Əsas Səhifə > Şou-biznes > “Görünür, aparıcıya, proqrama verilən meyarlar yanlışdır və onlar dəyişilməlidir”

“Görünür, aparıcıya, proqrama verilən meyarlar yanlışdır və onlar dəyişilməlidir”


24-04-2021, 09:19
“Görünür, aparıcıya, proqrama verilən meyarlar yanlışdır və onlar dəyişilməlidir”
Televiziyalar Kütləvi İnformasiya Vasitələrdən biri, hətta ən populyarlarından olsa da, son vaxtlar imicini itirməməkdədir. Buna səbəb isə bu və ya digər formada tamaşaçıda ikrah hissinin yaradılmasıdır. Dil normalarının pozulmasından tutmuş efir mədəniyyətinə əməl edilməməsinədək onlarca qüsur bir çox televiziya kanallarını günü-gündən gözdən salınır. Aparıcının öz həyat yoldaşını kamera qarşısında qucaqlamasını, qonaqdan avtomobilinin qiymətinin soruşulmasını, müğənnilərin “arxiv”lərinin “açılıb-tökülməsini” kimlərsə səmimiyyət adlandırır. Amma gərək leksik lüğətə yaxşı baxsınlar. Çünki bunun adı səmimiyyət deyil. Heç vaxt da olmayacaq.

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli belə biabırçılıqların necə adlanırılması gərəkdiyini “Sherg.az”a açıqladı:

“Aparıcılar səmimi ola bilmirlər. Səmimilik iddiasına düşən kimi nöqsanları üzə çıxır. Aparıcı efirə çıxmazdan əvvəl özünü hazırlamalı, peşəkarlığından əmin olmalıdır.

Təəssüf ki, bəziləri kameraların mövcudluğunun onlara milyonlarla gözün baxması demək olduğunu anlamırlar. Hətta kameraları hiss etmədən özlərini məişət səviyyəsində aparırlar.

Beləliklə, auditoriya ilə əks-əlaqə yaranmır, kommunikasiya pozulur və müxtəlif qüsurlar üzə çıxır. Əlbəttə, bütün məsuliyyəti aparıcıların da boynuna yıxmaq olmaz.

Digər ştat vahidləri, o cümlədən redaktor, rejissor, prodüsser də diqqətli olmalı, aparıcının görmədiyini görməyə çalışmalıdır. Onların intiusiyası o qədər güclü olmalıdır ki, efiri idarə edə bilsinlər”.

Q.Məhərrəmli, həmçinin problemin həlli yollarından danışdı:

“Xüsusilə əyləncə proqramlarnda bayağılıq, düşük replika və epizodlar, aşağı səviyyəli nitq etiketləri müşahidə olunur. Nə qədər tədbir görülsə də, çatışmazlıqlar qalmaqdadır. Görünür, aparıcıya, proqrama verilən meyarlar yanlışdır və onlar dəyişilməlidir. Reklam bazarı, reytinqlə bağlı deyilənlər isə bəraətdir. Bunlar qeyri-peşəkarlıq və bayağılıq üçün əsas ola bilməz”.

Geri qayıt