Əsas Səhifə > Şou-biznes > "Hər səhər yuxudan oyanan kimi evimdəki güllərlə salamlaşıram"

"Hər səhər yuxudan oyanan kimi evimdəki güllərlə salamlaşıram"


27-04-2021, 08:38
"Hər səhər yuxudan oyanan kimi evimdəki güllərlə salamlaşıram"
“Pandemiya, bu ab-hava bizi çox yordu, çoxlu canlar aldı. Biz görün nə qədər sənət yoldaşımızı itirdik. Bütün bu hallar məni çox üzür, özümə gələ bilmirəm. Ürəkaçan bir şey yoxdur, bu mühit biz yaradıcı insanlara daha pis təsir edir. Çünki biz sənətkarlar daxilən sərbəst insanlarıq”

Bunu Moderator.az-a açıqlamasında sevilən aktrisa, əməkdar artist Suğra Bağırzadə deyib. Sənətkar pandemiya günlərində işi ilə başını qatdığını bildirib.

“Xəstəlik başlayandan bağa köçmüşəm, orada qalıram. Vacib işlərim olduğu halda şəhərə gəlirəm. Bağda bacılarımla vaxt keçirirəm. Başımı güllərlə, fırça və rənglərlə qatıram. Keçən il pandemiyada bağda nar ağaclarını çəkmişdim, maraqlı əsər ərsəyə gəlmişdi. Bu əsərlərlə özüm-özümü ruhlandırıram. 65 illik yubileyimdə bir sərgi edib, bütün əsərlərimi orada nümayiş etdirmişdim. Gələn il 75 illik yubileyimdir, istəyirəm pandemiya bitsin və möhtəşəm bir sərgi hazırlayım. Bilirsiz ki, mən Ümumdünya Floristlər şurasının üzvüyəm. Güllərə, təbiətə olan sevgi mənə anam Məleykə xanımdan ötürülüb. Həm də ikinci sinifdə oxuyandan artıq hamı mənə gül bağışlayırdı. Özüm də güllərə qulluq etməyi sevirdim. Bizim hamımızın evində dibçək gülləri var. Hər səhər yuxudan oyanan kimi evimdəki güllərlə salamlaşıram, onların torpağını yoxlayıram” deyə Suğra Bağırzadə bildirib.

Sənətkar “Ulduz” filmindəki Yetər obrazından da danışıb.

“1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində "Cücələrim" mahnısını oxuyanda operator Yuli Fogelman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi. Mən bu operatorun o vaxtdan yadında qalmışdım. "Ulduz" filmini çəkmək üçün Bakıya dəvət alanda o, filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş etmişdi. Mən isə o vaxt kinostudiyada dublyajda aktrisa kimi bir çox filmlərin səslənməsində korifey sənətkarlarla birlikdə çalışırdım. Elə oldu ki, məni kinostudiyada çəkiliş qrupuna dəvət edib, Yetər obrazını həvalə etdilər. Sözün düzü, filmin rejissoru 15 yaşım olduğunu biləndə məni bu filmə çəkmək istəmirdi. Amma Yuli Fogelman mənə bir operator gözü ilə baxmışdı və məni çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, “çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən”. Elə də etdim. Məni bu rola təsdiq etdilər” deyə aktrisa bildirib.


Geri qayıt