Əsas Səhifə > Şou-biznes > "Samirə xanımın təşəbbüsü ilə "Yallı" getməyə başladıq, gördük ki, hamı bizə qoşuldu"

"Samirə xanımın təşəbbüsü ilə "Yallı" getməyə başladıq, gördük ki, hamı bizə qoşuldu"


14-05-2021, 09:11
"Samirə xanımın təşəbbüsü ilə "Yallı" getməyə başladıq, gördük ki, hamı bizə qoşuldu"
“Çox sevindirici bir haldır ki, Xarıbülbül musiqi festivalının açılışında həmkarım Samirə xanımla və bizlə birlikdə festivalda iştirak edən gənc aşıqlarla birgə çıxış etdik. Təəsüratlarım o qədər böyükdür ki, nə deyəcəyimi, sevincimi necə dilə gətirəcəyimi bilmirəm. Həqiqətən də sevincimizin həddi-hüdudu yoxdur. Məni Şuşada həmin festivalda çıxış edən insanlar daha yaxşı başa düşə bilər. Təsəvvür edin, siz televiziya qarşısında oturub izləyib, necə sevinirdinizsə görün biz orada necə sevinirdik! Sevinc göz yaşlarımızı saxlaya bilmirdik, çox kövrəlirdik”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Əli Tapdıqoğlu bildirib. O, daha sonra əlavə edib.

“O anı gərək yaşayasan ki, biləsən nədir o?! Çox böyük sevinc və tarixi gün idi. Həqiqətən də bir daha tarix yazıldı. Nəhayət ki, Xarıbülbül musiqi festivalını o torpaqlarda keçirmək bizə nəsib oldu. Allah arzularımızı eşitdi. Festivalda iştirakımız böyük bir sürpriz oldu bizə, şərəf oldu. Çox mötəbər bir tədbir idi, bütün dünya bizi izlədi, gördü. Dünya haqqın nə olduğunu artıq bildi. Çünki biz öz doğma torpaqlarımıza 30 il idi ki, həsrət idik. Bu həsrətə son qoyan bizim əsgərlərimiz sağ olsun, bu həsrətə son qoyan Ali Baş Komandanımız sağ olsun. Cənab prezidentimizin siyasəti, əsgərlərimizin gücü sayəsində gözəl torpaqlarımız özümüzə qayıtdı. Festivalda sanki torpağımız da sevinirdi. Sevinirdi ki, bu torpağın əsl sahibləri gəlib. Bu torpaqların sahibləri Azərbaycan və azərbaycanlılardır” deyə aşıq bildirib.

Aşıq Əli həmkarı aşıq Samirə Əliyeva ilə Cıdır düzündəki rəqsindən də danışıb.

“Festival bitəndən sonra cənab prezident getdi və qeyri-rəsmi görüşlər baş tutdu. Hər kəs sevinirdi, şəkil çəkdirirdi. Samirə xanım təklif etdi ki, bəlkə insanları dəvət edək bir yallı gedək? Mən də bildirdim ki, çox gözəl olar! Samirə xanımın təşəbbüsü ilə əməkdar artist Şirzad Fətəliyevi, Xalq artisti Natiq Şirinovu meydana dəvət etdik. "Yallı" getməyə başladıq, gördük ki, hamı bizə qoşuldu. Orada bir çox sənətkarlar da, rəsmi insanlar da bizimlə birgə yallı gedirdilər. Maraqlı və yaddaqalan səhnə yarandı. Böyük coşqu oldu. Sözsüz ki, Samirə xanımın və mənim təşəbbüsümlə bu mənzərə yarandı. Bir neçə gündür ki, hamı sosial şəbəkədə həmin görüntüləri paylaşır” deyə aşıq Əli bildirib.


Geri qayıt