Əsas Səhifə > Şou-biznes > “Qarabağa getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişəm”

“Qarabağa getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişəm”


16-03-2021, 15:07
“Qarabağa getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişəm”
“Qarabağa getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişəm”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor həmkarı Afaq Bəşirqızı ilə birgə belə bir fikrə gəldiklərini söyləyib.

“44 günlük müharibə dövründə əsgərlərimizin düşmən texnikasını və ya canlı qüvvəsini məhv edən kadrlarını görəndə gözlərimdən yaş gəlirdi. Mənim üçün o səhnələr toy-bayram idi. 77 yaşlı qoca adamam, uşaq kimi sevinirdim. Televizorun qarşısından ayrılmırdım ki, birdən nəyisə qaçıraram.

İşğaldan öncə Qarabağın çox yerində olmuşam, ancaq Laçına, Kəlbəcərə, bir də Şuşaya gedə bilməmişəm. Ağdamın yaxşı vaxtlarını görmüşəm. İndi oralar xarabalıqdır. Oranı tanımaq mümkün deyil.

Qarabağa gedib əsgərlərimizin qarşısında çıxış etmək üçün Müdafiə Nazirliyinə şəxsi təşəbbüsümlə müraciət etmişəm. Nazirlik bizə gözləməyi, uyğun vaxtda ora gedə biləcəyimizi deyib. Afaq Bəşirqızı ilə də danışmışam. İcazə verilərsə, birgə proqram hazırlayıb gedəcəyik”.

Uzun müddətdir teatrdan, sənətdən uzaq düşən aktyor gününün çox vaxtını evdə keçirdiyini bildirib.

“Həyətə düşürəm, sonra evə qayıdıram. Fəaliyyətim bundan ibarətdir. Darıxıram. İnsan nə qədər evdə oturar, divarlara baxar. Başımı nəvələrlə qatıram, onlar olmasa, ürəyim lap partdayar”.

Xalq artisti koronavirus əleyhinə peyvənd edildiyini və səhhətinin normal olduğunu vurğulayıb: “Bu yaxınlarda gedib könüllü şəkildə koronavirus əleyhinə peyvənd olundum. Özümdə hansısa dəyişiklik hiss etmədim. vaksin vurulandan sonra gəzə-gəzə evə qayıtdım”.

Geri qayıt