Əsas Səhifə > Şou-biznes > "İndiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər"

"İndiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər"


25-03-2021, 10:35
"İndiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər"
“Əlbəttə ki, filmlərə, seriallara çəkilmək istəyirəm, çünki mən aktrisayam, ölənə qədər sənətimə xidmət etməliyəm. Hər bir yaşa uyğun film də çəkilir, tamaşa da oynanılır. Amma səhhətim, daha dəqiq desək danışığım filmlərdə çəkilməyə yola vermir. Rejissorlar da bilirlər ki, rol üçün kimi seçmək lazımdır. Dəvətlərim əslində çoxdur, səhhətimə görə getmirəm. Neçə ildir, noyabrda 5 il olacaq ki, bu vəziyyətdəyəm. Bilirsiz ki, başımda şiş var idi, sinir damarlarıma toxunub, onları əzmişdi. Ümumiyyətlə danışığım tam itmişdi, səsim tutulmuşdu, danışa bilmirdim, əsəbləşirdim, hirslənirdim, əməliyyatdan sonra danışığım yavaş-yavaş bərpa olundu. Bir də görürsən ki, bülbül kimi, problemsiz danışıram, amma bir də görürsən ki, tutur məndə, ona görə də çəkinirəm çəkilişlərə getməyə. Bədən cəhətdən sağlamlığım yerindədir. Əvvəllər əcnəbi aktrisaları filmlərimizdə çəkirdilər, danışığını dublyaj edirdilər. Aktrisanın xarici görünüşü də filmdə əsas rol oynayır. Amma indiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər, əgər belə olarsa təbii ki, istəyərəm çəkilim. Qismət olsa, yenə də çıxış edərik, olmasa da bu daha Allahın təqdiridir. Nə cür məsləhət görərsə, o cür də hərəkət edərik”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Naibə Əlibəyova bildirib. Hal-hazırda səhhətinə görə fəaliyyətsiz qalan sənətçi ötən günlər üçün çox darıxdığını deyir.

“O vaxt bir televiziya var idi və çox az adamlara icazə verirdilər ki, televiziyada çıxış etsin. Mən çox şərəf hissi ilə deyə bilərəm ki, çox görkəmli sənətkarlarla tərəf müqabili olmuşam. “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” kimi verilişlərdə çəkilirdim, teatrda oynayırdım, qastrol səfərlərinə gedirdim. O illəri xatırlayanda çox gözəl günlər yadıma düşür. Cavanlıq illərində bir dəqiqə də olsun fəaliyyətsiz qalmamışdım, iş-güc əlindən başımızı itirirdik. Çox münbit illər idi, bir ağacı münbir torpağa basdıranda tez qol-budaq atır, tez də meyvə verir. Getdikcə də həmin ağac böyüyüb qocaman olur. Həmişə də onun kölgəsi olur. O da canlıdır da, istəyər ki, ətrafında olan adamlara bir xoş ovqat gətirsin. Biz də istəyərdik ki, camaata xoş ovqat bəxş edək. Qismət ilahidən” deyə aktrisa bildirib.

Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "Salam-sağol" səhnəsini, yəqin ki, hamı xatırlayır.

Geri qayıt