Əsas Səhifə > Ölkə, Manşet > Gədəbəylə Bakı arasında rabitə nədən qırıqdır?

Gədəbəylə Bakı arasında rabitə nədən qırıqdır?


11-03-2016, 10:24
Gədəbəylə Bakı arasında rabitə nədən qırıqdır?
Artıq dəfələrlə qeyd olunduğu kimi, Gədəbəydə Ramiz Yediyarovun yerli iş adamlarına qarşı həyata keçirdiyi haqsızlıqlarda, sahibkarların təhdid və təqiblərə məruz qoyulmasında icra başçısının ən yaxın yardımçılarından biri də onun birinci müavini Qüdrət Paşayevdir. Maraqlıdır ki, artıq uzun müddətdən bəri Gədəbəy RİH-də müavin vəzifəsini tutan Qüdrət Paşayev hər zaman rayona yeni təyin edilmiş icra başçısl ilə “dost” ola bilir. Hətta, bəzi məqamlarda bu müavinin maraqları icra başçısının maraqları ilə ziddiyyət təşkil etsə belə, onun kifayət qədər yüksək dövlət vəzifəsi tutan qardaşı, general Ədalət Paşayev yarana biləcək hər cür riskli situasiyada Qüdrət Paşayevi “sığortalaya” bilir. Məlum olduğu kimi, Qüdrət Paşayevi hazırda tutduğu vəzifəyə Gədəbəyin keçmiş icra başçısı Kamran Rzazadə təyin etmişdi. Lakin bu təyinadan az bir müddət sonra Kamran Rzazadə onun əməllərdən zara gəlsə də, müavinini işdən azad etmək üçün başçının vaxtı çatmadı. Eyni zamanda da, Ədalət Paşayev hər vəchlə qardaşının işdən çıxarılmasını əngəlləyə bildi.
Amma Ədalət Paşayevin Gədəbəy RİH-nə göstərdiyi himayəsi sadəcə öz qardaşının vəzifədə qaimasını təmin etməklə bitmir. Bu gün icra başçısı Ramiz Yediyarov da bu himayədən yetərincə yararlanmaqdadır. Əldə etdiyimiz dəqiq məlumatlara görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Paşayev bu gün Gədəbəy rayonundan Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktublarının ələ keçirilməsi və ünvana çatmaması baxımından kifayət qədər böyük səylər göstərir və əksər hallarda buna nail olur.

Yeri gəlmişkən, bu barədə açıqlamalar ötən ilin oktyabr ayının 28-də hüquqları pozulmuş gədəbəyli sahibkarların Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində icra başçısı Ramiz Yediyarovdan şikayətlərini bildirmək üçün keçirdikləri mətbuat konfransında da səsləndirilmişdi. “Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət” adı altında keçirdikləri mətbuat konfransında çıxış edən sahibkarlar üzləşdikləri problemlərdən, onlara qarşı tətbiq olunan təqib və təzyiqlərdən söz açaraq, rayon rəhbərliyinə qarşı cidi ittihamlar səsləndirmişdilər: “Ramiz Yedyarov bizə qarşı böyük haqsızlıq edir, obyektlərimizi dağıdır. Mənim 300 min manat dəyərində olan turizm obyektimi yerlə yeksan etdilər. Halbuki əvvəlcədən İcra Hakimiyyətindən tikinti üçün icazə vermişdilər. Obyektimə iki kilometr yol çəkdirmişdim, bütün şəraiti qurmuşdum, amma qanunsuz olaraq dağıdıldı. Məhkəmə qərar çıxardı, mənim xeyrimə cərimə kəsdilər, o cəriməni də ala bilmirəm. Bizim səsimizi eşitmirlər”, “Prezident sahibkarlara böyük imkanlar yaradıb, amma Gədəbəydə bizə imkan vermirlər ki, işləyək. Mağazam Ramiz Yediyarov tərəfindən ağır texnika ilə dağıdılıb. İcra başçısının tapşırığı ilə məni polisə apardılar. Yeddi nəfər mənim üzümə durdu, on beş gün həbs etdirdilər. İcra başçısı elə şərait yaradıb ki, sahibkarlar başqa rayonlarda iş qururlar. Elə bir vəziyyətdə yaşayıram ki, qardaşımın, bacımın xeyir işinə görə rayona gedə bilmirəm. 2004-cü ildən vergi ödəyicisiyəm. Vergilərimi də vaxtlı-vaxtında ödəmişəm. Xahiş edirəm, mənim səsimi yuxarı orqanlara çatdırasınız...” Məhz bu kimi ittihamların irəli sürüldüyü məqamda da Rəşad Səfərov adlı daha bir şikayətçinin söylədikləri konfransa toplaşanlarda xüsusi maraq yaratmış oldu: “Mən özüm Bakıda yaşasam da, Gədəbəydəki doğmalarımın obyektləri uçurdulub, dağıdılıb. Baş verən olaylarla bağlı icra başçısının 1-ci müavini Qüdrət Paşayevə müraciət etmişdik. Həm də ona bildirmişdik ki, hüquqlarımız bərpa olunmasa, Prezident Administrasiyasına müraciət edəcəyik. Qüdrət müəllimin cavabı belə oldu ki, Prezident Administrasiyasında Ədalət Paşayev adlı vəzifə sahibi var və o, mənim lap yaxın adamımdır, gedin hara istəyirsinizsə, ora da şikayətinizi verin”.

