Əsas Səhifə > Şou-biznes > "Mərdimaz rəfiqəm xəyanət edib, ərimi əlimdən aldı..."

"Mərdimaz rəfiqəm xəyanət edib, ərimi əlimdən aldı..."


13-03-2021, 08:53
"Mərdimaz rəfiqəm xəyanət edib, ərimi əlimdən aldı..."
Əməkdar artist Sahibə Əhmədova Moderator.az-ın suallarını cavablandırıb.

- Sahibə xanım, salam. Necəsiz?

- Çox sağ olun, Allah sizə can sağlığı versin. Necə olacam? Canım ağrıyır.

- Xəstəliyiniz nədir?

- 2 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bakıda məni əməliyyat etmək üçün 2 min manat pul istədilər, ona görə də ucuz qiymətə İranda gedib əməliyyat olundum, sonra müayinəyə gedə bilmədim, yollar bağlandı. Pulun yoxdursa yıxılıb ölməlisən. 6 dənə ximiya götürmüşəm. Hətta özümə bir bank hesabı açıb, paylaşım da etmişdim ki, mənə kömək edin, vəziyyətim yaxşı deyil.

- Uzun illər Opera və Balet teatrında çalışmısız, çətin günlərinizdə teatrdan dəstək alırsınızmı?

- Xeyr, mənə qarşı heç bir diqqət yoxdur. Çox müraciət etmişəm, elə köhnə mədəniyyət naziri Əbülfəs Qarayevə də vaxtilə çox yazmışdım. Hətta bir dəfə Ağcabədidə musiqi məktəbinin açılışında yazdığım məktubu Əbülfəs Qarayevin əlinə öz əlimlə vermişdim. Təəssüflər olsun ki, heç bir cavab gəlmədi. Bundan başqa birinci xanım Mehriban Əliyevaya da məktub yazmışdım, amma nədənsə məktublarım gedib ünvanına çatmayıb. Çatsaydı mənə bir cavab gələrdi, çünki dövlətimiz mədəniyyət xadimlərinə qarşı çox diqqətlidir.

- Hal-hazırda heç bir yerdə çalışmırsız?

- Xeyr, heç bir yerdə çalışmıram. Teatrdan da 59 yaşımda həm xəstəliklə əlaqədar, həm də təqaüd yaşıma görə çıxmışam. Aldığım az miqdarda təqaüdlə dolanıram, bu da iynə-dərmanıma güc-bəla ilə çatır. Heç neçə illərdir özümə paltar da ala bilmirəm.

- Bəs sənət yoldaşlarınızdan necə, bir dəstək alırsınızmı?

- Zəng edib hal-əhvalımı soruşurlar, amma heç birindən maddi dəstək almıram. Bu sahədə kimin adamı yoxdursa onun sonu mənim həyatım kimi olur. Mütləqdir ki, arxan, dayın olsun.

- Bu sənətçi seçdiyinizə görə nə vaxtsa peşman olmusunuz?

- Əlbəttə, təəsüflənirəm ki, bu boyda sənət qoyub getdim, bu gün bir adam da mənimlə maraqlanmır. 65 yaşım olanda Mədəniyyət Nazirliyinin qaynar xəttinə zəng etdim. Bir xanım götürdü, dedim ki, bizə də bir diqqət ayırın da. Dedi ki, yubiley yaş 70-85 sayılır, sizdə yubiley yaş deyil. 40 il ömrümü o teatrda qoydum, həyatımı məhv etdim, bu idimi mənim həyatımın sonu?

- Opera və Balet teatrınının rəhbərliyinin etinasızlıqından şikayət edən nə birinci, nə də sonuncu insansız. Bir müddət əvvəl Xalq artisti Xuraman Qasımova da həmin teatrda rolların pulla satılmasını bildirərək, teatrı sərt tənqid etmişdi. Siz də bu cür hadisələrin şahidi olmusunuz?

- Əlbəttə ki, şahidi olmasam da, eşitmişəm. Məni elə direktorumuz Akif Məlikov gözdən saldı da. Bilmədim hansı səbəbə görə. Bəlkə də namuslu-qeyrətli, ailəmə sadiq insan olmuşam ona görə. Akif Məlikovun anası da vaxtilə balerina olub, o bizi daha yaxşı başa düşməli idi.

- İstəyiniz nədir?

- Bu dəqiqə çox acınacaqlı şəraitdə yaşayıram, məni xəstə salan elə bu şəraitsizliyim oldu. 33 yaşında oğlum var, 2 ildir ki, onu nişanlamışam, amma evləndirə bilmirəm. Çünki evim yoxdur. Bir neçə ay bundan əvvəl koronovirusa yoluxdum, ölümdən döndüm. Sabir Əliyevi xəstəlik apardı, mən qaldım. Ev istəyirəm ki, oğlumu evləndirim, sabah başımı yerə qoyanda gözüm arxada qalmasın.

- Həyat yoldaşınız da işləmir?

- 60 yaşımda həyat yoldaşımdan boşanmışam.

- Bu yaşda niyə ayrıldınız ki?

- Mərdimaz insanlar tərəfindən, bir rəfiqəm var idi, o ailəmi dağıtdı. Rəfiqəm evimdə mənə köməklik edirdi, xəyanət edib, ərimi əlimdən aldı.

- Ayrılandan sonra həyat yoldaşınız sizə dəstək olmadı?

- Xeyr, hətta istəyirdi ki, bu bir otaqlı evi də mənim əlimdən alsın.

- İndi yaşadığınız ev kimin evidir?

- Öz evimdir, özüm almışam.

- Yeni mədəniyyət nazirinə məktub yazmısız?

- O qədər məktub yazmışam ki, daha inamım qalmayıb. Mənim artıq səbrim də tükənib, kim yaza bilirsə mənim adımdan yazıb göndərsin. Çox xahiş edirəm.

Geri qayıt