Əsas Səhifə > Şou-biznes > "Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir"

"Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir"


20-04-2021, 08:27
"Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir"
Bu gün Xalq artisti, görkəmli aktrisa Nəsibə Zeynalovanın doğum günüdür. Sevilən aktrisanın 105 yaşı tamam olur.

Sənətkarın adını daşıyan nəvəsi Nəsibə Əsgərova Moderator.az-ın suallarını cavablandırıb.

- Nəsibə xanım, bu gün sizin nənənizin, bizim isə sevimli gülüş ustamızın doğum günüdür. Nəsibə xanımı nənə kimi necə xatırlayırsız?

- Nəsibə xanım yaddaşımda yalnız xoş xatirələrlə qalıb. Onu hər zaman gülərüz, qayğıma qalan, saçımı hər gün tumarlayıb hörən, yeməyin ən gözəl tikəsini, hər şeyin ən yaxşısını mənə seçib verən, hər zaman ailəsini, bizi düşünən insan kimi xatırlayıram.

- Səhv etmirəmsə sizi rəsmi şəkildə övladlığa da götürmüşdü. Bu həqiqətdirmi?

- Bəli, Nəsibə xanım məni rəsmi şəkildə övladlığa götürüb. Qızı olmasını çox istəyib, amma qismətinə bir oğul, atam Cahangir Novruzov olub. Mən martın 21-də Novruz bayramı günü doğulmuşam, atamla anam istəyib ki, adımı Bahar qoysunlar. Amma nənəm təkid edib ki, öz adımı qoyacağam. Sözsüz ki, nə anam, nə də atam buna etiraz edib. İllər keçəndən sonra Nəsibə xanım məni rəsmi şəkildə öz qızı kimi övladlığa da götürüb. Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir (gülür).

- Nəsibə xanım səhnədə hökmlü, sərt qaynana obrazı yaratmışdı. Evdə necə qaynana idi?

- Nəsibə xanım səhnədə həqiqətən də sərt, ciddi, hökmlü qaynana idi. Amma həyatda elə insan deyildi. Nəsibə xanımın anam Elnarə xanımla münasibəti çox səmimi, ana-qız münasibəti idi. Özünüz də bilirsiz ki, ailədə söz-söhbət hər zaman olur, amma atamla sözü düşsə də anamla hər zaman mehriban dolanıb. O anamı qızı kimi çox istəyib, anam da ona “mama” deyib, “siz” deyə müraciət edib.

- Nəsibə xanım necə insanları sevirdi?

- Nəsibə xanım dürüst insanları sevirdi, yaltaq, yalançı insanlarla heç arası yox idi, münasibət qurmazdı. Mərdi-mərdanə sözü üzə deyən insan idi, hamıdan da bunu tələb edirdi. Heç bir kəsin arxasınca danışmağı xoşlamazdı.

- Səhv etmirəmsə bir müddət siz də nənənizin sənətini davam etdirmisiz. Bəs niyə yarımçıq qaldı?

- Mən Mədəniyyət və İncəsənət universitetinin Teatrşünaslıq fakültəsini bitirmişəm, daha sonra da Kinoşünaslıq fakültəsində magistr təhsili almışam.Bir neçə il də Gənc Tamaşaçılar Teatrında aktrisa kimi çalışmışam.Nəsibə xanımın səhhəti çox pis idi, ailəmlə belə qərara gəldim ki, mənim evdə olub ona qulluq etməyim daha məqsədəuyğundur, nəinki səhnədə olmağım. Daha sonrakı illərdə artıq övladlarım var idi, mən özümü başqa bir sahədə sınadım. İndi də Diasporla İş üzrə Dövlət Komitəsində çalışıram, gördüyüm iş mənə daha xoş gəlir. Bu da mədəniyyətin bir qoludur. Çünki biz dünyada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb, ölkəmizin incəsənətini, mədəniyyətini tanıtdırırıq. Mən öz işimi bu yolda davam etdirirəm.

