Əsas Səhifə > Ölkə, Manşet > Qobustanda maxinasiyalar...
Qobustanda maxinasiyalar...15-07-2016, 09:58 |
Redaksiyamıza daxil olan məlumatlarda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayonunda yerləşən regional nümayəndəliyinin fəaliyyətinə dair ciddi iradlar yenidən öz əksini tapmaqdadır. Məlum olduğu kimi, bu gün “Aqrolizinq” ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Məhz bütün bu vəzifələrin effektiv şəkildə həyata keçirilməsi üçün ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Lakin bizimdovr.az-a daxil olan açıqlamalarda bildirilir ki, ASC-nin struktur bölmələrindən biri olan Qobustan regional nümayəndəliyinin yarıtmaz fəaliyyətiyerli fermerləri çətin vəziyyətdə qoyur. Xatırladaq ki, “Bizim Dövr”ün ötən saylarında “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun qeyri-qənaətbəxş fəaliyyətindən bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız həmin yazılarda biz qeyd etmişdik ki, nümayəndəliyin rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Mənbələrin iddialarına görə, Həsənağa Hüseynov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır.Vurğulanır ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Bu vəziyyət isə təbii ki, kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin təminatına yönəldilmiş dövlət tədbirlərinin reallaşmasını əngəlləyən amillərin yaranmasına gətirib çıxarır. Həmçinin bir çox digər istiqamətlərdə də filialın fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Qeyd olunur ki, nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə, həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təchizat xüsusundadır. İddialara görə, xüsusilə gübrə məhsullarının “qara bazara” çıxarılması məqsədilə fermerlər tərəfindən bu məhsulların alınması məqsədyönlü şəkildə əngəllənir. Bundan sonra isə Həsənağa Hüseynov bəzi yerli işbazlarla korrupsiya əlaqələrinə girərək, “qənaət olunmuş” azot gübrəsini onlara baha qiymətə satır. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə etmək məcburiyyətində qalırlar... Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq Geri qayıt |