Əsas Səhifə > Şou-biznes > “Hospitalda qazilərdən rüşvət tələb olunur, niyə durumu bu həddə çatdırırsınız?”
“Hospitalda qazilərdən rüşvət tələb olunur, niyə durumu bu həddə çatdırırsınız?”5-05-2021, 12:50 |
“Bir sıra hallarda qazilərə əlillik dərəcələri faktiki durumlarına uyğun təyin edilmir”. Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış fitnes məşqçisi Kamil Zeynallı deyib. Davamlı olaraq qazilərlə bağlı sosial şəbəkələrdə paylaşımlar edən, onların problemlərini ictimailəşdirən Zeynallının sözlərinə görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qazilərə əlillik dərəcəsinin yazılması üçün onlardan rüşvət tələb olunur: “Qazilərimiz təkcə İcra hakimiyyətlərindən, məmurlardan gileylənmirlər, həm də Silahlı Qüvvələrin Baş Klinik Hospitalından (“Papanin” hospitalı) da şikayətlənirlər. Hospitaldan çox şikayət edirlər, yaralı uşaqlardır, dərmanlar yazırlar, kasıbdırlar, hardan alsınlar? Rayondan qazilər gəlirlər hospitala bir sənədə görə onları geri qaytarırlar, deyirlər ki, filan sənəd düzgün deyil, qayıt, get gətir. Bu adam əsası ilə Bakıya güclə gəlib çıxıb, təsəvvür edin, təzədən rayona qayıdır Hərbi Hissədən bir sənəd götürür və yenidən Bakıya – hospitala qayıtmalı olur. Bu sənədi guya hospitalda faksla ala bilməzlər?! Bu gün hər şey internetlədi, texnologiya əsrində yaşayırıq. Niyə bu uşaqları incidirlər axı?! Qazilərin çoxu mənə zəng edib deyir ki, “Kamil, bizə əlillik vermək üçün pul istəyirlər”. Mən dövlətin adına görə hər şeyi açıqlayıb demək istəmirəm. Balamın əziz canına and olsun ki, qaziyə əlillik dərəcəsi vermək üçün pul istəyirlər. Çoxsu gəlir, Bakıda qalmağa yerləri olmur, üç manatlıq otellər var, orada qalırlar. Bəzilərini gətirirəm iş yerimə - idman zalına orada otaqlarda gecələyirlər. Orda yatızdırıb, yeməklərini verirəm, sabahsı günü ciblərinə pul qoyub rayonlarına yola salıram...” Qazilərə qarşı diqqətsizliyə görə bəzi qurumları günahlandıran Kamil Prezident İlham Əliyevin tapşırıqlarına düzgün əməl olunmadığını vurğulayıb: “Problemlər çoxdur, hər şeyi açıb demək olmur. Allah ölkə başçısının canını sağ eləsin, hər şəraiti yaradıb ki, dövlət qurumları qazilərin problemlərini həll etsinlər, şikayətlərinə baxsınlar. Vallah, baxmırlar, diqqətsiz yanaşır, başdan-sovdu edirlər. Onlara kömək etmək lazımdır. Evdə qaz pulu, işıq pulunu ödəyə bilmirlər, çox vaxt gəlib kəsirlər. Evlərinə bazarlıq edə bilmirlər, əvvəl bir oğul evə baxırdısa, indi baxa bilmir, əlildir, yerində yatır. Onlara aylıq pul vermək lazımdır. “YAŞAT” fondu bunu nəzərə almalıdır. Hər rayonda qazilərimiz üçün 3-4 işçi olmalıdır, hər rayonda 30-40 market var, İcra Hakimiyyəti tapşırmalıdır ki, hər market bir şəhid ailəsi, bir qazini öz boynuna götürsün, ayda bir dəfə bazarlıqlarını versin. Tapşırılmalıdır ki, bir il müddətində sağalana kimi kommunal xərclərdən azad olunsun”. İdmançı bildirib ki, müharibədən sonra normal həyat şərtləri altında yaşamaq hər kəsdən daha artıq qazilərin haqqıdır və dövlət qurumları bu məsələdə diqqətli olmalıdır: “Allaha and olsun ki, döyüş bitəndən bəri etdiyim yardımların 90 faizi öz cibimdən idi. Etmirlər, baxmırlar! Bu da dövlətin adına ləkə gətirir. Bəzi məmurlara görə niyə mənim dövlətimə ləkə gəlməlidir?! Görün, vəziyyəti nə yerə çatdırıblar ki, qazi ölkə başçısına səslənib deyir ki, “Sən mənə niyə baxmırsan?!”. Ölkə başçısına “sən” deyə müraciət edərlərmi? Niyə vəziyyət bu yerə çatıb? Bunu məmurlar və bəzi qurumlar edib. Niyə durumu bu həddə çatdırırsınız?! Bütün günü qazilərləyəm, ondan-bundan xahiş edirəm, yardım etməyə çalışıram. Dünən bir dostum deyir ki, mən üç qaziyə kömək edərəm, bir il müddətində hər ay 350 manat verərəm. Bu bir ildə 12 min manat edir. Hər kəsdən kömək istəyirəm, özüm də bacardığım qədər gücüm çatan məbləğdə kömək etməyə çalışıram. İndiyə kimi 4-5 qazi olub ki, özlərinə qəsd etmək istəyib. Mən qoymamışam, qarşılarını kəsib demişəm ki, qurban olum, kömək edəcəyəm, özünü öldürmə. Çünki istəməmişəm söhbət böyüsün, içimizdə müxalif düşmənlər, dövləti sevməyənlər, ermənilər var. İstəmişəm ki, onları sevindirməyək”. Geri qayıt |