- Nəsibə xanımın heyvan sevgisi bir başqa olub. Hətta pişiyi üçün elçi getdiyi də deyilir. Bu elçilik həqiqətən olub?

- Nəsibə xanım heyvanları, canlıları çox sevərdi. Onun evində hər zaman pişik olardı. Demək olar ki, uşağlıqdan bizim evdə 3-4 pişik olub. Nəsibə xanım pişikləri körpə vaxtından götürüb saxlayardı. Doğrudur, onun bir pişiyi var idi, Nəsibə xanım xəstəxanada yatanda o pişiyi həyətdən götürmüşdü. Zaman gəldi və biz düşündük ki, bu pişik evlənməlidir (gülür). Nəsibə xanım bir xonça bəzəyib bir qohumumuza zəng etdi ki, gəlirik sizə, sizdə bizə aid bir qız var. Getdik pişiyin elçiliyini edib, qızı gətirdik. Sonra xəbər gəldi ki, o pişiyin balaları olub (gülür). Ümumiyyətlə Nəsibə xanım heyvansevər idi, heyvanları xoşlayırdı. Heyvanlar da onun enerjisini hiss edirdilər. Hansı heyvanı əlində tutub, qucağına alırdısa mütləq şəkildə yuxuya gedirdilər. Hətta onu da deyim ki, bir tutuquşu da saxlayırdı. Nəsibə xanım hər gün işdən gələndən sonra oturub onunla söhbət edirdi, o da Nəsibə xanımın səsi ilə onunla danışırdı. 60-70 söz ehtiyyatı var idi.

- Ömrünün son günlərini necə xatırlayırsız?

- Sözsüz ki, kədərlə xatırlayıram, çünki Nəsibə xanım çox pis xəstə idi. Ölümündən 7 ay əvvəl ağır vəziyyətdə yorğan-döşəyə düşmüşdü. Onu həmin vəziyyətdə görmək mənim də, yaxınlarımın da ürəyinə bir dağ çəkmişdi. Çünki biz hər zaman nənəmi gülərüz, zarafatcıl, maraqlı və xoş söhbətləri ilə yadımızda saxlamışıq. Amma son günlər Nəsibə xanım bir çiçək kimi solub gedirdi. Amma ona baxmayaraq son dəqiqəsinə qədər zarafatından qalmırdı. Son ölüm günü ona Teatr Xadimləri İttifaqının təsis etdiyi medalı gətirdim. Dedim ki, nənə bu medal sənindir. Medala baxıb dedi ki, qızıldandır? Dedim ki, yox nənə, qızıl suyuna salınıb. Bir içim su verdim ona! Soruşdum ki, nənə ürəyin nə istəyir? Dedi ki, ürəyim nə istəyəcək? Cahangir sabah gəlir, maşallah nəvələrim, nəticələrim hamısı yanımdadır, Allah hamısını saxladım. Bu sözdən yarım saat sonra nənəm dünyasını dəyişdi. O dünyasını dəyişəndə otaqdakı saat da dayandı.

- Nəsibə xanımdan nə öyrəndiniz və nəyi öyrənə bilmədiniz?

- Nəsibə xanımdan düzgün-dürüst insan olmağı, Azərbaycan xanımına xas olan bütün hərəkətləri, xüsusiyyətləri öyrəndim. Nəsibə xanım elə bir sərvət idi ki, mən ondan çox şey öyrənə bilərdim, çox təəsüf edirəm ki, mənim nənəmlə yaş fərqim böyük idi. Bilirsiz ki, Nəsibə xanım 38 yaşında övlad sahibi olub, atam Cahangiri dünyaya gətirib. Belə baxsaq mən onun nəvəsi yox, nəticəsi yaşında idim. Mən nənəmin uşaq olarkən mənə danışdıqlarını anlayanda artıq o xəstə idi, bu da mənim yetkinlik dövrümə təsadüf edirdi. Düşünürəm ki, indiki yaşım olsaydı Nəsibə xanımı qabağımda otuzdurdub, nələr soruşmazdım ki?

Geri qayıt