Əsas Səhifə > Şou-biznes > "Şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən...

"Şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən...


22-03-2024, 11:36
"Şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən...
Vətən müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Xalq artisti Aygün Kazımovanın açıq-saçıq hərbi geyimdə səhnəyə çıxmasına münasibət bildirib.

E.İslamoğlu Pravda.az-a açıqlamasında deyib ki, müğənnilərin, bəzi şou biznes nümayəndələrinin, məşhur şəxslərin tez-tez hərbi geyim formasından istifadə etmələri qəbuledilməzdir:

"Çünki hərbi geyim Vətən müharibəsindən sonra bir növ müqəddəsləşib. Biz 3 mindən çox şəhid vermişik və onların hər biri hərbi geyimdə şəhid olublar. Hərbi geyimin üzərində şəhidlərimizin, qazilərimizin qanı var. Biz o qan sayəsində torpaqlarımızı işğaldan azad etmişik. Buna görə də şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən Azərbaycan Respublikasının qanununu da unutmasınlar. İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, hərbi və xüsusi geyim formalarını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş şəxslər hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə olunacaqlar. Düzdür, elə şəxlər var ki, onlar üçün bu məbləğ çox kiçikdir, rahatlıqla cəriməni ödəyə bilərlər. Düşünürəm, gələcəkdə hərbi formadan istifadəyə görə daha sərt cəzalar verilməlidir. Hərbi formadan don tikdirənləri sərt şəkildə qınayıram. O forma əsl kişi geyimidir. Bu geyimi daşıyan xanım hərbçilərimiz də elə əsl kişi qeyrətli, mərd xanımlardır. Amma onlar hərbi xidmətdə bunu don formasında geyinmirlər. Tez-tez rast gəlirəm, hərbi geyimi don şəklinə salıb geyinir, hətta gəlinlik kimi istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Yaxşı olar, şou biznes nümayəndələri, məşhurlar öz vətənpərvərliklərini başqa geyimlərdə nümayiş etdirsinlər. Əgər özlərini doğrudan da vətənpərvər kimi göstərmək istəyirlərsə, zamanında - həm müharibə dövründə, həm də müharibədən sonra öz övladlarını döyüş bölgəsində hərbi xidmətə göndərərdilər. İndi də Orduya yüksək miqdarda yardım edərdilər. Hazırda xeyli qazimiz, müharibə iştirakçımız var ki, çətin vəziyyətdə yaşayırlar, ailə, sağlamlıq problemləri mövcuddur. Bütün bunların hamısını dövlət həll etməli deyil. Yaxşı olar ki, belə vətənpərvər müğənnilərimiz hərbi formada vətənpərvərlik göstərmək əvəzinə Vətən müharibəsi iştirakçılarına, onların övladlarının gələcəyinə dəstək olsunlar. Bax, onda biz onları alqışlayarıq. Hərbi formadan qanunsuz istifadə edirlərsə, hər biri ən sərt şəkildə cəzalandırılmalıdırlar. Bir müddət öncə hərbi geyimlərlə bağlı sui-istifadə halları azalmışdı. Amma deyəsən, son zamanlar bu mövzu yenidən gündəmə gəlir. Ümumiyyətlə, hərbi geyimdən istifadə qanunla tənzimlənir. Hərbçi olmayanların, hərbi xidmət göstərməyənlərin hərbi geyimdən istifadə etmələri, sui-istifadə hallarına yol vermələri yolverilməzdir. Əvvəllər bu kimi hallara tez-tez rast gəlirdik. "Hərbi formanın daşınması haqqında" qanunumuz var. Hərbi xidmətdə olmayan şəxslər yalnız o zaman hərbi geyimdən istifadə edə bilərlər ki, Ordudan təxris edilərkən ona bu barədə icazə verilsin. Həmin icazə hərbi biletdə öz əksini tapmalıdır. Əgər hərbi biletdə yazılmayıbsa, Ordudan təxris edilənlər də hərbi geyim geyinə bilməzlər. Bundan əlavə, hazırda hərbi xidmətdə olan şəxslərin hərbi geyimi daşımaq hüquqları var. Müharibədən sonra qazilərimiz də hərbi geyimdən istifadə edirlər. Düşünürəm, gələcəkdə bu da qanunla tənzimlənəcək. Yəqin ki, hərbi biletində buna icazəsi olmayan qazilər də zamanla hərbi geyim geyinə bilməyəcəklər".

Geri qayıt