Əsas Səhifə > Şou-biznes > "Həyat sürprizlərlə doludur, bir də gördün ki, onunla bir duet də oxuduq..."

"Həyat sürprizlərlə doludur, bir də gördün ki, onunla bir duet də oxuduq..."


1-04-2021, 09:18
"Həyat sürprizlərlə doludur, bir də gördün ki, onunla bir duet də oxuduq..."
Əməkdar artist Almaz Ələsgərli Moderator.az-ın suallarını cavablandırıb.

- Almaz xanım, koronovirus pandemiyası bir ildən çoxdur ki, hökm sürür. Bir çox insanlar, ələxsus da sənətçilər ruh düşkünlüyü yaşayır. Bəs sizdə vəziyyət necədir?

- Əlbəttə ki, dövlətin qoyduğu qadağalara əməl edirik, istəmərik ki, bu xəstəliyə yoluxaq. İş üçün çox darıxıram, yuxularda danışıram işdən. Səhnə başqa şeydir. Çalışırıq ki, ruhdan düşməyək, ümidlə yaşayırıq. 4-5 gün olar ki, Azərbaycana qayıtmışam. Nəvələrim var, Melisa və Səid, onların yanına getmişdim.

- Son illərdə aktrisalıq sənəti müğənnilik sənətinizi üstələdi. Yəqin ki, özünüz belə istədiz?

- Mənim əsas ixtisasım aktrisalıqdır, vaxtilə Musiqili komediya aktyorluğu fakültəsini bitirmişəm. Sənətə də aktrisa kimi gəlmişdim. Amma müğənniliyi də heç vaxt yaddan çıxarmamışdım. İndi də Akademik Musiqili Teatrda çalışıram, özünəməxsus rollarım var.

- Bəs niyə o vaxt aktrisalıq sənətinizi davam etdirmədiz?

- O illərdə cavan idim, oxumaq daha da ürəyimizdə idi, istəyirdik ki, oxuyaq. Mən bilirsiz ki, Rəşid Behbudov adına Mahnı teatrında fəaliyyətə başlamışam. Bu sənət üçün ürəyim gedib, fanat olmuşam. Ana tərəfim musiqiçidir, bu sənət mənə gendən gəlib. Kənarda, köşkdə satıcı işləyib, daha sonra bu sənəti seçməmişəm.

- İndi təsadüfi insanlar çoxdur bu sənətdə.

- O vaxtlar zəmanə, tələbat başqa idi, indi isə tam başqadır. İndi müasirləşmişik, texnika inkişaf edib, müğənnilər də çoxdur. Mən kiməm ki, kiməsə qadağa qoyum ki, sən oxu, sən oxuma? Oxuyan oxuyacaq, yaradan yaradacaq, sevilən də seviləcək. Təbii ki, bəzən özümüz də televiziyada bəh-bəhlə təriflənən müğənniləri görürük. Sənəti olan sənəti ilə məşğul olacaq, olmayan isə sənətsiz qalacaq. Biz onsuz da bilirik ki, kimin sənəti var, kimin yoxdur.

- Uzun müddətdir efirlərə də çıxmırsız. Buna xüsusi səbəb varmı?

- Buna xüsusi bir səbəb yoxdur, amma hələ ki, istəmirəm görünüm. Dincəlirəm, məndə hər şeyə “stop” yaranıb. Efirlərdən durmadan mənə zəng edirlər, dəvət edirlər, amma istəmirəm gedim.

- Amma efirdə yeriniz görünür.

- Bəli, mənim yerim hər zaman görünür. Çünki sənətdə öz dəsti-xəttim var, heç kimi yamsılamıram, repertuarına girişmirəm, kiminsə mahnısını əlindən almıram.

- Tez-tez depressiya yaşayırsız?

- Xeyr, məndə depressiya deyilən şey yoxdur. Görəndə ki, özümü bir az pis hiss edirəm, otururam maşına, qızımı və rəfiqələrimi götürüb ya restorana, ya dəniz kənarına gedirik, ya da hansısa dostumuzun evində yığışırıq. Həyatda rəfiqələrim də çoxdur. Müğənnilərlə yox, daha çox teatrdakı həmkarlarımla dostluq edirəm.Mən dostluğu sevən insanam.

- İllər öncə Xalq artisti Alim Qasımovla oxuduğunuz “Səni axtara-axtara” duetiniz çox sevildi. Daha sonra söz-söhbət yayıldı ki, bir-birinizlə münasibətiniz yoxdur. Bu həqiqət idi?

- Bizim bu duetimiz o vaxt da, indi də çox sevilir. Allah etməsin ki, Alim Qasımovla münasibətim olmasın. Bu şayələrin yayılmasına da heç bir səbəb yox idi. Alimə, onun ailəsinə, şəxsiyyətinə çox böyük hörmətim var. Dueti oxuduq, onun başı öz işinə qarışmışdı, mənim də öz işimə. Bu həyat sürprizlərlə doludur, bir də gördün ki, bir duet də oxuduq. Bircə bunu fikirləşirik ki, pandemiyadan çıxaq və başımız sənətimizə qarışsın.

- Toy yoxdur, bəs necə dolanırsız?

- Əlbəttə ki, mənim də öz biznesim var. Şükür olsun Allaha ki, “çak-çuk” var.

- Sir deyilsə, nə biznesi ilə məşğulsuz?

- Üzrlü sayın, onu deyə bilməyəcəm, şirniyyat biznesim var idi, bağladıq. Bu tam başqa bir biznes sahəsidir.

Geri qayıt