Əsas Səhifə > Ölkə, Manşet > Beynəlxalq Dəniz Ticarət Limanında intihara cəhdin ŞOK SİRRİ
Beynəlxalq Dəniz Ticarət Limanında intihara cəhdin ŞOK SİRRİ14-06-2016, 10:15 |
Hələ bu ilin əvvəllərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət etmişdilər. Müraciətdə QSC-nin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunmuş, cəmiyyətin sədri Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlardan dolayı yaranan şikayətlər öz əksini tapmışdı. Müraciətində deyilirdi ki, son bir ildə işçilərin normal əmək şəraitində çalışmalarına maneçilik törədilir. Xüsusi olaraq vurğulanırdı ki, məhz Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə müəssisənin fəaliyyətində neqativ hallar sürətlə artmağa başlayıb. Belə ki, təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən limanın işçi kollektivi ilə qeyri-normal rəftara yol veriblər. Əsassız ixtisarlar, iş yerləri ilə spekulyasiyalara başlanılıb. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Həmçinin uzun illərin təcrübəli mütəxəssislərindən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə, yeni rəhbərlik tərəfindən Liman Həmkarlar İttifaqı Komitəsi də ləğv edildi. Müraciətdə həmçinin deyilirdi: “Bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək, işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı, əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Dekor-mexanizatorların əmək haqqları günbəgün azaldılır. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq, bizə yalnız 6 saat üçün pul ödəyirlər. Rəhbərlik maliyyə çatışmazlığı və qənaətdən danışmasına rəğmən, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər...” Etiraf edək ki, bu müraciətin mətni ilə tanış olan zaman Dəniz Ticarət Limanında vəziyyətin son dərəcə gərgin olduğunu və bu gərginliyin getdikcə daha da artdığını hiss etməmək olmurdu. Bəlkə də məhz elə bu səbəbdən, limanda yeni baş vermiş bir faciə barədə bu günlərdə aldığımız məlumat bizi qətiyyən təəccübləndirmədi. Belə ki, aldığımız məlumata görə, QSC-nin fəaliyyətində müşahidə olunan çoxsaylı maxinasiya və saxtalaşdırmalar artıq Limanda ciddi fəsadlara yol açmaqdadır. Hətta, baş verənlərə yuxarı instansiyaların diqqətini cəlb etmək üçün, QSC-nin bəzi əməkdaşları öz etirazlarını ən kəskin, radikal formalarda nümayiş etdirməli olurlar. Bu xüsusda bizimdovr.az-a daxil olmuş növbəti məlumatlardan birində deyilir: “Bu faciəvi hadisə 07.06.2016-cı il tarixində, səhər saat 10:00 radələrində, limanın ərazisində hamının gözü qarşısında baş verib. Limanın Nəqliyyat sahə rəisi Fəxrəddin Səmədovla, Təchizat və Nəqliyyat şöbəsinin rəisi Rövşən müəllim arasında kəskin mübahisə yarandı. Sonradan öyrəndik ki, buna səbəb vəzifəcə daha böyük olan Rövşən müəllim, sahə rəisindən hansısa özü olmayan avtomobil və digər malların saxtalaşdırılmış qəbul aktına imza atmasını tələb edib. Fəxrəddin Səmədov əvvəlcə buna sadəcə olaraq etirazını bildirib. Lakin sonradan, Rövşən müəllimin təkid etdiyini və əl çəkmədiyini görüncə, sahə rəisi üzərinə benzin tökərək, intihara cəhd etmişdir. Xoşbəxtlikdən, hadisə yerinə daha yaxın olan sürücü Zakir və çilingər İsmayıl Fəxrəddin Səmədovun üzərindəki alovu söndürməyə nail ola biliblər. Bundan sonra zərərçəkmiş bədəninin təxminən 30%-i ağır yanıq xəsarətilə 1 saylı Şəhər Kliniki Xəsatəxanasına (keçmiş “Semaşko”) çatdırılmışdır. Hadisə yerinə prokurorluq orqanlarının əməkdaşları gəlmişlər...” Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |