YOL POLİSİ JURNALİSTDƏN RÜŞVƏT ALIB
Tarix: 9-01-2012, 10:38 |
Çap et
JURNALİSTİN ÖZÜNÜ TƏQDİM ETMƏSİ DƏ ONU NİYYƏTİNDƏN DAŞINDIRMAYIB
DİA.AZ: - Hakimiyyətin korrupsiya ilə mübarizə adı altında manipulyasiya etdiyi ilk günlərdə Dövlət Yol Polisinin əməkdaşları sanki nümunəvi işçilərə çevrilmişdilər hətta «QAİ» işçilərinə rüşvət verməyə vərdiş etmiş bəzi sürücülər, pul təklif etdikləri zaman rədd cavabı alanda heyrətlərini belə gizlədə bilmirdilər.
Amma bu dönəm müvəqqəti xarakter daşıdı və rüşvət pəhrizi bitdiyindən artıq DYP əməkdaşları yenə də əvvəlki qaydada, rahat-rahat rüşvət toplamaqla məşğuldurlar. Hətta o qədər arxayındırlar ki, qarşılarındakı şəxsin kimliyi belə, onlar üçün önəm daşımır.
Həmkarlarımızdan biri adının çəkilməməsi şərtilə redaksiyamıza bildirdi ki, iki gün əvvəl «AMAY» ticarət mərkəzinin yaxınlığında «10YP379» dövlət nömrə nişanlı maşını ilə hərəkət edən yol polisi onu qanunsuz olaraq saxlayıb:
«Mən qanunları pozmadığımı bildirsəm də, buna məhəl qoymadı. Açıq-aşkar «hörmət eləməyimi» istədi. Mən də jurnalist olduğumu bildirdim. O da qayıdıb dedi ki, başqası olsaydı, 20 manat alacaqdı, jurnalist olduğuma «HÖRMƏT» edib məndən 10 manat aldı».
Hər halda bu xırda faktın özü belə Azərbaycanda korrupsiya ilə mübarizənin konkret bir maraqlar fonunda cərəyan etdiyini tam olaraq təsdiqləməkdədir.