Əsas Səhifə > Şou-biznes > "Bu televiziyalarda elə adamlar çıxış edir ki, ənənəvi telekanallar onları dəvət etmir"

"Bu televiziyalarda elə adamlar çıxış edir ki, ənənəvi telekanallar onları dəvət etmir"


29-04-2021, 07:58
"Bu televiziyalarda elə adamlar çıxış edir ki, ənənəvi telekanallar onları dəvət etmir"
Rəqəmsal texnologiyanın ən yeni və populyar trendlərindən biri olan onlayn televiziya - başqa adla desək, internet televiziyaları bu gün dünyada xeyli sayda insan tərəfindən rəğbət görən informasiya mənbəyi hesab edilir. Hazırda sosial medianın əsas qolu olan elekton kütləvi infomasiya vasitələri- internet radio və televiziya getdikcə populyarlaşmağa başlayıb. Son zamanlar ölkədə həm internet-televiziyaların, həm də radioların sayı kifayət qədər artıb və bu tendensiya hər keçən gün sürətlə davam edir. Bəs görəsən, ölkəmizdə internet-televiziyalara maraq hansı səviyyədədir? Onların rahat fəaliyyəti üçün bütün imkanlar yaradılıbmı?

Hafta.az-ın əməkdaşı bu və digər suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdi. Media eksperti, teletənqidçi Qulu Məhərrəmli ilə müsahibəni sizlərə təqdim edirik.

- Bu gün cəmiyyətimizin internet televiziyalara marağı hansı səviyyədədir?

- Hazırda Azərbaycanda interteleviziyalar heç vaxt olmadığı qədər inkişaf edib, sürətlə artaraq geniş auditoriyanı ələ alıb. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar hazırda ənənəvi televiziyalardan çox, internet kanallarına baxırlar. Bunun da çox obyektiv səbəbləri var. İlkin səbəb ondan ibarətdir ki, axtardıqları kontentləri daha çox internet-televiziyalarında tapırlar. Bu kanallar digər televiziyaların verə bilmədiyi, toxunmadığı mövzuları işıqlandırır. Bununla da böyük auditoriya cəlb edə bilir.

- Bəs Azərbaycanda yaradılan internet-televiziyalar özlərini doğruldurmu?

İstərdim, bir qədər anlayışlara aydınlıq gətirək. İnternet televiziya ilə “YouTube kanalı” arasındakı fərqlər nələrdir? Əslində, internet-televiziya dedikdə, daha çox gün ərzində fasiləsiz yayım aparan kanallar nəzərdə tutulur. Yutub kanalları isə günün müəyyən saatlarında bəzən canlı, bəzən də videoyazı şəklində yayım edir. İnsanlar bu ikisi arasında çox ciddi fərq görmür. Hamısında məzmun axtarırlar. Bu baxımdan internet-televiziyalar bu gün özlərini doğruldur. Təbii ki, söhbət bütün kanallardan yox, artıq auditoriyaya öz mesajlarını verən, öz tamaşaçılarını müəyyənləşdirənlərdən gedir. Bu doğrultma, ilk növbədə, məzmuna - kontentə bağlıdır. Daha sonra bu televiziyalarda elə adamlar çıxış edir ki, ənənəvi telekanallar onları dəvət etmir

- Sizcə, internet-televiziyaların kadr potensialı nə cür tənzimlənməlidir?

