Əsas Səhifə > Ölkə, Manşet > Əbülfəs Qarayevin işçilərinin maliyyə maxinasiyaları...
Əbülfəs Qarayevin işçilərinin maliyyə maxinasiyaları...8-03-2016, 11:35 |
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanovun fəaliyyətində müşahidə olunan bir çox nöqsanlı məqamlara dair şikayətlər öz əksini tapmaqdadır. Bu xüsusda rayondakı mənbələr tərəfindən təqdim edilən açıqlamalarda iddia olunur ki, Elnur Əmiraslanov bu gün Hacıqabulun mədəniyyət ocaqlarının sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Xatırladaq ki, Hacıqabul Rayon Mədəniyyət şöbəsi 1990-cı ildən fəaliyyətə başlamış, 2006-cı ildən isə, rayon Mədəniyyət və Turizm Şöbəsi kimi fəaliyyətinə davam etmişdir. Hazırda şöbənin tabeçiliyində 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu olmaqla 20 klub müəssisəsi, 1 rayon kitabxanası, 6 şəhər və 20 kənd kitabxana filialı olmaqla 27 müstəqil dövlət kitabxanası, 7 illik şəhər Uşaq Musiqi məktəbi, “Pir Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 arxeoloji-tarixi abidə kompleksi fəaliyyət göstərir. Ümumilikdə bu müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə, ümumi orta təhsillidir. Aldığımız açıqlamalarda isə vurğulanır ki, rayon ərazisində fəaliyyət göstərən bütün bu mədəniyyət müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Təbii ki, bu qanunsuz tələblər şöbənin nəzdində fəaliyyət göstərən obyekt və müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına yol açmış olur. Buna görə də hazırda Hacıqabulda fəaliyyət göstərən əksər müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Əlbəttə, əgər Mədəniyyət və Turizm şöbəsinin müdiri həmin müəssisələrin rəhbər vəzifələrinə təyinatları rüşvət müqabilində həyata keçirirsə, bu vəzifələri tutan şəxslərdən də öz vəzifə borclarının vicdanla icrasını tələb etmək çətin olacaq. Daha sonra məlumatlarda bildirilir ki, bölgədə bu sahənin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Elnur Əmiraslanov tərəfindən mənimsənilir. Xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, onların vasitəsilə Elnur Əmiraslanov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bildirilir ki, bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə, heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Həmçinin, eyni ad altında bir neçə dəfə vəsait almaq üçün müraciətlərin edilməsi və ya tenderlərin təşkil olunması da bu qəbildən olan nöqsanlardandır. Lakin nədənsə indiyədək nə rayon rəhbərliyi, nə də ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Yuxarı instansiyaların problemlərə belə yanaşma tərzi isə, bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının artmasına səbəb olur. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |