Əsas Səhifə > Ölkə, Manşet > Şabranda fermerlər "su" deyib nalə çəkir...
Şabranda fermerlər "su" deyib nalə çəkir...6-07-2016, 09:59 |
Artıq neçə müddətdir ki, Şabran Suvarma Sistemləri İdarəsinin yarıtmaz fəaliyyəti yerli fermerlərin işində ciddi problemlər yaradır. Bu barədə bizimdovr.az-a daxil olan məlumatlarda xəbər verilir. Qeyd etməliyik ki, bu idarənin fəaliyyətində yer almış neqativ hallar barədə ötən saylarımızda müvafiq tənqidi materialla çıxış etmişdik. Həmin yazıda da qeyd olunmuşdu ki, bu gün bir çox digər regionlarda oldiğu kimi, Şabran rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Rayon iqtisadiyyatının əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu idarənin rəisi Adil Şamilovun öz fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi iddia olunur. Bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Buna görə də, hazırda rayonda 17000 hektardan artıq suvarılan ərazilərə xidmət etməli olan Şabran Suvarma Sistemləri İdarəsinin resurs və imkanları heç zaman tam səfərbər vəziyyətdə olmur. Bu durumun əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Adil Şamilovun və baş mühəndis Xalid Məmmədovun üzərindədir. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, 70-dən artıq əməkdaşı olan bu idarənin işçiləri mütəmadi olaraq yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bundan başqa daxil olan məlumatlarda bildirilir ki, Şabran Suvarma Sistemləri İdarəsinin balansında olan 15-dən artıq texnika, o cümlədən traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, baş mühəndis Xalid Məmmədov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya üçün gündə 100-150 manat icarə haqqı alır. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil müəssisə rəhbərlərinin ciblərinə daxil olur. İddialara görə, Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğramaqdadır. Bu isə yerli sakinlərin işlərinə və ümumilikdə rayonun iqtisadi göstəricilərinə olduqca mənfi təsir göstərir. Buna görə də rayonun kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərinin, yerli fermerlərin fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda Şabranda bu göstəricilər daha da aşağı düşəcək. Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik. Geri qayıt |