Qeyd edək ki, ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz bir neçə dəfə Gədəbəydə hökm sürən məmur özbaşınalıqlarında Qüdrət Paşayevin tutduğu mövqedən bəhs edən bəzi açıqlamalar təqdim etmişdik. Məsələn, bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və o zaman Aqrar islahatlar üzrə müavin işləyən Rüstəm Nağıyev hətta əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar. Açıqlamada bildirilmişdi ki, bu məmurlardan hansısa həmin torpaq sahəsində özünə ev tikdirir. Sürəyya Məmmədovanın isə, heç şikayətlərini də dinləyən olmamışdı. Çarəsiz qalan əlil qadın da düşdüyü vəziyyətlə barışaraq, durumu belə şərh etmişdi: “Mən nə edə bilərəm axı, rayonda Ramiz Yediyarovun qoçuları Qüdrət Paşayev və Rüstəm Nağıyevdir. Mənim torpağımı da onlar zəbt ediblər. Qüdrət Paşayevdən soruşmaq lazımdır ki, bu neçə illər ərzində yığdığı pullar, tikdirdiyi malikanələr ona azlıqmı edir ki, ikinci qrup əlilin torpağını əlindən alır?” Biz Sürəyya xanımla tam razıyıq. Əlbəttə soruşmaq lazımdır. Amma təəssüflər olsun ki, soruşan yoxdur. Və soruşan olmadıqca, bu məmurların da əl-qolları daha geniş açılır, onların haqsızlıqlara məruz qoyduqları vətəndaşların da sayları durmadan artır. Bu gün artıq uzun müddətdir ki, Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarov rayonun idarə olunmasında əksər səlahiyyətləri Qüdrət Paşayevə və Rüstəm Nağıyevə verib. Hər iki müavinin nə işlərlə məşğul olduqları isə, rayon əhalisinə çoxdan bəllidir. Ramiz Yediyarovun səriştəsizliyindən, təşkilatçılıq qabiliyyətinin olmamasından bəhrələnən bu məmurlar çox asanlıqla öz çirkin niyyətlərini həyata keçirməyə nail olurlar. Qüdrət Paşayev icra hakimiyyəti başçısının birinci müavini olmasiyla yanaşı həm də Gədəbəy rayon fövqəladə hallar komissiyasının sədridir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, Gədəbəy rayonu dağlıq rayonu olduğundan burada təbii fəlakətlər demək olar ki, tez-tez baş verir. Və həmin təbii fəlakətləri araşdıran komissiyanin sədri Qüdrət Paşayev təbii fəlakət nəticəsində insanlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi üçün ayrılan pulları ziyan dəymiş əhaliyə heç vaxt verməmiş və mənimsəyərək özünün şəxsi maraqları üçün istıfadə etmişdir.
Maraqlıdır ki, bu gün Qüdrət Paşayev rəsmi iclaslarda hökümətə və dövlətə bağlı olduğundan ağızdolusu danışmağı da çox sevir. Halbuki, bizdə olan məlumatlara görə bu məmur bir vaxtlar Gədəbəydə hökumət əleyhinə təbliğat kampaniyalarının fəal iştirakçılarından və hətta təşkilatçılarından olub. Məhz bu fəaliyyəti qarşılığında da, Qüdrət Paşayev həmin dövrdə Milli İstiqlal Partiyasının Gədəbəy Rayon Təşkilatının ilk sədri seçilmişdi.
Amma bütün bunlarla yanaşı, son vaxtlar Gədəbəy RİH-nin başçısının I müavini də rayonda artıq çox az-az gözə dəyir. İcra Hakimiyyətinə gələrək, onun qəbuluna düşmək istəyən vətəndaşlara hər dəfə deyilir ki, Qüdrət müəllim Bakıdadır. Bəs görəsən, I müavinin paytaxta bu bağlılığı nə ilə izah oluna bilər? Məsələ bundadır ki, Qüdrət Paşayev son vaxtlar həqiqətən də hər həftənin bir neçə gününü Bakıda keçirməli olur. Səbəb isə, onun məhkəmə araşdırmalarına cəlb olunmasıdır. Düzdür, bu araşdırmalar əslində Qüdrət Paşayevin özünün məhkəməyə müraciəti əsasında başlanılıb. Amma başçının müavini istədiyi nəticələri əldə edə bilmədikcə, proseslərin də uzanmasına şərait yaradır. Hətta iş o yerə gəlib çıxıb ki, Qüdrət Paşayev, hakimləri onun maraqlarına uyğun qərar verilməyəcəyi təqdirdə, beynəlxalq məhkəməyə şikayət etməklə də hədələməkdən çəkinmir...

Geri qayıt