Əsas Səhifə > Şou-biznes > "Rejissor mənə araq təklif etdi ki, mütləq içməlisən"

"Rejissor mənə araq təklif etdi ki, mütləq içməlisən"


22-03-2021, 08:45
"Rejissor mənə araq təklif etdi ki, mütləq içməlisən"
“Məni hamı “Bizim küçə” filmindəki Gözəlova Sara obrazına görə tanıyıb. Bu film çox əziyyətli oldu, çəkilişləri ağır idi. Biz 3 ay Odessada dənizdə qalmışıq. Amma buna baxmayaraq bir ailə kimi yaşayırdıq. Nəticədə çox gözəl bir film alındı. Mən filmə yeni çəkilməyə başlayanda Möhsün Sənani və Nəsibə Zeynalova ilə tərəf müqabili olmuşam. Onlar mənə kamera ilə necə davranmaq lazım olduğunu öyrədirdilər. “Bizim küçə” filmində anamı məşhur aktrisa Ətayə Əliyeva oynayırdı. Rejissorun məni seçməkdə məqsədi də Ətayə xanıma bənzəməyim olub. Bizim Ətayə xanımla cəmi bir epizodumuz çəkilib. Yağışlı, şaxtalı havada çəkilişlərimiz çoxluq təşkil edirdi. Kollektivimizdə də əksəriyyət kişilər idi, hamısı da içki içən idi. Rejissor asistenti mənə də araq içməyi təklif etdi. Dedi ki, mütləq araq içməlisən ki, isinə biləsən və rolunu yaxşı oynayasan. Dedim ki, xeyr araq içməyəcəm, onun bu təklifindən imtina etdim. Arağı götürüb əllərimə, bədənimə sürtdüm ki, qızınım”

Bunu Moderator.az-a açıqlamasında aktrisa, “Bizim küçə” filmində Gözəlova Sara obrazı ilə tanınan Rima Məmmədova deyib. Sənətkar daha sonra əlavə edib.

“Filmdə bəzi səhnələr var ki, həqiqətən də improvizə idi, mənim üçün də gözlənilməz oldu. Məsələn bir səhnə var, Almanlar mənim anamın qızıllarını götürür, mənə orada elə bir şillər vurur ki, şoka düşürəm və yerə yıxılıram. Həqiqətən də bu səhnədəki şillədən xəbərim yox idi. Ona görə də şillə səhnəsi yaddaqalan oldu. Bu film məni həm də gələcək həyat yoldaşımla tanış etdi. O “Bizim küçə”-də operator işləyirdi. Mənimlə çəkilişlərdə tanış oldu, daha sonra hara gedirdimsə ora gəlirdi, əl çəkmirdi məndən. 3 ildən sonra ailə həyatı qurduq, amma ailə həyatımız yarımçıq qaldı. Belə ki, mənim 38 yaşım olanda o çox erkən dünyasını dəyişdi” deyə aktrisa bildirib.

Rima Məmmədova hazırkı işindən də danışıb.

“Mən uzun illər Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsində çalışmışam. Əsl sənətim rəqsdir. Baletə hələ uşaq ikən getmişdim. Düzdü, atam razı deyildi, hətta bir dəfə məni səhnədə görəndə tanımamışdı. Çünki çox qrimlənmişdim. Hal-hazırda da Bakı Musiqi Akademiyasında və Xoreqorafiya Akademiyasında rəqs sənətindən dərs deyirəm. Düzdü, indi hamı dərsləri onlayn keçir, biz pandemiyaya görə buna məcburuq. Amma gəlin etiraf edək ki, incəsənət onlayn tədris oluna bilməz, mütləq şəkildə hərəkətlər əyani göstərilməlidir. İnşallah bu bəla ölkəmizdən, dövlətimizdən, ümumiyyətlə dünyadan tezliklə gedər” deyə Rima Məmmədova deyib.

Geri qayıt