Əsas Səhifə > Şou-biznes > "Şuşanın xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir”

"Şuşanın xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir”


8-05-2021, 08:32
"Şuşanın xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir”
Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.Sərncamda qeyd edilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur:“1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır”.

Həmçinin bildirilib ki, Şuşa 2020-ci il noyabrın 8-də rəşadətli ordumuz tərəfindən işağaldan azad edilib. Artıq Şuşada bərpa-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib.

Şuşanın Mədəniyyət paytaxtı elan edilməsi haqda fikirlərini “Sherg.az”la bölüşən xalq artisti Afaq Bəşirqızı çox sevindiyini və arzusunun reallaşdığını söyləyib:

“Bundan sonra orada tədbirlər təşkil ediləcək. Şuşanı dünya arenasına çıxarırıq. Xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir. Şuşada musiqilərimizin nümayiş olunması və sairə mühüm rol oynayır. Onlar hamısı bir məktəbdir”.

Məlum təşəbbüsü yüksək qiymətləndirən Azərbaycanın xalq rəssamı , professor, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov deyib ki, Qarabağ həmişə bizim üçün əziz və doğmadır:

“Şuşa isə oranın konservatoriyası olub. Şuşada, Qarabağda gözəl xanəndələr, əvəzsiz səslər doğulub. Təəssüf ki, Qarabağımız 30 ildir işğalda idi. Ordan olan vətandaşlar yurdlarından qaçqın düşdülər. Fikrimcə, həmin illər ərzində o istedaddan bir balaca uzaqlaşdılar.

Çünki həmin qabiliyyət Qarabağın torpağından, suyundan gəlirdi. Düşmən evlərlə, abidələrlə, torpağımızla yanaşı bu istedadlara da zərbə vurdu.

Özləri də işğal olunmuş torpaqlarda inkişaf etmədilər, xarabalıqdakı bayquş kimi yaşadılar. Lakin mədəniyyətimizə müəyyən qədər zərər toxundu. Xalçalarımızı oğurlayıb, öz adlarına çıxardılar və xaricdə satdılar. Mənfur düşmənimiz həmişə belə naqis olub”.

Sənətkar həmçinin qeyd edib ki, cənab Prezidentin fikirləri ilə tamam razıdır:

“Bir də düşünürəm ki, Şuşa həm də Qarabağın paytaxtı olmalıdır. Çünki o ada layiqdir. Axı Şuşa əzizimizdir. Görün o cənnət məkandan kimlər çıxıb. Şuşada çox dahi insanlar, şəxsiyyətlər boya-başa çatıb. Ona görə bu təşəbbüsü dəstəkləyirəm. Bir mədəniyyət xadimi kimi əlimdən gələn köməyi etməyə hazıram. Fikrimcə, orda müasir tələblərə cavab verən muzey tikilməlidir. Rəssamların əsərləri sərgilənməlidir.

Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik. İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları təşkil edək, teatrlar yaradaq. Bu gözəllik Allahın bəxş etdiyi paydır.

Tanrının hədiyyəsini göz bəbəyimiz kimi qorumalıyıq. Qarabağa xas olan xalçaçılıq sənətini bərpa etməliyik. Qarabağın özünəməxsus xalçaçılıq məktəbi var idi. Bütün bunları yenidən canlandırmalıyıq.

O zaman Qarabağdan çıxan dahilərin, istedadlı adamların sayı daha da artacaq. Prezidentin təşəbbüsünü eşidəndə çox sevindim. Qürurverici addımdır”.

Geri qayıt