Əsas Səhifə > Şou-biznes > "Səviyyəsiz mahnılara görə TV-lərə müraciət edəndə deyirlər ki..."

"Səviyyəsiz mahnılara görə TV-lərə müraciət edəndə deyirlər ki..."


22-04-2021, 08:26
"Səviyyəsiz mahnılara görə TV-lərə müraciət edəndə deyirlər ki..."
“Bizim əsasnaməmizdə birinci şərt odur ki, sənin bəstəkarlıq diplomun olmalıdır. Bu çox sadə bir şərtdir. Mahnı yazan insana deyə bilmərik ki, yazma, yazırsa daha yaxşı. Amma bir mahnı yazmağla bəstəkar olmurlar. Bəstəkarlıq diplomu olmayan sənətçini ittifaqımıza üzv edə bilmərik”

Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib. Sənətkar pandemiyanın musiqi sənətimizə gətirdiyi fəsadlardan da danışıb.

“Artıq ikinci ildir ki, İpək yolu festivalı keçirilmir. Bu il də yəqin ki, keçirilməyəcək, hələ ki, bizə yekun bir cavab deyilməyib. Çünki festivala hazırlıq hər il dekabr-yanvar ayından başlayırdı. Amma zoom vasitəsilə bu festivalı keçirməyə biz hazırıq. Bizim digər ölkənin mədəniyyət xadimləri ilə əlaqələrimiz də var, bilirsiz ki, hər il həmin incəsənət xadimləri bu festivala görə Azərbaycana, Şəkiyə gəlirdilər. Biz hər il bu festivala teatr tamaşalarını aparırdıq, indi axı teatrlarımızın da fəaliyyəti yoxdur. Teatrlar işləmir, orkestrlar fəaliyyətsiz qalıb. Deyirlər ki, Şəkidə də vəziyyət ürəkaçan deyil, mən əlaqə saxlayıram, orada yoluxma sayı çoxdur. Bu pandemiya musiqimizə böyük zərbə vurdu, biz də müxtəlif yollar axtarırıq ki, fəaliyyətimizi saxlamayaq. Hər ay bizim ittifaqda “Nizami və musiqi” adlı konfranslarımız keçirilir” deyə ittifaq sədri bildirib.

Firəngiz Əlizadə son illərdə meydan sulayan zövqsüz mahnılardan da danışıb.

“Mənə elə gəlir ki, burada televiziya kanallarının da, kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Bəzən görürük ki, efirdə həddən ziyadə bərbad mahnılar səslənir, musiqilər yazılır. Biz də öz növbəmizdə televiziyalara məktublar yazıb, etirazımızı bildiririk. Biz elə bir zəmanədə yaşamırıq ki, mütləq şəkildə zövqsüz mahnılara qulaq asaq! Bu mahnıları 5-6 nəfər disk alıb evində dinləyə bilər, amma 10 milyonluq xalqımıza belə mahnılar lazım deyil. Təbii ki, zövqlər müxtəlifdir. Düzdür, indi insanlar ruhdan düşüb, pandemiyadır, onların əhval-ruhiyyəsini qaldırmaq lazımdır. Amma səviyyəli mahnılarla. Televiziya kanalları bu işlərlə ciddi məşğul olmalıdır. Səviyyədən kənar mahnılara görə televiziya kanallarına müraciət edəndə deyirlər ki, bizə reytinq gətirir, biz belə pul qazanırıq. Çox müxtəlif cavablar alırıq. Hətta etiraz edəndə biri mənə dedi ki, bizim əmək haqqımızı siz verəcəksiniz? Mən bu cavaba çox üzüldüm, yaxşı ki, o insanı artıq vəzifəsindən azad etdilər. Hər şeyi pula, maddiyata bağlamaq da düzgün deyil. Azərbaycan xalqı musiqidə çox istedadlıdır, çox az xalqlar var ki, musiqi duyumu var. Ona görə də musiqimizi qorumaq lazımdır” deyə Firəngiz Əlizadə bildirib.

Geri qayıt