Əsas Səhifə > Şou-biznes > “Azərbaycanfilm” müharibəyə dair filmlər hazırlayır
“Azərbaycanfilm” müharibəyə dair filmlər hazırlayır24-05-2021, 08:36 |
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 1920-ci ildə təsis edilib. Hazırda qurum Mədəniyyət Nazirliyinin tərkibində öz fəaliyyətini davam etdirir. Hafta.az-ın əməkdaşı “Azərbaycanfilm”in inzibati binasında oldu. Binanın dar və uzun dəhlizi, köhnə dizayn edilmiş divarları, film qoxan ab-havası fərqli bir aura yaratmışdı. Milli kinolardan fraqmentləri özündə əks etdirən ağ-qara fotolar asılmışdı hər iki tərəfdən. Qısa gəzintimiz zamanı bizə “Azərbaycanfilm”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy bələdçilik etdi. Zəngin, lakin bir o qədər qarışıq olan arxiv otağında xeyli maraqlı geyim və əşya var idi. Burada mövcud olan ən maraqlı əşyalardan “Qayınana” filmində istifadə edilən güzgü, “Cavadxan”, “Hökmdarın taleyi” filmlərində istifadə edilən dəbilqələr, “Qərib cinlər diyarında”dakı toppuzlar, “Üzeyir ömrü” filmində geyinilmiş paltarları misal çəkmək olar. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının baş direktoru Fariz Əhmədovla həmsöhbət olduq. Həmin müsahibəni sizlərə təqdim edirik. - Fariz müəllim, Vətən müharibəsindən sonra “Azərbaycanfilm”in fəaliyyəti, bu istiqamətdə görülən və görüləcək işlər haqqında nə deyə bilərsiniz? - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri arasında “Müharibənin uşaqları” və “Fulya” adlı sənədli film layihələri “Azərbaycanfilm” tərəfindən istehsal ediləcəkdir. “Müharibənin uşaqları” sənədli filmi müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində zədə almış uşaqların, post-müharibə dövründə psixoloji reabilitasiyası üçün Kukla Teatrının həmin bölgələrə qastrola çıxması ilə ümidverici filmdir. Filmin rejissoru və ssenari müəllifi Leylaxanım Qənbərlidir. “Fulya” sənədli filmi isə müharibə dövrünün bütün həqiqətlərini, erməni barbarlığının yıxıcı təsirlərini dünyaya ilk səsdən çatdıran “CNN Türk”ün müxbiri Fulya Öztürkün həmin bölgələrə yenidən səyahəti ətrafında baş tutacaq. Filmin rejissoru və ssenari müəllifi Tahir Tahiroviçdir. Bundan əlavə qeyd etməliyəm ki, Bakı Media Mərkəzi ilə birgə hazırladığımız növbəti layihə “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dövründə öz telefonlarında videoçəkilişləri ilə və ümumən diqqətəlayiq, trendə düşmüş insanlardır. Daha sonra, “Görünməyən qəhrəmanlar” adlı 5 sənədli-salnamə janrında filmdən ibarət layihəmiz, artıq Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. Böyük Zəfərimizin milli kinoda növbəti mühüm əksi hal-hazırda istehsal öncəsi mərhələsində olan və bu ilin iyul-avqust aylarında çəkilməyi planlaşdırılan “Həyat deyəsən gözəldir” bədii filmidir. Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayevdir. - Bəs pandemiya dövründə qurumun fəaliyyəti nə cür təşkil edildi? Pandemiyanın işlərinizə hansı təsirləri oldu? - Təəssüf ki, bütün dünyada tüğyan edən koronavirus və buna paralel qapanmalar, ölkəmizdə bir çox sahələrdə olduğu kimi, kino sənayemizə də dərindən təsir göstərdi. Film istehsalı, nümayişlər dayandırıldı və kino-teatrlar qapandı. Ümidverici hal odur ki, artıq bir çox dünya ölkələri tədricən öz ahənginə qayıdır və biz də öz növbəmizdə mövcud qaydalara uyğun şəkildə fəaliyyətimizi təşkil edirik. - Axırıncı dəfə quruma nə vaxt maliyyə vəsaiti