Əsas Səhifə > Şou-biznes > “Heç bir effekt verməyəcək, ona görə pul xərclənməsi mənasızdır”

“Heç bir effekt verməyəcək, ona görə pul xərclənməsi mənasızdır”


19-03-2021, 08:11
“Heç bir effekt verməyəcək, ona görə pul xərclənməsi mənasızdır”
İki gün öncə Milli Məclisin keçirilən iclasında deputat Qüdrət Həsənquliyev tərəfindən diqqətçəkən təklif gəlib. Deputat bildirib ki, Azərbaycanın MDB məkanında 24 saat ərzində yayımlanacaq rus dilində televiziyaya ehtiyac var: “Ona görə ki, biz bu coğrafiyada yaşayırıq. Bizim böyük qonşumuz var, eyni zamanda türk respublikaları var ki, onların ümumi ünsiyyət dili rus dilidir. İkincisi, dünya miqyasında da 24 saat yayımlanacaq ingilisdilli kanala ehtiyac var. Düşünürəm ki, hökumət bu iki məsələnin üzərində də ciddi düşünməlidir və biz bu məsələləri həll etməyə çalışmalıyıq”.

Maraqlıdır, MDB məkanında ikidilli Azərbaycan kanalının yaradılmasına nə qədər zərurət var? Bu cür kanal necə və niyə yaradılmalıdır?

Mövzu ilə bağlı əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Bu məsələ dəfələrlə müzakirə olunub. Bu, informasiya problemi ilə bağlı olan məsələdir. Ona görə də deputatlar, digər ziyalılar, ictimaiyyət nümayəndələri bu cür kanalın yaradılmasına ehtiyac olduğunu bildirirlər. Lakin bunu yaratmaq, hazırlamaq çox çətin prosesdir, böyük maliyyə tələb edir. Hər kəs bilir ki, ölkədə neft şirkətinin maliyyələşdirdiyi CBC kanalı var. Bu kanalın rus, ingilis dilində, hətta erməni dilində verilişləri var idi. Bu kanalın yaxşı bazası, kadr, proqram siyasəti var. Fikrimcə, həmin kanalı bir qədər də gücləndirmək, strateji plana keçirmək və onun vasitəsilə həm rus, həm də ingilis dilində məlumatlar yaymaq olar. Yəni bunu daha real, daha ağlabatan, mümkün hesab edirəm. Çünki sıfırdan bir kanal formalaşdırmaq, onun üçün maliyyə tapmaq ciddi məsələdir. Ona görə də düşünürəm ki, CBC formalaşdıraraq, onun əsasında kanallar ayrıla bilər”.

Qulu Məhərrəmli bir daha vurğuladı ki, rus dilində ayrıca bir televiziya kanalının yaradılmasına ehtiyac görmür: “Çünki indi həm rus dilinin zamanı keçib, həm də dünya başqa dillərdə alternativ informasiya kanallarına sahibdir. Ona görə də ayrıca rus dilində kanalın yaradılmasına ehtiyac görmürəm”.

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da qeyd etdi ki, ölkədə rus dilində yayınlanan kanal artıq var: “Ölkədə rus dilində yayımlanan CBC kanalı var. Kim istəyirsə, daxil olub, baxa bilər. Əgər Qüdrət Həsənquliyev bu məsələ ilə bağlı təklif irəli sürübsə, görünür ki, nəsə bilir. Təklif pis təklif deyil. Lakin necə və nə üçün olacaq, bu haqda dəqiq heç nə demək mümkün deyil”.

Media eksperti Zeynal Məmmədli isə mövzuya bu cür şərh bildirdi: “Bu, xoşniyyətli və eyni zamanda sadəlövh səslənən bir təklifdir. Çünki söhbət əgər MDB məkanından gedirsə, kanallar var və Azərbaycan həmin kanallar vasitəsilə istədiyi məlumatı istədiyi televiziya formatında çatdıra bilər. Bunun üçün ayrıca televiziya yaradılmasına ehtiyac yoxdur. Bunun üçün də ayrıca maliyyə, peşəkar kadrlar ayrılmalıdır. Hazırda Azərbaycan televiziyalarının özünün peşəkar kadrlara ehtiyacı var və onların hazırlanması uzun müddət tələb edir. Bu baxımdan birdən-birə qayıdış dövründə, Qarabağın işğaldan azad olunduğu zamanda - hansı ki, indi orada quruculuq işləri üçün böyük xərclər tələb olunur - yeni televiziya yaratmağa nə ehtiyac var? Söhbət milyonlarla dollardan gedir. Hesab edirəm ki, bizim deputatların dövlət büdcəsinin necə xərclənməsi ilə bağlı əlavə kurs keçməyinə ehtiyac var. Söhbət konkret hansısa deputatdan getmir. Amma dövlət büdcəsinin heç bir effekt verməyəcək informasiya və təbliğat vasitəsinə xərclənməsini mənasız hesab edirəm”.
“Yeni Müsavat”

Geri qayıt