Əsas Səhifə > Şou-biznes > “Amaliya Pənahovaya yalvarsam da məni teatrda saxlamadı...”

“Amaliya Pənahovaya yalvarsam da məni teatrda saxlamadı...”


16-01-2024, 10:03
“Amaliya Pənahovaya yalvarsam da məni teatrda saxlamadı...”
“1995-ci ildən Aztv-də uşaq verilişlərində görünməyə başlamışam. Əlbəttə ki, atamın dəstəyi, köməyi ilə. Verilişin adı “Sehrli güzgü” idi. Bilirsiniz ki, mən məşhur aktyor, əməkdar artist Sadıq Hüseynovun oğluyam. Atama uşaqlar “Savalan baba” deyirdilər. Diktor Ofeliya Sənani atamla birgə həmin verilişdə çalışırdı. Rafiq Səməndər redaktor idi. O vaxt atama dedim ki, “mən də bu verilişdə çıxış etmək istəyirəm”. Mənə dedi ki, “hansı obrazı istəyirsənsə yaz, apar redaktora göstər”. Yazdım, təsdiqləndi. Obrazın adı Tənbəl Əhməd idi. Başladım oynamağa. 1 ildən sonra obrazıma kimlərsə əngəl oldular. Demişdilər ki, “aktyor kimi yaxşısan, amma uşaqlar sənə baxanda tənbəlləşir”

Bunu Moderator.az-a açıqlamasında bir zamanların uşaq qəhrəmanı, “Karlson” obrazı ilə balacaların sevgisini qazanan əməkdar artist Arzu Hüseynov deyib. O daha sonra əlavə edib.

“Daha sonra Tənbəl Əhməd obrazımın adını Nərbəlaya, Karlsona dəyişdilər. 2006-cı ilə qədər mən Aztv-də çıxış etdim. 2006-cı ildə “Sehrli güzgü” verilişi bağlandı. Aztv-nin o vaxtkı rəhbəri Nizami Xudiyev idi. Bizim redaktorlar, rejissorlar heç nə edə bilmədilər. Bir neçə obraz gəldi, amma o qədər də sevilmədilər. Ən çox sevilən Ovçu Pirim, Sim-Sim Lələ, Savalan baba və mənim oynadığım obrazlar idi. Kollektivimiz də dağıldı. Beləliklə yaradıcılığımda ən çətin günlərim başladı” deyə aktyor bildirib.

Əməkdar artist bildirib ki, illərdir ki, heç bir yerdə çəkilmir, film və seriallara dəvətləri yoxdur.

“2020-ci ilə qədər seriallarda çəkilirdim. Xalq artisti Vaqif Mustafayev məni 4 filminə çəkdi. 2020-ci ildən sonra məni heç bir filmə çəkən olmadı. Yada salan olmadı. Oturmuşam evdə. Günü bu günə qədər məni heç kim dəvət etmir. Elə-belə verilişlərə dəvət ediblər, amma seriallara, filmlərə yox. Bir neçə dəfə də rejissorlar haqqımda deyib ki, uşaq verilişlərinə çıxır, necə ciddi rol oynaya bilər?! Vaqif Mustafayevdən böyük sənətkarsınız? O məni ciddi filmlərə çəkdi, siz çəkə bilmədiniz?! Bir filmə də çəkildim, heç premyerasına da məni çağırmadılar. Səbəbini soruşanda dedilər ki, uşaqların yadından çıxıb. Yaradıcılığımdan, sənətimdən pul qazanmıram. Sosial şəbəkələrdə çəkib paylaşıram, o da mənə pul qazandırmır. Mən hazırda özüm çəkib, özüm də montaj edirəm. Hanısa bir televiziya olsa, çəkdiklərimi yayımlasa sevinərəm. 5-3 dəqiqə də mənə bəs edər. Yetər ki, hansısa verilişdə qısa səhnəcik kimi bunları yayımlasınlar. Onlardan maddiyat da istəmirəm. 5-10 manat qonorar yazarlarsa nə xoş. Yazmazlarsa onları məcbur etmərəm. Yaradıcı insanın ruhunu öldürməzlər” deyə aktyor bildirib.

Arzu Hüseynov Bakı Bələdiyyə teatrını tərk etmə səbəblərindən də danışıb.

“1995-ci ildən 2007-ci ilə qədər xalq artisti Amaliya Pənahovanın Bakı Bələdiyyə Teatrında işləmişəm. Atam 2003-cü ildə dünyasını dəyişəndən sonra teatrdan çıxdım. 2006-cı ildə yenidən teatra qayıtdım. Gözümdə problem var idi. O vaxt da eynək taxırdım. Tarixi tamaşalarda məcbur idim ki, eynəksiz səhnəyə çıxım. Rolumu oynayırdım, qaranlıq səhnələrdə çətinlik çəkirdim. Səhhətim məndə ruh düşkünlüyü yaratmışdı. Amaliya xanım çox tələbkar rəhbər idi. Hədsiz məşqlər edirdik. Hətta səhərdən axşama qədər məşq etdiyimiz vaxtlar olub. Qayğıkeş insan idi. Onun işləmə yolu belə idi. Öz kollektivini əlində saxlaya bilirdi, heç bir kişi rəhbərin etmədiyini etmişdi teatrı üçün. 23 nəfərə fəxri ad verdirmişdi. Mənə də onun tapşırığı ilə “Əməkdar artist” fəxri adını vermişdilər. Yubileyinə hazırlaşırdı. Yubiley tamaşasında yadırğamışdım. Çünki fasilələrlə bu teatra çıxıb qayıtmışdım. Obrazı oynamağım xoşuna gəlmədi. Məndən əsas rolu alıb başqa aktyora verdi. Mənə də dedi ki, epizodik səhnələrə çıxacaqsan. Sözün düzü incidim. Ona görə də yubileyə getmədim. Bu bəlkə də mənim səhvim idi. Yubileyə getmədiyimə görə 2007-ci ildə Amaliya xanım məni işdən çıxartdı. Buna səbəb isə Speys kanalındakı işimə gedib, teatrdakı yubileyə qatılmamağım olmuşdu. Nə qədər yalvarıb-yaxarsam da məni teatra götürmədi. Çox peşman oldum. Sonrakı peşmanlıq fayda vermir. Sonradan məni Speys tv-dən də çıxartdılar. Gözləri götürmədi, yalandan dedilər ki, maliyyə çatışmır. 2007-2009-cu illərdə işlədiyim telekanaldan məni yola saldılar. Başıma gələnlərə görə yalnız özümü günahkar görürəm. Kaş yubileyə gedərdim” deyə aktyor bildirib.

Geri qayıt