Əsas Səhifə > Şou-biznes > Məşhurlar telekanallarda koronavirusa yoluxub?

Məşhurlar telekanallarda koronavirusa yoluxub?


27-04-2021, 16:56
Məşhurlar telekanallarda koronavirusa yoluxub?
Əməkdar artist Baloğlan Əşrəfov gecə saatlarında dünyasını dəyişib. Koronavirusa yoluxan müğənninin ölümündən bir neçə saat öncə verdiyi açıqlama böyük səs-küyə səbəb oldu.

Onun açıqlamasında "Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrofonu ağızlarına tuturlar, biz də eyni mikrofondan istifadə edirik" - deməsi birmənalı qarşılanmadı.

Bəs görəsən yerli şou-biznes nümayəndələri canlı efir zamanı özlərini necə qoruyurlar?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Gülyaz Məmmədova B.Əşrəfova rəhmət diləyib:

“Mən heç vaxt efirdən, studiyadan, mikrofondan qorxmamışam. Studiyada hər şey spirtlənir. Studiyalarda bütün qaydalara əməl olunur, sadəcə ola bilər ki, kimsə yoluxmuş olur və o halda efirə çıxır, bunu bildirmir. İnsanın səksəkəli olması da yaxşı deyil. Baxın, rəhmətlik Baloğlan müəllim o qədər həssas, kövrək qəlbli idi, dostunun başına gələn hadisəyə görə uzun müddət efirlərə çıxmadı. Mən həmkarımın ailəsinə başsağlığı verirəm. Baloğlan Əşrəfov o yaşında alqışını itirməyən insandır. Onun tamaşaçılar tərəfində sevgisi, alqışı heç vaxt əksik olmurdu. Bunun şəxsən şahidi mən özüməm.

O, ehtiyatlı insan idi, pandemiya vaxtı efirlərə çıxmaqda tərəddüd edirdi”.

Xanım sənətçi bu məsələdə telekanalların belə hədəfə alınmasını düzgün hesab etməyib:

“Mən də bir neçə yerdən eşitmişəm ki, veriliş zamanı müğənnilərdən biri qrip olub. Amma mən hər zaman deyirəm ki, Allah nə yazıbsa, onu da yaşayırıq. O, çox gözəl sənətkar idi, amma deyə bilmərəm ki, məhz efirdə yoluxub, dünyasını dəyişdi. Biz də, digər həmkarlarımız da efirlərə gedirik. Efirləri bu qədər hədəfə almayaq. Bu düzgün deyil. Biz özümüz başa düşməliyik, kimsə xəstədirsə, evdən çıxıb başqalarını yoluxdurmamalıdır. Bəzən evdə xəstələnənlər olur, həkimə getmək istəmir. Bu düzgün deyil, həkimlərimiz hər zaman əlindən gələni edirlər. Əsas odur ki, canımızdakı qorxudan qurtulaq. Xəstəlik gəlirsə, hamıdan keçir, indiyə kimi xəstələnməyən var? Çox adamın canında panik-atak var. Baloğlan müəllim ciyəri ilə bağlı ehtiyat edirdi, başımıza nə zaman nə gələcəyini bilmək olmur, dağ boyda adam iki günün içində əridi, getdi... Bunu ancaq həkimlər, bir də Allah bilir. İtirə-itirə gedirik, Baloğlan müəllimi itirdik, Arif Quliyevin vəziyyəti ağırdır, Niyaməddin Musayev yenicə xəstəxanadan çıxıb, Ağadadaş müəllim xəstəxanada idi. Allah hamıya şəfa versin. Bu nədir? 2020-2021 ci il hamımızı elə sınağa çəkir ki...”

Əməkdar artist Elza Seyidcahan pandemiya başlanan gündən çəkilişlərdə olduğunu bildirib. Sənətçi efir zamanı maska və spirtlə özünü qorumağa çalışdığını deyib:

“Pandemiya başlanan gündən mən televiziyalarda, xalqın içindəyəm. Mütəmadi olaraq çəkilişlərdə iştirak edirəm, mən də həmkarlarım da maskadan, spirtdən istifadə edirik. Bizi Allah özü qoruyur. Nə edə bilərik, bu bizim peşəmizddir. Mübarizə aparırıq, İnşallah, bu virus birdəfəlik bizi tərk edər. Allah Baloğlan müəllimə rəhmət eləsin. O, uzun illər bundan öncə də həyatla mübarizə apardı, Allah onu Azərbaycan xalqına qaytardı. Amma bu dəfə pandemiyanın qurbanı oldu, Allah ruhunu şad eləsin. Mən həmkarımın bütün yaxınlarına səbr arzu edirəm”.


Geri qayıt