Əsas Səhifə > Şou-biznes > "Nə televiziyaya çıxıram, nə də saytlara müsahibə verirəm..."
"Nə televiziyaya çıxıram, nə də saytlara müsahibə verirəm..."4-05-2021, 09:06 |
“Pandemiyadır, birtəhər dözürük. Hamı necə biz də elə. İnsanlarla çox ünsiyyət saxlamıram, evdə oturub televizoru izləyirəm. Kitab oxuyuram, dostlarla, yoldaşlarımla telefon vasitəsilə əlaqə yaradıram. Mən ikiqat özümü qoruyuram, yaşımla əlaqədar olaraq risk qrupuna daxiləm. Allah özü bizlərə kömək olsun” Bunu Moderator.az-a açıqlamasında “Əhməd haradadır?” filminin “Uzundraz Oqtayı” aktyor-rejissor Novruz Axundov deyib. Qeyd edək ki, Moderator.az uzun araşdırmalardan sonra aktyoru tapıb. Aktyoru tapar-tapmaz “Əhməd haradadır?” filminə dəvətin necə gəldiyini bilmək üçün ona bu haqda sual ünvanlayırıq. “Demək olar ki, nə televiziyaya çıxıram, nə də saytlara müsahibə verirəm. 25-30 il olar ki, sənətdən uzaqlaşmışam, təqaüdə çıxmışam. Evdə günümü ailəmlə, ələlxsus da nəvələrimlə keçirirəm. Bəzən görürsən ki, hansısa yerim ağrıyır. Yaşlı adamam da, problemsiz olmaz ki. Məni “Uzundraz Oqtay” obrazına Moskvadan gəlmiş operator Yuri Fogerman dəvət etdi. Adil İskəndərov Yuri Fogermana sınaq üçün başqa aktyorlar təklif etsə də o bu obraza yalnız mənim çəkilməyimi istəyirdi. Beləcə uzun Oqtay, normal Əhməd və balacaboy Ramiz. Filmdə nəticə etibarilə komik bir situatsiya yaradıldı. “Filmdə bir yer var: Pilləkənin başında bir-birimizi təqdim edirik: “Uzundraz Oqtay, Saqqal Ramiz”. Ssenaridə bu yox idi. Bədahətən alındı. Filmdə taxdığım eynək adi şüşədən idi. Gözlərim çox yaxşı görürdü. “Əhməd haradadır?” filmi çəkiləndə həm də müəllim işləyirdim. Müəllim kimi çalışırdım deyə, istəmirdim filmdən sonra məni küçədə tanısınlar. Heç uşaqlara da bəlli etmirdim ki, kinostudiyada işləyirəm. Ciddiliyimi hər zaman qoruyurdum” deyə Novruz Axundov bildirib. Aktyor daha sonra çəkildiyi filmlərdən də söz açıb. ““İstintaq davam edir” filmində də Oqtay obrazını canlandırmışam. Amma bu filmdəki səhnələrimin bir çoxu çıxarılıb. Çünki filmin rejissoru Əlisattar Atakişiyev idi, o da Adil İskəndərovla yola getmirdi. Mənim Adil müəllimin tələbəsi olduğumu bilirdi. “Yenilməz batalyon” filmində də neftçi obrazını oynamışam. Tofiq Tağızadə “Arşın mal alan” filminin ikinci variantını çəkəndə məni Süleyman obrazına dəvət etdi. Lakin gedib dedim ki, mənlik deyil, çəkilmək istəmirəm. Həqiqətən də aktyorluğu yox, rejissorluğu daha çox sevirdim. Ortabab aktyor olmaqdansa yaxşı rejissor olmaq daha yaxşı idi. O illərdə vaxtın qədrini bilmirdilər, aktyoru aylarla aparıb rayonda, kənddə bir epizod çəkirdilər. Gəlib baxırdın ki, bir epizoddur. Kinostudiyada 500-dən çox, bəlkə də daha artıq filmin səsləndirilməsində çalışmışam. Hər zaman öz işimdə vicdanlı olmuşam, fikirləşməmişəm ki, kimlərisə seçim. Mənim üçün bunun önəmi yoxdur. Fikirləşmirdim ki, kimin fəxri adı varsa obrazı da ona verim. Hətta Leyla Bədirbəyli məndən inciyirdi ki, mənə niyə rol vermirsən?! Deyirdim ki, sizə uyğun rol yoxdur, olsaydı verərdim” deyə Novruz Axundov bildirib. Novruz Axundov bildirib ki, heç bir fəxri adı yoxdur. “Fəxri adım yoxdur, guya Alen Delonun, Abbas Mirzə Şərifzadənin fəxri adı olub? Heç vaxt da buna görə kiməsə ağız açmamışam, açmaram da. Buna ehtiyyac yoxdur. O vaxt dostlarım deyirdi ki, ev növbəsinə dayanmısan? Telefon növbəsinə dayanmısan? O vaxt telefon çəkdirmək çox çətin idi. Deyirdim ki, yox heç bir növbədə yoxam” deyə aktyor bildirib. Geri qayıt |