«SƏDƏRƏK»DƏ DƏ QİYMƏTLƏRİ QALDIRDILAR
Tarix: 30-11-2011, 15:53 |
Çap et
SAHİBKARLAR ÜSYANA QALXDI: «BİZ DƏ SATDIĞIMIZ MALIN QİYMƏTİN QALDIRACAĞIQ»
DİA.AZ: - Redaksiyamıza elə bu dəqiqələrdə daxil olan məlumatlardan bəlli olur ki, «Sədərək» ticarət mərkəzində çalışan sahibkarlar etiraz aksiyası keçiriblər. Buna səbəb TM rəhbərliyinin yerhaqqını artırmasıdır.
Bu barədə «Dünya» İnformasiya Agentliyini (dia-az.life) məlumatlandıran «Sədərək» çalışanlarından birinin sözlərinə görə, yüzə yaxın sahibkar yerhaqqının - aylıq kirayə qiymətlərinin qaldırılmasına etiraz olaraq TM rəhbərinə müraciət ediblər:
«Qiymətlər bir günün içində 32 manatdan 66 manata qalxıb. Təbii ki, bu şərtlərlə işləmək olmaz. Sahibkarlar da məcbur qalıb satdıqları malın qiymətini qaldıracaq».
Onu da bildirək ki, bir neçə gün əvvəl Tarif Şurası tərəfindən metroda gedişhaqqının qiyməti qaldırıldı. Eyni zamanda Tarif Şurası kommunal xərcləri də bahalaşdırdı.
İndi isə «Sədərək»də qiymətlər qalxır. Sanki hansısa sirli əl qiymətlərin bahalaşmasında və total xarakter almasında maraqlıdır. Təbii ki, bütün bunların yeganə hədəfi olan vətəndaşlar da öz sözünü deyəcək.