Əsas Səhifə > Şou-biznes > “Ayrılıq da yaşamışam, kədər də, amma göz yaşımı hər zaman gizlətmişəm”

“Ayrılıq da yaşamışam, kədər də, amma göz yaşımı hər zaman gizlətmişəm”


29-03-2023, 09:51
“Ayrılıq da yaşamışam, kədər də, amma göz yaşımı hər zaman gizlətmişəm”
“Zeynəb mənim gözümün ağı-qarası bircə bacım idi. Bəzən yalnış fikirlər söylənilir, düzgün olmayan fikirlər yazılır ki, guya bizim münasibətimiz olmayıb. O fikirlərə mən bir kəlmə ilə münasibət bildirmək istəyirəm ki, ey insanlar, bilmədiyiniz, görmədiyiniz, qulağınızla eşitmədiyiniz, şahidi olmadığınız hadisəni danışmayın. Ən azından bu günahdır. Hər ailədə söz-söhbət olur. Bu bir qanundur. Heç kim deyə bilməz ki, bizim ailədə söz-söhbət olmayıb. O mənim ata bir, ana bir bacım, ciyərimdir. Ət dırnaqdan ayrılmaz. Dəfələrlə Zeynəb bacım da efirlərdə bu haqda danışıb. İnanın ki, onun yeri, həyatımdakı boşluğu görünür. Övladı ilə də üz-üzə oturanda deyirəm ki, kaş elə yanımızda olaydı, böyük bacı kimi bizi danlayaydı. Ürəyi necə istəyir, nə istəyir edərdi, eybi yox. O bir az səbrsiz idi. Onun yeri boşdur, görünür. Canımın bir parəsi idi. Bu gün balaları, nəvələri mənim yanımdadırlar. Zeynəbin iyini onlardan alıram, onlara baxıb təsəlli tapıram. Elə bilirəm ki, bacım da yanımdadır. Bu gün Ramazan süfrəsində oturub, iftarımızı bir yerdə açırıqsa, çörəyimi onlarla paylaşıramsa, inanıram ki, bacımın ruhu şaddır. Mən Allahdan dünyasını dəyişən bütün bacılara rəhmət diləyirəm. Allah mənim bacıma da rəhmət etsin”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

“Allahın işinə heç kimin qarışmağa ixtiyarı yoxdur. Oğlum Əlidən sonra efirlərə çıxmamağı düşünürdüm. Amma tamaşaçılarımın sevgisi məni səhnəyə, efirlərə qaytardı. Allah məni ana edəndə sevindirdi, məndən oğlumu aldı və böyük səbr verdi. Ayaqda qalmağa yerdə tamaşaçılar, göydə isə Allahın sevgisi məni güclü etdi. Bu boyda sevgini büküb, bir kənara ata bilməzdim. Özümü nankor hiss edərdim. Mən axı nankor deyiləm. İnanın 1 il mənim evimin qapıları bağlanmadı. Öz-özümə söz verdim ki, mən səhnəyə qayıdacam” deyə sənətkar bildirib.

Xalq artisti həyatının mahnılarına sirayət etməsindən də danışıb.

“Bəstəkarlar mənim ifamda lirik mahnıları daha çox sevirdilər. Lirik mahnıların da ayrılığı, həsrəti, sevgisi var. Lirik silsilə mahnılarımın hər birinin qəribə bir tarixçəsi var idi. Həyatda sevincli, kədərli anlarım da olub. Ayrılıq da yaşamışam, kədərim də olub. Amma göz yaşımı gizlətmişəm. Hər zaman övladlarımı fikirləşmişəm. Nə qədər də kədərimi gizlətsəm də şair Nüsrət Kəsəmənli bunu görürdü. “Mənim göz yaşımı görməyəcəksən” mahnısı belə yarandı. Həyatım zaman-zaman oxuduğum mahnıların mövzusuna da təsir edib. İllər keçsə də, hər vaxt mahnılarım sevilir. Hər müğənninin bir sevilən, seçilən mahnısı, ifası olur. Bu elə bir mahnı olmalıdır ki, o həyatda olmasa belə, hər zaman həmin mahnı ilə yada düşməlidir. Bu baxımdan çox xoşbəxt bir sənətkaram. Mahnılarımı oxuyanların sayı-hesabı yoxdur. Mən oxuya bilməyənlərin də xətrinə dəymirəm. Bütün bunlar məni sevindirir ki, gələcək nəsillər üçün bir şeylər yarada bilmişəm. “Nə olar Allahım ayırma bizi” mahnısını Nüsrət Kəsəmənli və Cabbar Musayev yaratmışdı. Nüsrət müəllim deyirdi ki, “Nazpərinin səsi gələndə mən özümü itirirəm, həyəcanlanıram, onun səsində bir qəribəlik var” deyə xalq artisti bildirib.

Geri qayıt