Əsas Səhifə > Şou-biznes > "O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı..?"

"O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı..?"


15-05-2021, 09:30
"O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı..?"
“Mən təəsüratlarımı, həyəcanımı, sevincimi sözlə ifadə edə bilmirəm. Cənab prezidentimiz bizə böyük, misilsiz sevinc bəxş etdi. Bizim zəfər imzalı, müzəffər Ali Baş Komandanımız təkcə biz Qarabağlılara yox, ümumiyyətlə bütün azərbaycanlılara elə bir sevinc bəxş etdi ki, bunu sözlə demək çox çətindir. Birinci növbədə mən cənab prezidentimizə təşəkkür edirəm, var olsun! Mən həm prezidentə, həm də onun xanımına canlı-canlı Şuşada bir neçə dəqiqə də olsa öz təşəkkürlərimi, minnətdarlığımı bildirdim. 2 saat da ona təşəkkür etsəydim az idi. O, bizi başqa bir dünyaya apardı. Onun bizə rəhbərlik etdiyi bu 17 ildə hər sahədə olduğu kimi Azərbaycan xalqının gənclərində vətənpərvərlik hissi o qədər yüksək səviyyədə aşılandı ki. Bir vaxtlar analarının qucaqlarında, o torpaqlardan qundaqda çıxan gənclər qəhrəmancasına doğma vətənimizin torpaqları uğrunda vuruşdular, vətənimizi işğaldan azad etdilər. Bu zəfərdə ölkə başçısı ilə yanaşı birinci xanım Mehriban Əliyevanın da xidmətləri var. Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev fondunun prezidenti olaraq Qarabağımızı, milli musiqi alətlərimizi, muğamımızı, milli-mənəvi dəyərlərimizi dünyada təbliğ edərək hər an, addım-addım öz əməlləri ilə bizi Qarabağımıza daha da yaxınlaşdırdı. Şəhidlərimizə, qəhrəman igidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun! Onları böyüdüb boya-başa çatdıran valideynlərinin qarşısında mən baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Allah onları var etsin! Xalqımız var olsun! 44 günlük müharibə dövründə xalqımız bir yumruq kimi cənab prezidentin ətrafında birləşdi. İnanın, mənim sevincimin həddi-hüdudu yoxdur. Mən 44 günlük müharibədə nələr çəkdim, bunu bir Allah bilir. Demək olar ki, yatmadım. Elə bilirdim ki, mən də səngərdə, əsgərlərimizin yanındayam. Hər gün fikirləşirdim ki, igidlərimiz Şuşaya necə qalxacaqlar?! O sıldırım qayaları necə dəf edəcəklər?! Şükür Allahın bu günki gününə!”

Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir bildirib. O daha sonra əlavə edib.

“Şuşaya gedəcəyim günü çox səbirsizliklə gözləyirdim. Biz ora getmək üçün koronovirus testi verməli idik. Mən bilirdim ki, sağlamam! O qədər həyəcan keçirirdim ki, birdən testin nəticəsi pozitiv çıxar, mən Şuşaya gedə bilmərəm. “Şuşaya gedirik” kəlməsi bilirsiz mənim üçün nə idi?! Dünyanın 30-dan çox ölkəsində olmuşam, bu zaman keçirdiyim hissləri heç bir vaxt keçirməmişəm. O qədər həyəcanlı idim ki. Tək mən yox, bizlə gedən Azərbaycanımızın bütün ziyalıları, sənətkarlarımız, jurnalistlərimiz hamımız eyni vəziyyətdə idik. Şükürlər olsun Şuşamıza girdik! Şuşa həminki Şuşa idi. Özünün gözəl təbiəti, uca və vüqarlı dağları, yaşıl yamacları, əzəməti ilə önümüzdə dayanmışdı. Düşmən nə qədər bizim tarixi abidələrimizi dağıtsa da, talan etsə də Şuşanın əzəməti yerində idi. Bir zamanlar mənim ulu babam Pənahəli xan Cavanşir Şuşa şəhərini inşa etdirərkən məhz oranın relyefini, gözəl təbiətini nəzərə alaraq Qarabağın paytaxtı elan etmişdi. O qalanı tikdirərək dövrünün tanınmış ziyalılarını, alimlərini, musiqiçilərini, şairlərini, rəssamlarını, nəqqaşlarını hamısını o şəhərdə yerləşdirmişdi. Sonradan isə Şuşada yaşamaq istəyənlər çöl qalada məskunlaşmışdılar. Dahi sənətkarımız Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını ifa edərkən o “Şuşalıyam, Şuşalı” demək istəyirdi. Bir zamanlar Şuşanın adı Pənah xanın şərəfinə Pənahabad adlandırılmışdı. İlk realnı məktəb Şuşa şəhərində idi. Mənim atam Xan Şuşinski də həmin məktəbi bitirib. Atam kiril, fars, ərəb, latın əlifbasında sərbəst yazıb oxuyurdu. Şuşa həqiqətən də mədəniyyət mərkəzi olub. Şuşaya bir zamanlar kiçik Paris, Qafqazın konservatoriyası deyilirdi. Mən deyərdim ki, Şuşa Qafqazın yox, Şərqin konservatoriyasıdır. Elə buna görə də cənab prezidentimiz Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etdi. Mənim atam işğaldan öncə dünyasını dəyişmişdi. Şuşaya çatanda, avtobusdan düşərkən mənim gözüm Şuşa həsrəti ilə dünyasını dəyişən Süleyman Ələsgərovu, Vasif Adıgözəlovu axtarırdı. O ziyalı insanların içərisində mən onları görmək istəyirdim. Hər birinin ruhları şad olsun! Atalı-analı, uşaqlıq illərimi keçirdiyimiz evimizə getdim. Həyat yoldaşım, Xalq artisti Fikrət Verdiyev, kürəkənim Xalq artisti, pianoçu Murad Hüseynov da mənimlə bərabər getdilər. Siz təsəvvür edin ki, nə kimi hisslər keçirmişəm?! Hələ də özümə gələ bilmirəm! O pilləkənlərə yaxınlaşanda bütün keçirdiyim gözəl günlər hamısı gözümün önündən lent yazısı kimi keçdi. İnanın ayağım, dilim, nitqim tutuldu. Güclə özümü toparladım, Fikrət müəllim məni tutdu. Həyətimizdəki bulaq yox idi, nadir ağaclar çıxarılmışdı, həyətimiz gözümə balaca dəydi! Üzeyir bəy kimi dahinin evini dağıtmaq olarmı?! Mən ad tapmıram bunlara verim! Bunlar millət deyil, tayfadır, şeytandan əmələ gəlmiş tayfadırlar. Heç vaxt tarixi silə bilməzsən, təbiəti dağıda bilməzsən, sıldırım qayalara sənin gücün çata bilməz. Sən kimsən?! Evimizi dağıdıblar, düzdü, bünövrəsinə gücləri çatmayıb, amma içini məhv ediblər, darvazaya kimi söküb aparıblar. Əllərində əlac olsaydı Üzeyir bəyin də, bizim evimizi də özülü qarışıq şumlayardılar. Çiçəklərin ləçəyindən, həyətimizin torpağından öpdüm, iylədim. İndi də danışanda çox həyəcanlanıram” deyə Xan Şuşinskinin qızı deyib.

