Əsas Səhifə > Ölkə, Manşet > Əhmədzadənin adamı əgər bu qədər zəngindirsə...

Əhmədzadənin adamı əgər bu qədər zəngindirsə...


11-06-2016, 11:17
Əhmədzadənin adamı əgər bu qədər zəngindirsə...
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin suvarma sistemləri və mexaniki suvarma idarələri magistral kanallardan, eləcə də digər su mənbələrindən qəbul edilən suyun Sudan İstifadəedənlər Birliklərinə verilməsini həyata keçirir. Respublikada mövcud 1319 min hektar suvarılan sahədə yerləşən suvarma sistemlərini, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dağ çaylarında sel və daşqınlara qarşı yaradılmış mühafizə bəndlərinin istismarı, təmiri-təmizlənməsi ilə məşğul olur. Respublikanın 50 rayonunda 53 suvarma sistemləri və mexaniki suvarma idarələri var. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, mexaniki suvarma idarələrinin bir çoxunun fəaliyyəti bir o qədər də qənaətbəxş deyil. Əldə etdiyimiz məlumatlara görə, Sabirabad rayon Mexaniki Suvarma İdarəsində mövcud olan problemlər əkin sahələrinin istənilən səviyyədə suvarma suyu ilə təmin olunmasına imkan vermir: «Bildiyiniz kimi, Sabirabad rayonu aran zonasında yerləşir. Buranın özünəməxsus iqlimi var. Qışı çox sərt keçməsə də, yayının istisinə, necə deyərlər, söz ola bilməz. Həmişə torpaqla “ünsiyyətdə” olan, ruzisini torpaqdan çıxaran sabirabadlılar işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar. Bircə nigarançılıqları əkdikləri sahələrin vaxtında suvarılması sarıdandır. Əfsuslar olsun ki, bu məsələdə Sabirabad Mexaniki Suvarma İdarəsinin rəhbərliyi üzərinə düşən işi layiqincə icra edə bilmir. Mirəlif Əzizovun rəhbərlik etdiyi idarənin əsas fəaliyyəti əkin sahələrini və kənd əhalisinin torpaqlarını suvarma suyu ilə təmin etməkdir. Amma 500-ə yaxın işçisi olan idarə bu işi görə bilmir. İdarənin balansında olan 60 nasosun demək olar ki, yarısı nasaz vəziyyətdədir. İdarənin xidmət etdiyi 36712 hektar ərazidə vəziyyət olduqca acınacaqlıdır. İllik sudan istifadəyə görə yığılan pulun hansı işlərə sərf edildiyi bilinmir. Bundan başqa, Mirəlif Əzizov Azərbaycan qanunlarını heçə sayaraq özbaşına olaraq hər hektara görə suvarma suyunun pulunu bir neçə dəfə qaldırıb. Hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10 manat tələb edən idarə rəisi həmçinin su pulunu fermerlərdən əvvəlcədən tələb edir. Bostan əkilən sahələrdən isə əkinçilərdən hər hektara görə 30 manat tələb edilir. Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur». Xatırladaq ki, təqaüddə olan polis polkovniki, Qarabağ əlili Fərzəli Mehbalıyev bir müddət əvvəl mətbuata müraciət edərək idarə rəisinin özbaşınalığından şikayətlənib: «Mirəlif Əzizov mənim 100 hektardan artıq pambıq və taxıl sahəmi yandırıb. Onun özbaşınalığı səbəbindən hektarlarla əkin sahəsi sıradan çıxıb. Buna görə isə heç kim məsuliyyət daşımır. Əksinə rəis heç kəsi saymayaraq bildirir ki, gedin dərdinizi hara deyirsinizsə, deyin. Mən lazım olan yerlərin pulunu-payını çatdırıram. Qanuna əsasən kəndli və fermer təsərrüfatları istifadə etdikləri suyun ancaq üçdə bir hissəsini əvvəlcədən verməli, üçdə iki hissəsini isə məhsul toplandıqdan sonra, yəni payızda banka köçürməlidirlər. Amma Tarif Şurasının vəzifələrini öz üzərinə alaraq suyun qiymətini bir neçə dəfə artıran idarə rəhbəri üstəlik bank işlərini də öz üzərinə götürüb». Mirəlif Əzizovun həyat tərzinə baxdıqda toplanan pulların hara sərf olunduğu açıqca görünür. Deyilənə görə, neçə illərdir bu vəzifədə işləyən Əzizov milyonlara sahib çıxmağı bacarıb: «Məmurun oğlu qiyməti 100 min manatdan baha olan maşın sürür. İdarə rəisinin oğlu maşının təkcə nömrəsini 10 min manata aldığını deyir. Heç yerdə işləməyən və işi gücü «BMW» ilə avtoşluq etmək olan rəisin oğlundan və atasından heç kim soruşmur ki, sən bu maşını hansı pulla almısan? Ən azından Bakıda yarım milyonluq villası və bir neçə evi olan Mirəlif Əzizov və oğlu gəlirlərini açıqlamalıdırlar ki, xalq da onların hansı pulla və hansı sərvətlə belə bir cah-cəlala sahib olduqlarını bilsin». Başqa bir məlumata görə, Mirəlif Əzizov Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun bacanağıdır. Digər tərəfdən, idarə rəisinin ASC rəhbərliyində təmsil olunan şəxslərdən biri ilə yaxın münasibətə malik olduğu bildirilir. Bu barədə növbəti yazılarda ətraflı söhbət açacağıq. Sonda cəmiyyətin sədri Əhməd Əhmədzadədən xahiş edirik ki, Sabirabad Mexaniki Suvarma İdarəsinin fəaliyyətini yoxlatdırsın. Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt