Əsas Səhifə > Şou-biznes > “Space TV”-nin qısa zamanda televiziya halına gələcəyinə ciddi şübhəm var..."
“Space TV”-nin qısa zamanda televiziya halına gələcəyinə ciddi şübhəm var..."22-05-2021, 08:30 |
Ötən gün “SpaceTV”-yə yeni rəhbər təyin olundu. Ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bu vəzifəyə gətirildi. Xatırladaq ki, Müşfiq Hətəmov 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Televiziya rəhbəri vəzifəsinə gətirilənə qədər isə o, Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb. Bəs mütəxəssislərin də qeyd etdiyi kimi, “bataqlığa qərq olan”, ciddi maliyyə problemləri yaşayan televiziyada bundan sonra hansı yeniliklər ola bilər? İlk öncə xatırlatma verək ki, “SpaceTV”1997-ci il oktyabrın 12-də yaranıb. 1997-2001-ci illərdə televiziyanın rəhbəri Eldar Namazov, 2001-2006-cı illərdə isə Etibar Babayev olub. Kinorejissor Vaqif Mustafazadə 2021-ci ilə qədər şirkətə rəhbərlik edib. Onun dövründə televiziya verilişlərinin formatı, konsepsiyası barədə tez-tez tənqidi fikirlər səslənib. “SpaceTV” bundan sonra daha çox “Hindistan filmlərini yayımlayan televiziya” rəyi yaratmağa başladı. Son illərdə isə televiziya aparıcıları bir-birinin ardınca bu televiziyanı tərk etməyə başlamışdı. Səbəb isə əsasən maliyyə problemləri göstərilirdi. Vaxtaşırı şirkətin əməkdaşlarının aylarla maaş almaması ilə bağlı məlumatlar yayılırdı. Nəhayət, 2021-ci il fevralın 5-də Vaqif Mustafayev vəzifəsindən azad edildi. Televiziyanın təsisçisi Sevil Əliyeva Vaqif Mustafazadənin şəxsən onun tərəfindən bu vəzifədən kənarlaşdırıldığı haqda açıqlama vermişdi. Sevil Əliyeva son zamanlar telekanalın təqdim etdiyi verilişlərin səviyyəsinin aşağı olmasının ciddi narahatlıq doğurduğunu dilə gətirmişdi: “Məsələ ondadır ki, ”Space"in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçılarının rəyi ilə tam şərikəm. Mən yaratdığım zaman onu belə görmürdüm. Bütün bunlar Vaqif Mustafayevin “Space” rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz". Bir qədər sonra televiziya rəhbərliyinə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirildi. Cəmi 5 gün sonra Ü.Mikayılova bu vəzifədən istefa verdi. Mətbuatda yayılan məlumata görə, o, televiziyanın kollektivi ilə tanış olduqdan sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib. Səbəb isə şirkətdə mövcud olan çoxsaylı problemlərdir. Tanınmış teletənqidçi Qulu Məhərrəmli yeni rəhbər təyinatından sonra “SapaceTV” ilə bağlı gözləntiləri haqda “Yeni Müsavat”a danışıb: “Bizdə bu cür problemləri olan, yəni həm maliyyə, təşkilati struktur, həm də yaradıcılıq, konsepsiya problemləri yaşayan təkcə ”Space TV" deyil. Məsələn, “Lider TV” və digər, xüsusən də özəl televiziyalarda bu cür və digər problemlər var. “SpaceTV”yə gəldikdə, bu televiziya uzun müddət bataqlıqda qalmış televiziyadır. Bundan əvvəlki rəhbər, ümumiyyətlə, televiziya adamı deyildi. O, yaxşı kino adamı, rejissor idi, lakin televiziya işindən heç bir anlayışı yox idi. Ona görə də özünün təsəvvüründə olan ev televiziyası düzəltmişdi və bu cür də prosesləri yola verirdi. Hazırda ən çətin proqnoz vermək televiziyalarla bağlıdır. Bu barədə proqnoz vermək hava haqqında proqnoz verməkdən də çətindir. Çünki televiziyada, o cümlədən “SpaceTV” kanalında o qədər qeyri-müəyyən və mürəkkəb proseslər var ki, ona görə də “nə etmək, necə etmək olar” sualına cavab verməkdə çətinlik çəkirəm". Qulu Məhərrəmli qeyd etdi ki, son illərdə televiziyaların rəhbərliyinə təyin olunan adamların prodüser keyfiyyətlərinin olmasına xüsusi diqqət yetirilir: “Yəni düşünürlər ki, prodüser keyfiyyətli adamlar menecer kimi televiziyanı irəli apara bilərlər. Lakin prodüserlik keyfiyyəti işin bir tərəfidir. Amma bu, televiziyanın necə şəkil almasına kömək edəcək, bu, tamam başqa məsələdir”. Teletənqidçi Müşviq Hətəmovun “SpaceTV”yə rəhbər təyin olunmasına da münasibət bildirib: “Müşviq Hətəmovu şəxsən tanıyıram. O, yaxşı təşkilatçılıq, iş qabiliyyətinə malik insandır. Lakin bununla yanaşı ”Space TV"də nəyinsə çox qısa zamanda düzəlib, formalaşıb, televiziya halına gələcəyinə ciddi şübhəm var. Çünki burada yaradıcı kollektiv var, konsepsiyaya yenidən baxmaq ehtiyacı var, yayım cədvəli təzələnməlidir, xəbər proqramına yenidən baxılmalıdır. Həmçinin tok-şouları hazırlamaq, hansı səpkidə bunları etmək barədə çoxlu suallar var. Beləliklə, “SpaceTV”də görüləcək işlər kifayət qədər çoxdur və yeni təyin olunmuş rəhbərə uğurlar arzulayırıq. Çox arzu edirik ki, Müşviq Hətəmov “SpaceTV”ni o bataqlıqdan dartıb çıxara bilsin". //musavat.com// Geri qayıt |