"HƏR ŞEYİN DƏ BİR HƏDDİ VAR"
Tarix: 30-08-2013, 10:29 |
Çap et
İfa etdiyi "Rəqs edir hər kəs" mahnısından sonra daha da populyarlaşan reper Qurd haqqında gəzən şayiələrdən artıq təngə gəlib.
Axşam.az-ın məlumatına görə, reper bu vəziyyətdən narahatlıq keçirdiyini deyib:
"Əvvəllər belə şayiələri normal qəbul edirdim. Düşünürdüm ki, əgər az da olsa tanınırsansa, bundan qaçmaq olmaz. Amma hər şeyin də bir həddi var. Bu yaxınlarda eşitdim ki, mason lojasının üzvü olmağımla bağlı dedi-qodu yayılıb. Haqqımda çox yalan məlumat eşitmişdim, amma daha buna deyiləcək söz belə tapa bilmirəm. Görünür, bu şayiəni yayanların təxəyyülü normadan çox inkişaf edib. Bu kimi əsassız məlumatları yaymaq kimin nəyinə lazımdır axı? Məncə, özlərini gülünc hala salmaqdan əl çəksinlər".
Reper insanların ona olan münasibətinin dəyişmədiyi müddətcə haqqında deyilən yalan, şər və böhtanların önəmsiz olduğunu qeyd edib:
"Əsas məni bəyənən və işimi az da olsa qiymətləndirən insanların mənə olan münasibətidir. Bu günlərdə dj Çinayla birgə ATV kanalında yayımlanan "Pozitiv" verilişinin təşkilatçılığı ilə kiçik konsert proqramı ilə çıxış etdik. Heydər Əliyev parkında baş tutan konsertdən olduqca zövq aldım. Açıq hava konsertlərində tamaşaçı ilə ünsiyyət daha da səmimi olur. Şükürlər olsun ki, özümə qarşı heç bir aqressiya, yaxud mənfi münasibət hiss etmədim. Onlardan yalnız müsbət enerji aldım. Deməli, şayiə yayanların planları baş tutmayıb. Necə deyərlər "Xalqın gözü tərəzidir".