Əsas Səhifə > Şou-biznes > "Tamaşaçı sevdiyi, dərin hörmət bəslədiyi müğənnini efirdə qocalmış görməməlidir..."

"Tamaşaçı sevdiyi, dərin hörmət bəslədiyi müğənnini efirdə qocalmış görməməlidir..."


18-03-2021, 17:24
"Tamaşaçı sevdiyi, dərin hörmət bəslədiyi müğənnini efirdə qocalmış görməməlidir..."
“Keçən il 75 illik yubileyimi ailəmlə birgə restoranda qeyd etdik. Çox keçmədi ki, koronovirus pandemiyası səbəbindən bütün restoranlar, obyektlər bağlandı. Bu il də evdəyik. Ümumiyyətlə bütün doğum günlərimi ailəmlə birgə qeyd edirik. Çünki ailə ilə keçirilən özəl günlər bol xatirəli və yaddaqalan olur. Təbii ki, bütün xanımlar kimi mən də yaşımın üstünə yaş gəldikcə doğum günümü unutmaq istəyirəm, amma buna imkan vermirlər, zəng edib təbrik edirlər. Qadının yaşı çox da ola bilər, az da, amma ən əsası özünü hansı yaşda hiss etməyindir”

Bunu Moderator.az-a bu gün doğum gününü qeyd edən Xalq artisti, məşhur estrada müğənnisi Natəvan Şeyxova bildirib. Sevilən müğənni daha sonra əlavə edib.

“Sənətkar, ələxsus da müğənni üçün səhnə tamam başqa aləmdir, deyərdim ki, sehrli bir aləmdir. O unudulmazdır, insanı yaşadır, ona yaşamaq üçün həyat eşqi verir. İndi fəaliyyətim daha çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi tələbə yetişdirməkdir. Bu iş də çox xoşuma gəlir, pandemiyaya görə onlay dərslər keçirəm. Tələbələrimə hər zaman bizim dövrün bəstəkarlarını, sənətkarlarını misal göstərirəm. Deyirəm ki, onların vaxtilə oxuduğu mahnılara müraciət etməyiniz çox yaxşıdır, amma o mahnıları oxuyarkən dəyişdirməyin, necə yazılıbsa elə də oxuyun. Səhnəsiz özümü susuz balıq kimi hiss etsəm də, bu gün efirlərə müğənni kimi çıxıb, mahnı oxumaq istəmirəm. Hansısa sənətkar haqda olan verilişlərdə çıxıb xatirələrimi bölüşmək mənə daha xoş gəlir, nəinki çıxıb mahnı ifa etmək. Tamaşaçı sevdiyi, dərin hörmət bəslədiyi müğənnini efirdə qocalmış görməməlidir, onu ilk baxışdan necə görübsə yaddaşında da elə saxlamalıdır. Mən də yaddaşlarda 60-70-ci illərin müğənnisi kimi qalmaq istərdim” deyə Natəvan Şeyxova bildirib.

Xalq artisti tez-tez ötən günləri xatırladığını deyir.

“Koronovirus pandemiyası bizə həm də evdə oturub, ötən günləri xatırlamağa imkan yaradır. Biz də tez-tez ötən günlərimizi xatırlayırıq. Həyat yoldaşım Rafiq Seyidzadə ilə çox maraqlı, yaradıcılıqla bol olan günlərimiz olub. Tanışlığımızın ilk günlərindən bir çox Sovet ölkələrinə, Baltikyani ölkələrə səfərlərimiz çox olub, ən yaxşı orkestrlərlərlə konsertlər vermişik. Hətta Suriyaya, Livana, Əfqanıstana da qastrol səfərlərə getmişdik. Yadımdadır, o vaxt Əfqanıstanda müharibə olduğu üçün ora hərbi təyyarə ilə yollanmışdıq, bir şəhərdən digərinə isə tankla gedirdik. Əsgərlər üçün böyük konsert proqramları təşkil edirdik” deyə Natəvan Şeyxova bildirib.

Geri qayıt