Əsas Səhifə > Şou-biznes > "Hər halda atam mədəniyyət sahəsi üçün az şey etməyib"
"Hər halda atam mədəniyyət sahəsi üçün az şey etməyib"19-06-2021, 08:54 |
Mərhum Xalq artisti Arif Quliyevin ölümündən 40 gün keçməsinə baxmayaraq, qəbirüstü daşı hələ də hazırlanmayıb. Məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən mərhumun oğlu Rövşən Quliyev bildirir ki, ailə üzvləri bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözləyir: "Atam vəfat edəndən sonra anamın vəziyyəti ağırlaşıb. Əvvəl də xəstə idi, atamın vəfatından sonra səhhəti daha da pisləşib. Onun səhhətinə görə, atamın məzarını hazırlamağa maddi imkanımız çatmır. Mədəniyyət Nazirliyi bu baxımdan bizə yardım etsə, yaxşı olar. Hər halda atam mədəniyyət sahəsi üçün az şey etməyib. Ən azından birləşib qəbirüstü daşını götürmək olar". Məlumat üçün bildirək ki, A.Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib. Müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir. Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi. Qeyd edək ki, ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu. Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Geri qayıt |