22 MİLYARDLIQ BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Tarix: 4-11-2011, 13:28 |
Çap et
YAP-ÇILAR ŞİŞİRTMƏ RƏQƏMLƏRİ ÖYÜRLƏR
Bu gün Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan sənədlərin - “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunur.
Komitələrin birgə iclasını açan Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu gün parlament həyatında, qanun yaradıcılığı prosesində növbəti əhəmiyyətli bir dövr yaşanır.
“Yəni, 2012-ci ilin Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başlanır”.
B.Muradovanın dediyinə görə, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar olub.
“Eyni zamanda dövlət büdcəsnin icrası şəffaf və məqsədyönümlü şəkildə həyata keçirilib. Bu isə növbəti 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımların əksini tapması ilə nəticələnib”.
Daha sonra çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, vaxtilə Azərbaycanın büdcəsi 1 milyard manat təşkil etmədiyi halda, indi 22 milyarda çatıb.
“Bu da heç şübhəsiz ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin bariz nəticəsidir”.
Müzakirələr davam edir.