Əsas Səhifə > Şou-biznes > “Bilsəydim ki, sənətə gələndən 10 il sonra meydanda tək qalacam, anında gedərdim...”
“Bilsəydim ki, sənətə gələndən 10 il sonra meydanda tək qalacam, anında gedərdim...”5-04-2022, 08:47 |
“Bütün mövzularımın əvvəli də, sonu da anadır. Anamı hər zaman axtarıram, axtaracağam da. Mənim bu gün əgər anam yanımda deyilsə, o mənim göz yaşlarımdır, iç fəryadımdır, ömürlük dərdimdir. Anamı itirəndən sonra hər gün yanıram, ağlayıram. Məclislərdən birində hansısa həmkarım demişdi ki, əşi, ölüb-ölüb də, hamının anası ölür. Amma elə deyil. Onlar bu sözü deməklə bildirirlər ki, vaxtında analarının “qədrini” necə biliblər. Heç vaxt deməsinlər ki, filankəsin anası 90 yaşında dünyasını dəyişdi. Bu mənim çox acığıma gəlir. 100-115 yaşında yaşayan analar var, ananın yaşı olmur. Kim ki, anasını baş tacı edir, o mənim də başımın tacıdır. Kim anasını sevirsə mənim dostumdur”. dia-az.life xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova bildirib. O daha sonra əlavə edib. “Atadan, anadan söz düşəndə uşaqlıq illərim yadıma düşür. Düşünürəm ki, kaş o illəri yenidən yaşayardım və atama da, anama da deyərdim ki, mən müğənni olmaq istəmirəm! Hər iki valideynimin arzusu idi ki, müğənni olum. Dağlı məhəlləsində yaşayırdıq, nədənsə məhəlləmizin adı ağır idi. Həmin o məhəllədən Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Şəfiqə Eyvazova, Seyfəddin Dağlı və s. şəxsiyyətlər çıxıb. Atam muğamları çox gözəl bilirdi, özünün arzusu idi ki, xanəndə olsun. 1972-ci ildə peşəkar səhnəyə gəldim. Tərəddüdlərim çox olub, bilsəydim ki, sənətə gələndən 10 il sonra meydanda tək qalacağam, dostumu, düşmənimi tanımayacağam, anında sənətdən gedərdim. Hansı ansambla gedirdimsə, hiss edirdim ki, məndən də önəmli müğənnilər var. Amma indi həmin müğənnilər yoxdur. Mənim içimdə çoxşaxəli ifaçılıq var idi. Mənim üçün bu acı taleydir, mənə elə gəlir ki, sənət mənim üçün deyil. Çox şeylər yaşadım, mətinləşdim, dəmir kimi oldum” deyə xalq artisti bildirib. Nisə Qasımova onu bir zamanlar əcnəbi xalqların nümayəndələrinə bənzətdiklərini də bildirib. “Mən artıq sənət aləmində tanınırdım. Hamı deyirdi ki, bunun anası ya Ukrayinkadır, ya da ki, Almandır. Rəhmətlik Ələkbər Tağıyev dedi ki, sən bir mahnı oxuyub onlara sübut etməlisən ki, Azərbaycan qızısan. Beləliklə də “Azərbaycan qızıyam” mahnısı yarandı” deyə Nisə Qasımova bildirib. Geri qayıt |