Əsas Səhifə > Şou-biznes > "Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu..."
"Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu..."15-03-2021, 08:36 |
Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova Moderator.az-ın suallarını cavablandırıb. - Salam, Şərqiyyə xanım. Necəsiz? - Çox sağ olun, yaxşı olasız. - Pandemiya günlərini necə keçirirsiz? - Çox sağ olun, hər şey yaxşıdır. İşə də gedib-gəlirəm. Hələ ki, xəstəlik məndən yan keçib. Çünki maska taxıram, əlcəkdən istifadə edirəm. - Hal-hazırda harada işləyirsiz? - Cbc kanalında rus bölməsində jurnalistlərə dərs deyirəm. Uşaqlar gəlib maraqla məşğul olurlar və özünüz də görürsünüz ki, o kanalda keyfiyyət nə dərəcədədir. - Səhv etmirəmsə, əvvəllər ATV kanalında da aparıcılara dərs deyirdiniz? - Mən adətən dövlət televiziyasında işləmişəm. 2004-cü ildə ANS telekanalı dəvət etdi məni, daha sonra isə Atv. Atv kanalının xəbərlər redaksiyasında jurnalistlərin danışığı üzərində işləyirdim. Amma Cbc kanalını və bu kanalın rəhbərliyini çox bəyənirəm, səviyyəli insanlardır. - Həqiqətən də gənclərə çox dəstək olursuz. Bu sizə stimul verirmi? - Öz peşəmi onlara öyrədirəmsə, onların da mənə ehtiyacları varsa, bu əlbəttə ki, mənə stimul verir. Bu yaşda mənim ürəyim getmir ki, efirdə olum. Baxmayaraq ki, müxtəlif kanallar dəvət edir, amma biz istəmirik. İndiki statusum məni qane edir. Çox savadlı uşaqlar işləyir kanallarda. Hər zaman olduğu kimi yaxşıları da, zəifləri də var. Bizim peşəmiz də odur ki, onlarla məşğul olaq. Çox təəssüf edirəm ki, bəzi kanallar bizim potensialdan istifadə etmirlər. Telekanallarda çoxlu pullar xərclənir, bəzən səviyyəsiz verilişlər, filmlər çəkilir, amma əlləri gəlmir ki, 400-500 manat bədii rəhbərə versinlər ki, uşaqlarla məşğul olsun. Evdə olduğum müddətdə televiziyaları izləyirəm və baxıb görürəm ki, peşəkar diktordan dərs alan jurnalistlərin fəaliyyəti seçilir. Bir də ki, təvazökarlıqdan uzaq olmasın, mən Atv də işlədiyim dövrdə orda çalışan aparıcılarımızın bir çoxu hal-hazırda müxtəlif nazirliklərdə və qurumlarda mətbuat katibi işləyirlər. - AzTV-yə yeni rəhbər təyin olunanda sizi və digər diktorları dəvət etmişdi, amma nədənsə sizləri efirdə görmədik. - Bəli, rəhbərlik dəyişəndən sonra bizdən istifadə etmək istədilər. Mən AzTV-nin rəhbəri Rövşən Məmmədovdan çox razıyam. O çox istədi ki, mən, Roza xanım, Tamilla xanım, Ofeliya xanım orada veriliş aparaq. Sözün düzü, biz özümüz imtina etdik. Rövşən müəllim bizi özü başa düşdü. Bu bizim üçün indi ağır işdir. Biz efirdən bir balaca doymuşuq, ona görə can atmırıq. Hal-hazırda elə bir yaş dövrünü yaşayırıq ki, bizim həmkarlarımızın bir çoxu yoxdur. Amma bayram verilişlərində, hansısa tədbirlərdə, televiziyanın ad günündə qonaq kimi iştirak edirik. Diktorlarımızın bir çoxu dünyasını dəyişib, onların yoxluğu ilə həqiqətən də barışmaq asan deyil. Son günlər mən yaman narahatam Həmid Herişçi və İlhamiyyə Rzadan. Mən onları efirdə görə bilmirəm, telefon əlaqəsi də yarada bilmirəm. Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu. - Səhv etmirəmsə onlar Xəzər Səhər verilişini aparırlar. - Aparırdılar, amma indi aparmırlar. - Hansı illərin xiffətini çəkirsiz? - İnsan indiki məqamla yaşamalıdır. Oturub əgər o illəri düşünsəm bütün günü ağlaya-ağlaya yaşayacam. Bu insana çox pis təsir edir. Bəzi diktorlarla dostluq edirəm, oturub o illəri yad edirik, bu hələ ki, bizə kifayət edir. - Sizin Ayan adında bir qız nəvəniz var. İstərdinizmi o da bu sahəyə yönəlsin? - O Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına kolleci bitirib, indi hal-hazırda onlayn təhsili Moskva Akademiyasında davam etdirir. O televiziyaya maraq göstərmir. Mən onu başa düşürəm. Biz o illərdə televiziyaya gələndə bir kanal var idi, bizi tanıyırdılar, hamı üçün maraqlı idik. İndi telekanallar çoxdur, üstəlik də gənclər heç kanallara demək olar ki, baxmırlar. - Əvvəl aparıcı olmaq çətin idi, yoxsa indi? - Əvvəl dövr başqa idi. Təbii ki, o illərin də çətinliyi var idi, biz çərçivədən çıxa bilmirdik, bu da bizi sıxırdı. İndi də çox çətindir aparıcı olmaq, tanınmaq. Amma indi mənə elə gəlir ki, aparıcıların işi daha çətindir. Çünki onlar həm də çöl çəkilişlərində iştirak edirlər. Biz daha çox studiya çəkilişlərində olurduq, o çox rahat idi. İndi görürəm ki, gənclərin işi ağırdır. Hər dövrün öz çətinliyi var da. - İndiki gənclərin bir çoxu tanınmağa can atırlar. Onlara nə məsləhət verə bilərsiz? - Mən ümumiyyətlə məsləhət verməyi heç xoşlamıram. Kim həyatda özünü necə görürsə elə də olmalıdır. Əgər bu sənətə gəlirlərsə, istər-istəməz insan tanınmağa can atır. Amma sənəti sevmək lazımdır, fədakar olmaq lazımdır, belə olan halda uğur qazanmaq olar. Aparıcının səmimiyyəti olmalıdır. Demirəm ki, səmimiyyət aşıb-daşmalıdır. Bir də görürsən efirlərdən elə səmimiyyət yağır ki, adam heç baxmaq istəmir. Hər şeyin əndazəsi var. Geri qayıt |