Əsas Səhifə > Şou-biznes > "Bu, səfərə gedənlər və təşkil edənlər tərəfindən Milli Qəhrəmanımıza olan münasibət idi"
"Bu, səfərə gedənlər və təşkil edənlər tərəfindən Milli Qəhrəmanımıza olan münasibət idi"10-04-2021, 09:42 |
Bir çox film qəhrəmanları öz adı ilə deyil, canlandırdığı obrazın adı ilə daha çox tanınır. Bu da aktyorun həmin obrazı yüksək səviyyədə canlandırmasından irəli gəlir. Ötən müddət ərzində Qarabağ mövzusunda çəkilən “Dolu” filmi tamaşaçı rəğbəti qazanaraq yaddaqalan oldu. Bu filmin qəhrəmanlarından biri də hamının sevimlisinə çevrilən “Drakon” obrazıdır. Obrazla yanaşı, onu yaradan aktyor Rza Rzayev də insanların sevimlisinə çevrildi. Filmdə Qarabağ müharibəsində düşmənə qarşı döyüşərək qəhrəman kimi yaddaşlarda qalan “Drakon”un aktyoru, rejissor Rza Rzayev AFN-ə müsahibəsində kinomuzun bugünkü vəziyyəti və gələcək planları ilə bağlı danışdı: - Rza bəy, işğaldan azad olunmuş ərazilərimizdəki hazırkı durumu – erməni vandalizminin bariz nümunələrini kino yaddaşına köçürmək üçün nə kimi tədbirlərə ehtiyac var? - Ən böyük problemimiz kino qanununun və kino siyasətinin dəqiq müəyyən edilməməsi və olmamasıdır. Biz hələ də keçmiş quruluşun, olmayan quruluşun düşüncə tərzi ilə kino çəkirik, baxırıq. Bizim kinoya münasibətimiz dəyişməyənə qədər kinomuz da dəyişməyəcək. İlk öncə kimlər kino çəkə bilər məsələsi, sonra isə kimlər Qarabağ mövzusunda kino çəkə bilər məsələsi müəyyən edilməlidir. Qarabağ mövzusu strateji məsələdir, strateji məkana, əraziyə hər adamı buraxmaq olmadığı kimi, bu mövzuda da hər rejissora film çəkməyə icazə verilə bilməz. Azad olunmuş ərazilər minalardan təmizlənən kimi, abadlıq işləri başlamamış həmin ərazilərdə yüzlərlə sənədli və bədii filmlər çəkilməlidir, bunun üçün təcili proqram qəbul edilməlidir, ssenarilər yazılmağa başlanmalı, rejissorlar müəyyən edilməlidir. Amma biz bunu görmürük, görünən odur ki, artıq Şuşada köhnə yaşayış binaları sökülür, deməli, bu məsələyə cavabdeh məmurlar bu haqda düşünmür. İtaliyan yeni gerçəklik akımı belə şöhrət tapdı - İkinci dünya müharibəsi bitən kimi, müharibə gedən məkanlarda filmlər çəkdilər, gerçək məkanlar ilə müharibə filmləri daha gerçək oldu. Dünya tamaşaçısını cəlb etdi və əsas məqsədlərinə çatdılar - dünya ictimai rəyini öz xeyirlərinə dəyişdilər. - İllərdir işğal altında olan rayonlarımıza səfərlər təşkil olunur, media, QHT-lər, siyasi partiyalar aparılır. Ancaq kino adamlarının, o cümlədən aktyorların, rejissorların belə səfərlərinin şahidi olmuruq. Sizə elə gəlmirmi ki, ilk növbədə mövcud vəziyyəti öz gözləri ilə görməli olan şəxslər sırasında bu adamlar yer almalıdır? - Öncə söyləyim ki, rejissorların müharibə vaxtı həmin bölgədə olması yaxşı olardı. Bu istəkdə olan bir qrup rejissor var idi, müraciətlərə baxılmadı, hesab edirəm ki, bu məsələdə gecikmişdik. Öncədən, müharibə başlamamış müəyyən edilməli idi ki, müharibə başlayarsa hansı rejissorlar döyüşə və döyüş bölgəsinə gedə bilər. Müharibə vaxtı bunu etmək artıq mümkün deyildi. Rejissorların işi hanısa hadisəni göstərməkdən çox, o hadisənin yaratdığı hissi tamaşaçıya yaşatmaqdır. Bunun üçün də rejissorlar döyüş bölgəsində olmalı, orada yaşadığı hissi sonra da tamaşaçıya yaşatmalıdır, buna da mövcud dövrdə imkanlar var. İşğaldan azad olunmuş ərazilərə səfərlər məqsədli olmalıdır və səfərlərin doğuracağı nəticələr öncədən müəyyən edilməlidir. Yəni qərarın özündən çox, nəticəsi düşünülməlidir. Görünən odur ki, bu səfərlərin nəticəsi qənaətbəxş olmadı, cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Məsələn, belə səfərlərin proqramı politik kameranı bilən xususi rejissorlar tərəfindən birlikdə qurulmalıdır. Bu səfərlərdə böyük səhvlər edildi, bildiyimiz kimi, Milli Qəhrəman Allaverdi Bağırovun məzarı torpaqlarımız kimi işğal altında idi, artıq onun da məzarı işğaldan qurtarılıb, obyektiv səbəblərdən xalqımız onun məzarını kütləvi surətdə ziyarət edə bilmir. Dünyada olduğu kimi, bizdə də adətdir, məzarı ziyarətə gedəndə gül, əklil apararlar, amma biz bu səfərlər vaxtı bunu görmədik. Ən acınacaqlısı, ora gedənlər A.Bağırovun gülsüz məzarı ilə şəkil, video çəkib paylaşdılar, bunu həm düşmən, həm xalqımız, həm də dünya gördü. Bu, səfərə gedənlər və təşkil edənlər tərəfindən Milli Qəhrəmanımıza olan münasibət idi. Bağışlanılmaz səhv etdilər, hesab edirəm ki, gələcək səfərlərdə buna diqqət edəcəklər. Hesab edirəm ki, bərpa işləri başlayana qədər həmin ərazilərə kiçik qruplar ilə səfərlər təşkil olunmalıdır, növbəli açıq qapı olmalıdır, öncədən yazılmaq şərti ilə tələbələrdən, şargirdlərdən, sənət insanlarından tutmuş hər kəs gedib gözləri ilə erməni vəhşiliyini görməlidir. Ermənilər nəinki insanlığın düşmənidir, təbiətin, əşyaların, qəbristanlıqların da düşmənidir. - Siz “Dolu” filmində məğlub bir ölkənin qəhrəmanını canlandırmısınız. Bu gün qalib bir ölkənin qəhrəmanını canlandırmaq istərdinizmi? - Biz birinci Qarabağ məsələsində necə ki, deyirdilər, illərdir müharibəni yox, döyüşü uduzmuşduq, müharibəyə hazırlıqsız yaxalanmışdıq, o dövrdəki rəhbərlərimiz dünyada gedən siyasi prosesləri düzgün qiymətləndirə bilməmişdilər. Bəziləri məqsədli olaraq bizi düşmən qabağında məğlub vəziyyətə saldılar, bəziləri də təcrübəsizlikdən, demokratiyanı, insan haqlarını əlində bayraq edən dövlətlərin fitvasına inanıb dünyanın güclərindən olan qonşu dövlətlərin üstünə mənasız gedişlər etdilər, həmin qonşu dövlətlər də düşmənə kömək edib, düşmən əli ilə bizi məğlub duruma saldılar, problemin həllini daha qəlizləşdirdilər. Biz Qarabağda siyasəti uduzmuşduq, müharibəni yox. Sonra ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində biz Qarabağda siyasi gücümüzü bərpa etdik və siyasi iradənin gücünü ordumuz yerinə yetirdi. Heç zaman arzu və istəklə yaşamamışam, belə istəyim də yoxdur, məqsədlərim uğrunda mübarizə aparıram, filmə çəkilməkdən çox, film çəkmək məqsədim var . - Bu baxımdan sizcə, məhz “Dolu” filminin davamının çəkilməsinə ehtiyac varmı? Yaxud hansısa bir ssenari varmı beyninizdə? - “Dolu” filminin davamı əslində son səhnədə ifadə olunub və sonlanıb, yeni Qarabağa dönüşümüz də filmin son səhnəsində ifadə edilmişdi. İnanmıram ki, “Dolu” filminin davamı ola, buna ehtiyac da görmürəm, ssenarist ve rejissor illər öncə məqsədlərinə çatıblar, məqsədlərini sonuclayıblar . Senarilərim var, imkan versələr, şərait yaradılsa, film çəkəcəm, hələ ki, çəkmək istədiyim mövzuya və