Əsas Səhifə > Şou-biznes > “Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”

“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”


16-10-2024, 00:07
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”
“Hazırda heç bir yerdə çalışmıram. Vaxtilə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışırdım. Təxminən 10 il əvvəl. Müəyyən səbəblərə görə teatrdan uzaqlaşdım. Çünki teatrda maaş az idi, mən də dublyaj sahəsini seçdim. Bir müddətdən sonra başqa teatrlara qayıtmaq istəyəndə məndən soruşurdular ki, teatrdan niyə çıxmısan? Mən də açıq şəkildə dedim ki, dublyajı tutub, teatrı atmışam. Bu sözüm bir az direktorlarda ikrah hissi doğurdu”

Bunu Moderator.az -a açıqlamasında aktyor Mahir Mirişli deyib. O daha sonra əlavə edib.

“Sonradan teatrlarda əməkhaqqı qaldırıldı. Teatrlara müraciət etsəm də məni işə götürmədilər. Bir neçə teatrdan deyiblər ki, yaşı çoxdur, 47 yaşında aktyor axtarmırıq, gənc axtarırıq. Mehriban Ələkbərzadənin feysbuk səhifəsinə mesaj bölməsinə yazmışam. Son sözü bu olub ki, əgər sən ulduz yaxud cavan aktyor olsaydın mən səni işə götürərdim. İndi sənin potensialının, istedadının mənə aidiyyatı yoxdur. Yaşın çoxdur. Hələ 65 yaşa çox var axı. 65 yaşa qədər bilirsinizmi mən nə qədər tamaşalarda oynaya bilərəm. Bu dəqiqə mən yaşda aktyor teatrlarda baş rejissorun, direktorun marağında deyil. AZDRAMA-da niyə 3-4 ay “çitka” məşqləri gedir? Aktyorlar üzündən belə oxuya bilmirlər! Aktyorun potensialı, istedadı rəhbərlik üçün qətiyyən maraqlı deyil! Bu dəqiqə dövlət teatrlarında aktyorun işə qəbul olunması puldur, rüşvətdir. Konkret qiymətləri də var. Ya Nazirlik tərəfindən tapşırılmalıdır, ya da konkret qiymət deyilməlidir. Mən bunu tam məsuliyyətlə deyirəm” deyə sənətçi bildirib.

Mahir Mirişli bildirib ki, hazırda təkcə dublyaj sənəti ilə məşğul olur.

“10 il bundan əvvəl Azərbaycanda yanacağın qiyməti 50 qəpik idi, biz həmin qonorarı alırdıq. Hansı ki, indi də həmin qonorarı alırıq. İndi isə yanacağın qiyməti 2-3 dəfə artıb. Bizim qonorarımız bu gün də həminki qədər qalıb. Ölkədəki artım dublyaj sahəsində çalışan aktyorlara qətiyyən şamil olunmur. 10 il bundan əvvəl də seriyanın bir bölümü 20 manat idi, indi də.. 10 il bundan əvvəl də bədii film bir aktyor üçün 25-30 manat idi, bu gün də” deyə o bildirib.
Geri qayıt