- Digər yerüstü televiziyalardan fərqli olaraq, internet-televiziyalarda çox adam çalışmır. Davamlı fəaliyyət göstərən internet-televiziyalarda uzaqbaşı 25-30 nəfər işləyir. Onların maliyyəsi kifayət qədər deyildir. Texniki imkanları və kadrları da geniş olmur. Ona görə də onların çox sayda ştat saxlamalarına ehtiyac da yaranmır. Kadr potensialına gəldikdə deyə bilərəm ki, bu gün 10 televiziyadan 3-4-ü müəyyən dərəcədə peşəkarlıq nümayiş etdirir. İnternet-televiziyalarda veriliş forması elədir ki, burada auditoriya ilə söhbət aparıb, interaktivliyi təmin etməyə çalışırlar. Bir növ, sərbəstlik şəraiti verilir. Bu, ciddi məsələdir. Elə televiziyalar var ki, onlar sözün əsl mənasında peşəkardır. Elələri də var, baxırsan, nə mətn oxuya bilir, nə montaj keyfiyyətlidir; sadəcə, “Biz varıq” deyə ortaya çıxıblar. Məqsədlər də fərqlidir. Adamlar televiziyanı müxtəlif məqsədlər üçün yaradırlar. Bəziləri özlərini, bəziləri isə başqasını ifadə etmək üçün… Bunlar gözlə görünən hallardır. Təəssüf ki, internet-televiziya məkanında, yutub kanallarında belə hallar var.

- İnternet-televiziyaların fəaliyyəti qanunvericilikdə nə cür tənzimlənməlidir? Fəaliyyətlərinə hansısa məhdudiyyətlər qoyula bilərmi?

Əslində, bütün dünyada internet, demək olar ki, tənzimlənmir. Müəyyən etik normalar var ki, bununla bağlı eksperimentlər aparılır. Sözün geniş mənasında, hüquqi tənzimlənmə sistemi fərqlidir. Azərbaycanda indiki halda belədir ki, kim istəsə internet-televiziya aça bilir. Özünün feysbuk səhifəsindən və yaxud YouTube kanalından yayımlar aparır. Bu hallar heç bir qanunla tənzimlənmir və tənzimlənə də bilməz. Hüquqi şəxs kimi bu yayımları aparan hər bir insan Ədliyyə Nazirliyində qeydiyyatdan keçir, internet-televiziya statusunu alır. İndi Media Agentliyi reyestr söhbətini ortaya atıb. Hesab edirəm, o reyestr həm də buna yönəlib ki, bizim internet məkanında hansı telekanallar, yutub kanalları var, hansı hüquqi şəxslər nə cür yayım aparır, bunlar hansı əsaslarla fəaliyyət göstərir… Güman edirəm, burada müəyyən aydınlığın ortaya çıxması vacibdir.

- Yəqin ki, dünya mətbuatında müşahidələr aparmısınız. Bir ölkədə maksimum nə qədər internet-televiziya ola bilər?

- Yağış yağandan sonra göbələklər çıxır, sonra gün vurub çoxunu qurudur. Beləcə onların böyüməsi üçün şərait olmur. Bizdə də indi vəziyyət bu şəkildədir. Hazırda internet məkanında böyük azadlıq var, qanun bu sahəyə məhdudiyyətlər qoymur. Etik normalarda, demək olar ki tənzimlənmə yoxdur. Ona görə də bu gün həddindən artıq çox kanal var. Bunların mövcudluğuna faciə kimi baxmıram. İnternet-televiziyaların qeyri-peşəkarlığı və bəzən də qərəzli olması narahatlıq doğurur. “Nə qədər internet-televiziya olmalıdır?” buna heç bir limit, məhdudiyyət qoymaq mümkün deyil. Bacarırlarsa, nə xoş, onların hər biri alternativ yayımdır, varlıqlarının heç bir zərəri yoxdur. Təki onlar informasiya işinə, cəmiyyətin inkişafına xidmət etsinlər. Cəmiyyətdə söz-mətbuat azadlığı inkişaf etsin. Buna görə də normal, insanları məlumatlandıran internet-televiziyalar sayı nə qədər çox olarsa, heç bir ziyanı yoxdur. Vaxtilə biz qəzetlərin çoxluğundan şikayətlənirdik. Daha sonra onların bir çoxu sıradan çıxdı, bir qismini isə çıxardılar. Digər bir hissəsi də oxucu etimadını itirdi. İndi ölkədə oxunaqlı 1-2 qəzet qalıb. Eləcə də internet-televiziya sahəsində həmin proseslər gedir. Nəhayət, proses məntiqi sonluqla öz həllini tapacaq.

Geri qayıt