Əsas Səhifə > Şou-biznes > "Bu gün babamın doğum günüdür"

"Bu gün babamın doğum günüdür"


16-07-2021, 08:46
"Bu gün babamın doğum günüdür"
“Bu gün babamın doğum günüdür. Sizə təşəkkür edirəm ki, babamı yad edirsiz. Babamın doğum günlərini təntənəli qeyd etməyinin heç vaxt şahidi olmamışam. Təntənədən uzaq idi, xoşlamırdı. Ailə daxilində yüngülvari qeyd edərdik doğum günlərini. Bir də babam nənəmə çox bağlı biri idi, onların çox böyük məhəbbət hekayəsi olub. Nənəmi 1997-ci ildə itirdik, babam ondan sonra 6 il yaşadı. Nənəmi itirəndən sonra hər doğum günlərində onun qəbrini ziyarət edərdi”

Bunu Moderator.az-a açıqlamasında əfsanəvi müğənni, Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev deyib. O daha sonra əlavə edib.

“Babam həmişə deyirdi ki, İçərişəhərin “ağşalvarlılar” məhəlləsindənik. Heç vaxt deməzdi ki, “bakılıyam”, deyərdi ki, “Bakıdanam”. Babama musiqiyə maraq anası Sona xanımdan keçib. Sona xanıma rəfiqələrini evə qonaq çağırıb, onlar üçün qarmon çalarmış. Babam konservatoriyada Bülbülün sinfində oxuyub. Hətta Bülbül istəyib ki, babamı opera müğənnisi kimi hazırlasın, amma Tofiq Quliyev etiraz edib və bildirib ki, Mirzənin səsi estrada mahnılarının ifası üçün uyğundur. Tofiq Quliyevlə, Emin Sabitoğlu, Vaqif Səmədoğlu ilə çox yaxın dostluğu olub. Tofiq Quliyev çox filmlərin musiqisini yazıb, o həmişə deyirdi ki, əgər həmin filmdə Mirzə çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da bir mahnı yazırdım ki, Mirzənin ifası kino lentində qalıb. Nə yaxşı ki, o bu cür fikirləşib, indi babamın ifaları bir çox filmlərdən eşidilir. Ümumilikdə 50-yə yaxın filmə çəkilib, özü də təkcə ölkəmizdə deyil, bir çox müttəfiq respublikalarda da. “O olmasın, bu olsun” filmində Məşədi İbad obrazına babam çəkilməli idi, ona mane olublar. Təkcə Məşədi İbadın dilindən səslənən mahnıları babam ifa edib. Ona mane olanlar həddindən artıq çox olub. Çünki sovet vaxtı idi, babamın səhnə hərəkətlərini, ifa tərzini qəbul etməyənlər çox idi. Müğənni gərək səhnədə oxuyanda bir yerdə dayanıb durardı. Bu tələb var idi o vaxt. Amma babam əl-qol hərəkətlərindən çox istifadə edirdi. Daxilən həmişə çox gənc idi, müasir geyimlərdən istifadə edirdi. Buna görə də bir çoxları tərəfindən qınanılırdı. Amma bütün bunlara baxmayaraq səhnədə olduğu kimi həyatda da şux, həyatsevər idi” deyə Emin Babayev deyib.


Geri qayıt