Əsas Səhifə > Şou-biznes > "Mən artıq 18 yaşlı oğlan rollarını oynaya bilmərəm"

"Mən artıq 18 yaşlı oğlan rollarını oynaya bilmərəm"


24-06-2023, 06:54
"Mən artıq 18 yaşlı oğlan rollarını oynaya bilmərəm"
“Vaxtilə cavan rollar oynamışam, indi yaşlaşmışam. Arzu edirəm ki, indiki vaxtda yaxşı ssenarilər yazılsın, yaşıma uyğun rollarda oynayım. Nə qədər sağam, oynamaq istəyirəm. Mənim də tamaşaçılarım var, tamaşaçılarımı sevindirmək istəyirəm. Obrazın müəyyən qrimi, geyimi olmalıdır. Hər halda mən artıq 18 yaşlı oğlan rollarını oynaya bilmərəm. Bəzən deyirlər ki, Rasim Balayev filmlərdə çəkilmir. Niyə çəkilmirəm ki? Dərin psixoloji ssenari, əsər olsa çəkilərəm. Mənim potensial imkanlarıma uyğun rol yazsınlar, oynayım. Amma hələ ki, yoxdur. Düşünürəm ki, olacaq. Amma gec olmasın”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. Sənətkar bildirib ki, dünya ölkələrində məşhur aktyorlar üçün xüsusi rollar yazılır.

“Bu qədər rollar oynamışam, hələ bir nəfər deməmişəm ki, mənim üçün rol yazın. Təklif ediblər, yoxlayıblar, çəkilmişəm. Xaricdə böyük aktyorlar üçün xüsusi rollar yazılır. Cavan adam üçün əsər yazılmır. Cəfər Cabbarlı da vaxtilə teatr aktyorlarını görüb, onlar üçün rollar yazırdı. Bizdə film sektoru inkişaf edəndə, qonşu dövlətlərdə hələ yeni yaranırdı. Bir az ləngimə oldu, neçə illər bu sahə maliyyələşmədi. Bu da birdən-birə olmur ki. Bunun üçün vaxt lazımdır. Bir az biz bu fasilədə müəyyən şeyləri unutduq. Mənə elə gəlir ki, Azərbaycan kinosu öz yerini, younu tapacaq. Ümid edirəm və inanıram ki, bir gün kinomuz mənim arzuladığım zirvədə olacaq”, - deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, vaxtilə komik rollarda oynamaq istəyib, amma rejissorlar onu çəkməyib.

“Məni ciddi baş rolların aktyoru etdilər. Dedim ki, mən özümü qəhrəman yox, xarakterik rolların aktyoru sayıram. Haqqımda elə fikirlər yarandı ki, guya tragikomik, komik rollar oynamıram. Artıq komik rollar istəyəndə də, kino sahəsi maliyyələşmədi. Amma dəvət olunsaydım, əlbəttə ki, çəkilərdim”, - deyə aktyor bildirdi.

Xalq artisti övladlarının onun yolunu davam etdirməməsinin səbəbini də açıqlayıb.

“Övladlarım sənətdə yolumu davam etdirmədi. Çünki mən onların gözünün qarşısında idim. Günümü görürdülər. Yəqin ki, qorxdular ki, aktyor belə olur?! Oğlumun biri “Babək” filmində kiçik bir epizoda çəkilmişdi. Dedi ki, “ata bu nə ağır işdir belə?!”. Sonra başqa sənəti seçdilər. İstedadları olsaydı onların qarşısını kəsməzdim, amma gördüm ki, nə istedadları var, nə də ki, həvəsləri. Hərənin öz taleyi var, peşman deyiləm” - deyə sənətkar bildirib.
Geri qayıt