Əsas Səhifə > Şou-biznes > Müğənnilər toy qiymətlərində endirim edəcəkmi?

Müğənnilər toy qiymətlərində endirim edəcəkmi?


18-01-2016, 08:53
Müğənnilər toy qiymətlərində endirim edəcəkmi?
Ölkədə yaşanan iqtisadi böhran bütün sahələrə olduğu kimi toy biznesinə də ciddi təsir göstərməkdədir. Ən nüfuzlu şadlıq evləri və restoranlar belə müştəri azlığından şikayətlənir, çox az sayda toy sifarişləri aldıqlarını bildirirlər.

Şadlıq evləri boş qaldığı kimi qazancları daha çox toylardan çıxan şou-biznes nümayəndələri də toysuz qalıb. Bəs görəsən sənətçilər vəziyyəti bir qədər yumşaltmaq üçün toy qiymətlərində endirim edəcəkmi?

Müğənni Manaf Ağayev artıq endirimlər etdiyini dedi: “Bundan öncə də dəfələrlə bildirmişəm ki, mən qiymət söhbəti etmirəm. Baxır toyu kim və harda keçirir. Elə adam var ki, onun imkanı yoxdur, onu öldürmək lazım deyil ki. Nəyə gücü çatır onu da verir”. Müğənni yanvar ayında cəmi 3-4 toy sifarişi aldığını bildirib.

Müğənni Təranə Qumral isə sualımıza “Əgər toy yoxdursa nəyə endirim edək” sualı ilə cavab verdi: “Bilirsiz ki, bu an Azərbaycanda böhran vəziyyəti yaşanır. Buna görə də heç toy edən yoxdur. Bir toy olsun ki, endirimlər də edək. Qızıl bahalaşıb, heç kəs oğluna toy edə bilmir, cehiz bahalaşıb heç kəs qızına cehiz verə bilmir. Yanvar ayında ümumiyyətlə, toy sifarişi almamışıq. Fikrimcə, fevralda yəqin ki, vəziyyət yaxşı olar”.

Bəstəkar-müğənni Cabbar Musayev toyların olmadığını, olan qalan toyların isə geri qaytarıldığını deyib: “Bu böhranı təkcə musiqiçilər deyil, bütün xalq yaşayır. Xalq o qədər çaş-baş qalıb ki, yanvar-fevral aylarında olan toyların hamısını geri qaytarıblar. Beləliklə sifariş edilən toyların cəmi 5-10 faizi qalıb. Çünki heç kim bilmir toy edib nə qədər xərc çəkəcək, restoranda hansı qiymətlər olacaq, bilmirlər ki, ümumiyyətlə adam gələcək, ya gəlmiyəcək. Bu vəziyyət stabilləşməsə, nə xalq toy edəcək, nə də musiqiçilər toy tapacaq”.

Cabbar Musayev əvvəlki toy qiymətinə nisbətən endirim etdiyini deyib: “Hər zaman xalqın büdəcəsinə uyğun hərəkət etmişik. Qiymətlərdə əvvəlkinə nisbətən aşağı düşmüşük. Amma hazırda toy yoxdur. Ancaq manat 2-3 manatadək devalvasiya edərsə, artıq əvvəlki qiymətə də gedə bilməyəcəyik. Ümid edirik ki, mart ayında vəziyyət stabilləşəcək. Vəziyyət niyə belə oldu, bu hansısa siyasət küləyidir, ya başqa şeydir, bilmirəm”.

Tanınmış xanəndə Elnarə Abdullayeva isə ölkədə böhran yaşandığından xəbərsiz olduğunu deyib: “Ölkədə, dünyada nə baş verirsə xəbərim yoxdur. Devalvasiyanın isə nə demək olduğunu bilmirəm. Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş geyinəcəm, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir. Ölkədə nə gedir, nə getmir bilmirəm, əsas odur ki, can sağlığı olsun”.
Müğənni toy sifarişlərindən də razılıq edib: “Allah camaatımıza dəyməsin, bu ay toy sifarişlərim olub”.

Müğənni Nazənin isə hazırda xaricdə olduğunu, buna görə suala cavab verə bilmədiyini deyib.

Geri qayıt