ayrılıb? Vəsaitlər daha çox nələrə xərclənib? - “Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 mart 2019-cu il tarixli Sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilmiş və ayrılan büdcə ilə 30 ildən artıq bir müddətdən sonra kinostudiyamızın çəkiliş avadanlıqlarının bazası tamamilə yenilənərək, ən son standartlara cavab verən kameralar, işıqlandırma texnikaları və digər lazımi qurğularla təmin edilmişdir. Bu, hazırda bizim üçün ən sevindirici haldır. - Mədəniyyət naziri və “Azərbaycanfilm”in rəhbəri dəyişdikdən sonra fəaliyyət istiqamətinizdə hansı dəyişikliklər oldu? İslahatlar həyata keçirilirmi? - Bunu mütləq vurğulamalıyam ki, yeni Mədəniyyət nazirimiz dünyadakı kino sənayesi ilə yaxından maraqlanır. Onun ən mühüm addımlarından biri, bu ilin mart ayında nazirliyin kino şöbəsinin müdiri ilə birgə, bu sahədə olduqca ixtisaslaşmış qardaş ölkə Türkiyəyə səfəri və yaxın zamanda müştərək film layihələri üçün Türkiyənin ən böyük 18 film istehsalı şirkətinin rəhbərləri ilə görüşərək ikili müqavilələrə imza atmasıdır. Bu baxımdan, yeni kino siyasətində beynəlxalq film şirkətləri ilə müştərək istehsala olduqca əhəmiyyət verilir. Məlumat üçün qeyd edə bilərəm ki, “Azərbaycanfilm”in istehsal edəcəyi yeni filmlərdən Elçin Musaoğlunun “Məryəm” (“Sinema evi” şirkəti), Asif Rüstəmovun “Mərmər soyuğu” (Fransa) bədii filmləri və Tahir Əliyevin “Fulya’’ (Türkiyə) adlı sənədli filmi birgə istehsal layihələridir. Kinostudiyada isə köklü kadr islahatları gedir, ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və layihələndirmə şöbələrimizə dəvət etdiyimiz gənc, ambisiyalı əməkdaşlarımızla qarşıdakı hədəflərə daha sürətlə yaxınlaşırıq. İdarəetmə modeli və strukturumuz isə beynəlxalq praktikaya əsaslanaraq yenilənir. Beynəlxalq film festivalları və təşkilatları ilə əlaqələrimizi gücləndiririk. Bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı “Xosrov və Şirin” 12 seriyalı televiziya layihəsinin istehsalöncəsi hazırlıqları davam edir. İctimai TV ilə birgə hazırladığımız 24 hissəli “Bizim kino” layihəsi isə davam edir və kinosevərlərin sevgisini qazanıb. Bundan əlavə, Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlanır. Daha sonra qeyd edə bilərəm ki, 17 klassik filmimizin ingiliscə subtitrləşdirmə işləri yekunlaşmaq üzrədir. Ən əsası isə filmlərin istehsalöncəsi mərhələsindən son mərhələyədək olan (pre-production, production, post-production) bütün dövrünün, produktiv, standartlara uyğun və hər cəhətdən şəffaf təşkili üçün maksimum əmək sərf edəcəyik. İzləyicilərimiz isə fəaliyyətimizə dair yeniliklərdən mütəmadi olaraq, audio-vizual məzmunlarla məlumatlandırılır. - Mövcud çətinliklər nələrdir? - Bildiyiniz kimi, studiyanın mövcud binaları 1956-cı ildə tikilib, bu səbəbdən qarşıda duran başlıca məsələrdən biri də təmir-tikinti işləridir. Bundan əlavə, hal-hazırda kinostudiyanın yenilənmiş çəkiliş avadanlıqları bazasının bizə yaratdığı imkanlarla 2 bədii və 2 sənədli filmin istehsalını paralel şəkildə təşkil edə bilirik, lakin missiyamız bu rəqəmləri yüksəltmək və digər çatışmazlıqları da aradan qaldırmaqdır. - Hazırda binada təmir gedir, təmirdən sonra hansı yeniliklər olacaq? - Bütünlükdə təmir və yenidənqurma üçün layihələndirilmə aparılıb, lakin təmir işləri hələ başlamayıbdır. Ümid edirik ki, önümüzdəki zamanda buna nail olacağıq. Geri qayıt |