Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?
Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur?Bu gün, 13:17 |
Azərbaycanda inhisarçılığın yaranmasında və yaşamasında dövlət qurumlarının, ayrı-ayrı nazirlik və idarələrin, nazir və məmur-oliqarxların xüsusi xidməti var. Özü də bu inhisarçılıq təkcə hansısa mal və materialların, məhsulların idxalı, satışı və istehsalında deyil, həm də xidmət sektorunda özünü göstərir. Bu da dövlət qurumlarının keçirdiyi tenderlər və satınalmalardan açıq şəkildə görünür. Məsələn, Azərbaycanda “Caspel” adlı İT xidmətləri üzrə “tender kralı” şirkət var. Hazırda sözügedən şirkətin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Bu şəxs sabiq Vergilər naziri, mərhum Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu şirkət “Caspel Holdiq”ə bağlıdır. “Caspel” yarandığı ilk dövrlərdən – 2005-ci ildən F.Məmmədovun şirkəti kimi tanınıb və əsasən ölkəyə kassa aparatlarının gətirilməsi sahəsindəki inhisarçılığı ilə seçilib. 2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, on milyonlarla manat əldə edən “Caspel”in arxasında F.Məmmədovun durduğuna həmin vaxt heç kim şübhə etmirdi. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini olub. Ancaq şirkət yalnız kassa aparatlarının satışı ilə məhdudlaşmayıb və daha böyük işlərə - dövlət satınalmaları və tenderlərə girişib. “Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar “Caspos”(Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir), “Setclapp”( Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir), Clip TV(İnternet, kabel tv və İP TV xidmətləri təklif edir) və “Telcas” şirkətləridir. Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər. Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb. “Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmətlər göstərib. Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı məlumat tapmaq çətindir. Bundan əvvəl mətbuatda dərc edilən iddialara görə, dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Buna baxmayaraq, mətbuatda dərc edilən materiallardan aydın olur ki, 2010-2021-ci illər aralığında dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır. Rəsmi məlumatlara görə isə 2019-2024-cü ilin aprel ayına qədər şirkət dövlət qurumları ilə ümumi dəyəri 43 milyon 680 min manatdan artıq olan tender müqavilələri imzalayıb. O da qeyd olunur ki, “Caspel” bu müqavilələri külli miqdarda vergi borcu ola-ola imzalayıb ki, bu da qanunvericiliyə ziddir. Məsələnin digər maraqlı tərəfi odur ki, Azərbaycanda çoxsaylı İT şirkətləri və bu sahəyə aid xidmətlər göstərən digər şirkətlər ola-ola əksər qurumların məhz “Caspel”-ə tender qazandırması ilk növbədə İqtisadiyyat Nazirliyini narahat etməlidir. Çünki inhisarçılıq və “kölgəli tenderlər” ilə mübarizə məhz bu nazirliyin əsas vəzifələrindən biri olmalıdır. Lakin nə qədər qəribə görünsə də “Caspel” elə bu nazirliyin özünün tenderlərinin əsas qalibidir. 1 yanvar 2023-cü ildən 2024-cü ilin oktyabr ayına qədər "Caspel" şirkəti İqtisadiyyat Nazirliyinin İT müqavilələrinin 64%-ni (yəni demək olar ki, üçdə ikisini) əldə edib. Bu da ümumilikdə 50 milyon manatın 32 580 000 manatını təşkil edir. Özü də bu, cəmi 1 il 9 ay ərzində olan göstəricidir. Aşağıda verdiyimiz cədvəldən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda "Caspel"-dən başqa İT şirkəti yoxdur. Tenderlərin şəffaf keçirildiyi halda bir şirkətin bu qədər tenderi udması yumşaq desək, inandırıcı görünmür. Ancaq Azərbaycandakı tender və satınalmalar reallıqlarını nəzərə alanda burada qeyri-adi heç nə yoxdur – kim dövlət qurumları ilə “vaxtında dil tapıbsa”, qalib də odur... “AzPolitika.info” Geri qayıt |