filmə kinoya aid olmayan hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən qeyri-rəsmi qadağa qoyulub, onlar tərəfindən təhdid olunmuşam, hədələnmişəm, hələ ki, bu qadağa götürülməyib. - Bu bir faktdır ki, ötən dövr ərzində torpaqlarımızın işğalı, erməni vəhşiliyi, xalqımıza qarşı törədilən soyqırımlarla bağlı kifayət qədər filmlər çəkilmədi. Çəkilsə belə, cəmi bir neçə film yaddaqalan oldu. Sizcə, bu yaxşı ssenarinin, yoxsa rejissor işinin olmamasından irəli gəlir? - Kino siyasətinin olmamasından, bu işə məsul şəxslərin işini dərindən bilməməyi və bəzi peşəkar rejissorların yanlış düşüncə tərzinin nəticəsində bu illərdə filmlər az çəkildi və yaxud peşəkar yanaşma olmadı. Çoxları düşündü ki, Qarabağ haqqında filmlər qələbədən sonra çəkilməlidir. Hesab edirəm ki, biz bundan sonra da birinci Qarabağ müharibəsi haqda filmlər çəkməliyik, ən azı məğlubiyyətimizin səbəblərini göstərməliyik, tarixə möhürləməliyik. - Son illər tamaşaçıları düşündürən bir sual var. Niyə bizdə məsələn, “Pianoçu” kimi mövcud reallıqları dünya ictimaiyyətinə çatdıracaq bir film çəkilmir? Buna sizin cavabınız maraqlı olar. - Kino siyasətinin və kino sənayesinin olmaması, kinonun biznes sahəsinə çevrilməməsi yaxşı filmlərin çəkilməməsinin əsas səbəblərindən biridir . Bizdə böyük büdcəli filmlərin hamısı demək olar ki, dövlət hesabına çəkilir. Dövlətin pulunu necə gəldi xərcləmək üçün fürsət gözləyən məmurlar ordusu var idi, indi də var, onlar Milli Ordunun nə etdiyini dünya tamaşaçısına göstərməkdən çox, bu məsələdən də nə qədər özləri üçün pul qazanmağı düşünürdülər. Dünyada analoqu olmayan hadisədir, bizdə film çəkilişi zamanı pul qazanırlar, film baxışa çıxarılanda yox. Bu düşüncə dəyişməyənə qədər 100 məmur dəyişsin, xeyri yoxdur, məzmun və mahiyyət dəyişməlidir, sifətlərin dəyişməsi heç bir problemi həll etmir. - Vətən müharibəsi zamanı işğal altında olan ərazilərimizin, o cümlədən Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərlə bağlı qəhrəmanlarımızdan hansının prototipini canlandırmaq istərdiniz? Bir kino adamı, aktyor kimi araşdırırsınızmı o qəhrəmanların döyüş yolunu? - Müharibə mövzusu həmişə cəlbedicidir və bu mövzuya daxili tələbatım var. Qarabağ müharibəsi başlayandan bu mövzunu araşdırıram, ikinci Qarabağ müharibəsini də diqqətlə izləmişəm, daxili qeydlərim var . Kino fotoqrafiyadan çox rəssam işinə bənzədiyi üçün hansısa bir şəxs haqqında yox, qəhrəmanlarımızı ifadə edəcək, ümümiləşmiş obrazın yaradılması daha doğru və təsirli olar. Xüsusi Təyinatlı Qüvvələr haqqında film çəkmək məqsədim var, onlar bu gücü hardan və necə alırlar, onların bu sirrini "açmaq" istəyirəm. Bir daha söyləyim ki, nə filmə çəkilmək, nə də film çəkmək üçün heç bir məmurun ayağına getməmişəm və getməyəcəm. Bu mövzuda dünya səviyyəsinə çıxarılacaq film çəkmək üçün böyük büdcə lazımdır, bunu da ancaq dövlət hesabına etmək olar. Görünən budur ki, belə film çəkə bilməyəcəm, çünki böyük büdcəm yoxdur və mənə də bu şərait yaradılmayacaq, çünki arzu olunan şəxs deyiləm, daha çox ölkəni tərk etmək haqda düşünürəm, haqqımda qaldırılmış qondarma həbs qətimkan tədbiri əgər götürülsə, tezliklə ölkəni tərk edəcəm, fikrim qətidir. Geri qayıt |