Bəyimxanım xanım qeyd edib ki, atası Xan Şuşinski Zülfüqar bəy Hacıbəyovun evini satın alıb.

“Onu da qeyd etmək istəyirəm ki, mənim atam Xan Şuşinski Qarabağ xanı Pənahəli xan Cavanşirin oğlu Məhəmmədhəsən Ağa Cavanşirin kötücəsidir. O dövrdə babamın Şuşa ətrafında 3 kəndi olub. Korocaq, Xoca və Ballıca. Şuşa şəhərinin mərkəzində 3 böyük imarətləri olub. Sovet dönəmində o evlərin hamısı yandırılıb və dağıdılıb. Atam Şuşanı çox sevirdi. Şuşa haqda yazılan “Şuşanın dağları” adlı ilk mahnı atama məxsusdur. Sözləri də musiqisi də atama aiddir. Atam sətiraltı olaraq bizim müqəddəs bayrağımızı gələcək nəsillərə çatdırmağa çalışmışdı. Duman mavi rəngdə, qırmızı koftalı, yaşıl tumanlı deyə bildirilmişdi. O dövrdə atamı dönə-dönə NKVD-yə çağırıblar ki, Sovet Şuşasının da başı dumanlı olarmı?! Təbii ki, atam Şuşanı canından çox sevirdi. Atam 1928-ci ildə Xankəndində milli alətlərdən ibarət Qarabağ adlı ansambl yaratmışdı. Bu ansamblın üzvləri ilə Azərbaycanın bir çox yerlərində konsert proqramları ilə çıxış edirdilər. Atam Qarabağı, Şuşanı çox sevirdi. Təvazökarlıqdan uzaq da olsa deyəcəyəm ki, Xan Şuşinski Qarabağın simvolu idi. 1960-cı ildə atam Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. 60-cı ildən başlayaraq biz hər yay ora gedirdik. Bizim evimiz Üzeyir bəyin ev muzeyi ilə bitişik iki mərtəbəli bir ev idi. Hər il bu muzeyi bir çox əcnəbilər gəlib, ziyarət edərdilər. Bilən də ki, o biri evdə canlı korifey Xan Şuşinski yaşayır, gəlib atamla çəkil çəkdirib, avtoqraf alardılar. Biz may ayından gedərdik, bir də sentyabr ayında geri dönərdik. Şuşanın mərkəzində güllü bağ var idi. Hamı bilirdi ki, bağın girəcəyində skamyada Xanın öz yeri var idi. Əgər atam gəlib orada oturmurdusa, istəyir o bağda min nəfər adam ola, on nəfəri ayaqüstə qala, yer tapmaya oturmağa onların heç biri orada oturmazdılar ki, bura Xanın yeridir” deyə sənətkarın qızı bildirib.

Geri qayıt