər teatrlardan özünün fərqli aktyor ansamblı və repertuarı ilə seçilirdi. Həm də xüsusi tamaşaçıları var idi. Teatrdakı tamaşaların bir çoxunu özüm hazırlayırdım, özüm də baş rollarda çıxış edirdim. Tamaşalara xüsusi musiqi yazılırdı, daha çox Cavanşir Quliyevlə çalışırdıq. Düzdü, repertuarda komik əsərlər üstünlük təşkil edirdi. Amma məqsədimiz tamaşaçıları güldürməkdən daha çox düşündürmək idi. Vaxtilə bu teatrda çalışan sənətçilərin bir çoxu müxtəlif teatrlarda, o cümlədən mənimlə Akademik Musiqili Teatrında çalışırlar. Bu həqiqətən də mənim üçün böyük fəxrdir” deyə İlham Namiq Kamal deyib. Xalq artisti həmçinin uzun illərdir ki, pedaqoji fəaliyyətlə də məşğul olduğunu bildirib. “Mən 30 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində “Musiqili teatr aktyoru” kafedrasının rəhbəri, professoram. Siz bilirsiz ki, Azərbaycanın 27 teatrı var, 27 teatrın 99 faizi Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. İstər aktyorlar, rejissorlar, teatrşünaslar və s. Ona görə də Azərbaycan teatrı heç bir vaxt yoxsul olmayacaq. Çünki onun ən-ənəsi var. Adi bir misal çəkim, Şamaxıda teatr 1830-cu ildə yaranıb. Ondan sonra 1951-ci ildə dövlət teatrı yaranıb. Mən hələ bölgələrdən danışıram. Cənab prezidentimiz İlham Əliyevin dəstəyi ilə teatr sahəsində bu gün böyük islahatlar gedir. Mən bu islahatların tərəfdarıyam, islahat olmalıdır ki, yenilik olsun, yeniliyi isə qorumaq lazımdır. Mən universitetlə paralel Akademik Musiqili teatrında çalışıram. Bu teatrda əsl mənada rəhbərlik var. Teatrın direktoru Əliqismət Lalayev Azərbaycan teatrını sevən, onun qayğısına qalan bir insandır. Hörmətli nazirimiz Anar Kərimovun əmri ilə Cavid İmamverdiyev teatrımıza rejissor təyin edilib. İnanıram ki, qarşıda bizi hələ yeni işlər və tamaşalar gözləyir” deyə İlham Namiq Kamal bildirib. Geri qayıt |